AFFA: Media Komitəsinin gələcək fəaliyyəti İcraiyyə Komitəsinin qərarından asılı olacaq

AFFA: Media Komitəsinin gələcək fəaliyyəti İcraiyyə Komitəsinin qərarından asılı olacaq Elxan Məmmədov: "Məşqçilər Komitəsini Media Komitəsi ilə necə müqayisə etmək olar?"
Futbol
17 Yanvar , 2018 15:39
AFFA: Media Komitəsinin gələcək fəaliyyəti İcraiyyə Komitəsinin qərarından asılı olacaq

Bakı. 17 yanvar. REPORT.AZ/ AFFA yanında Media Komitəsinin gələcək taleyinə milli assosiasiyanın baş katibi Elxan Məmmədov aydınlıq gətirib.

Baş katib “Report”a açıqlamasında bildirib ki, AFFA İcraiyyə Komitəsinə (İK) təqdim olunması üçün Media Komitəsinin fəaliyyətinə dair illik hesabat hazırlanır. Onun sözlərinə görə, komitənin fəaliyyətini davam etdirib-etdirməməsi İK-nın qərarından asılı olacaq: “İcraiyyə Komitəsi təsdiqləsə, Media Komitəsi fəaliyyətini davam etdirəcək. Təsdiqləməsə, davam etdirməyəcək. İK "formatı dəyişdirilsin" desə, dəyişdiriləcək. Nə qərar veriləcəksə, katiblik də ona uyğun icra edəcək. Unutmayaq ki, maliyyə ili dekabrdan-dekabradəkdir".

Baş katib Media Komitəsinin illik büdcəni aşdığına dair söz-söhbətlərə də reaksiya verib: "Media Komitəsinin öz büdcəsi var. Büdcə çərçivəsində görülən və büdcədənkənar işlər olur. Büdcədən kənara çıxmaların olub-olmadığını bilmək üçün isə baxmaq lazımdır: Büdcəni keçiblərsə, daha layihələr olmayacaq. Əks halda, yeni layihələr olacaq. Büdcəni aşıb-aşmadıqlarını indidən deyə bilmərəm. Bundan ötrü AFFA-nın baş mühasibi Xalid Cavadovdan arayış almalıyam. Hələlik almamışam. Alsam, ilk növbədə, mətbuata deyil, əvvəlcə Media Komitəsinə, sonra isə İK-ya bildirəcəyik. Yanvar – mart ayları üçün yeni layihənin olub-olmayacağını isə Media Komitəsinin sədri Mahir Rüstəmli açıqlaya bilər”.

Baş katib deyib ki, Media Komitəsinin fəaliyyəti daha çox sosial yönümlüdür: “Bu komitə yaradılanda və İcraiyyə Komitəsi büdcəni təsdiqləyəndə biz bunu dəstək və yardım üçün etmək istəmişdik. Təşəbbüs bundan ibarət idi. Peşəkarlığı, idman, xüsusən futbol mətbuatına marağı artırmaq niyyətində idik. Əlavə olaraq, Media Komitəsi digər federasiyalarla da işləyərək ayrıca fəaliyyət göstərməli idi. Biz bu işdə bir təkan olmalı idik”.

E.Məmmədov Media Komitəsi ilə yanaşı, Məşqçilər Komitəsinin də fəaliyyətini dayandıracağı barədə iddialara isə belə münasibət bildirib: “Məşqçilər Komitəsi tam ayrı fəaliyyəti nəzərdə tutur. Birincisi, bu komitənin sədri Vaqif Sadıqov İcraiyyə Komitəsinin üzvüdür. Yəni rəhbərlik etdiyi komitə ilə bağlı sualı ona ünvanlasanız, daha yaxşı olar. Bəzi jurnalistlər və bloqqerlər hər şey yaza bilərlər. Amma bu, o demək deyil ki, belə məsələlər gündəmdədir. Ümumiyyətlə, komitələrin fəaliyyəti tamamilə fərqlidir. Axı, Məşqçilər Komitəsini Media Komitəsi ilə necə müqayisə etmək olar? Onların bir-birindən tamamilə fərqli fəaliyyətləri var. Sayları da, büdcələri də, məqsədləri də tam fərqlidir. Ona görə də işin içində olmayanlar belə mövzuda yazı yaza bilərlər. Onda gəlin, İntizam Komitəsini də, Apellyasiya Komitəsini də, Apellyasiya Arbitraj Tribunalını da, bir sözlə, bütün komitələri müzakirə edək. Düzü, bu, gülməli görünür”.

Qeyd edək ki, AFFA yanında Media Komitəsi 2016-cı il fevralın 19-da yaradılıb.

Son xəbərlər

Orphus sistemi