AFFA Klublar Komitəsinin sədri: "Biz də legioner limitinin dəyişməsini istərdik" - MÜSAHİBƏ

AFFA Klublar Komitəsinin sədri: "Biz də legioner limitinin dəyişməsini istərdik" - MÜSAHİBƏ "Digər tərəfdən də dəyişilsə, azərbaycanlı futbolçular kənarda qala bilər"
Futbol
19 Avqust , 2016 14:04
AFFA Klublar Komitəsinin sədri: Biz də legioner limitinin dəyişməsini istərdik - MÜSAHİBƏ

Bakı. 19 avqust. REPORT.AZ/ AZAL klubunun vitse-prezidenti və AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov Komitənin bu gün keçirilən növbəti iclasından sonra müzakirə olunmuş məsələlər barədə jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir.

- İclasda nələr müzakirə olundu?

- İki aya yaxındır Klublar Komitəsi yığışmırdı. Bu da yay tətili və çempionatın başa çatması ilə əlaqədar idi. Bu gün gündəlikdə olan məsələr elə də çox deyildi. Əsas məqsəd bir araya gəlmək idi. Bu gün "CBC Sport" telekanalının baş direktoru Volkan Üstü də iclasa dəvət etmişdik. Onunla yayım barəsində söhbət etdik. Oyunların yayımı və işin maliyyə tərəflərini müzakirə etdik. Volkan Üst bütün suallarımıza cavab verdi. Yaxın günlərdə klublarla "CBC Sport" arasında görüş keçiriləcək. Görüşdə yayımla bağlı bütün məsələlərə aydınlıq gələcək. Digər məsələ futbolçulara tibbi nəzarətlə bağlı idi. Milli komandaların baş həkimi Vyaçeslav Xomenkonu iclasa dəvət etmişdik. Bir neçə gün öncə "Zaqatala" klubunda bədbəxt hadisə yaşanıb. Bununla bağlı müzakirələr getdi. Xaricdən futbolçu gəldiyi zaman onu təyyarədən düşən kimi məşqə buraxmaq olmaz. İlk növbədə futbolçu tibbi müayinədən keçməlidir. Klubların baş həkimləri ilə bu mövzuda seminarların keçirilməsi nəzərdə tutulub. Komissiya yaradılacaq və bütün klubların tibb mərkəzi yoxlanılacaq. Onların hansı şəraitdə işlədiyi və necə müayinə apardıqları araşdırılacaq. Üçüncü məsələ isə danışılmış oyunlarla bağlı idi. Bu məsələ AFFA İcraiyyə Komitəsində müzakirə olunacaq.

- Danışılmış oyun aşkarlanıb ki, bununla bağlı görüş olacaq? 

- Xeyr, belə bir hal aşkarlanmayıb. Üstəlik, hələlik bizdən heç nə tələb olunmur. İcraiyyə Komitəsində nə qərar verilsə, biz də ona əməl edəcəyik.

- "Qarabağ" və "Qəbələ" avrokuboklarda legionerlərin sayının çox olması səbəbindən uğur qazanır. Hətta "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk da ölkə çempionatında legioner limiti ilə bağlı etirazlarını bildirib. Ümumiyyətlə, Klublar Komitəsi olaraq legioner limitinin ləğvinin tərəfdarısınızmı? 

- "Qəbələ" hazırda Avropa Liqasında oynayır və xeyli sayda legioner futbolçusu var. Bu səbəbdən onlar üçün legioner limiti gündəmdədir. "Qəbələ" üçün avrokuboklarda bir, ölkə çempionatında digər heyətlə çıxış etmək çox çətindir. "Sumqayıt"la oyun da bu səbəbdən təxirə salındı. Çünki komanda eyni heyətlə avrokuboklarda cavab oyununa hazırlaşır. İcraiyyə Komitəsi 6+5 limiti qəbul edib. Ancaq məsələ gündəmə gəlsə, biz də limitin dəyişməsini istərdik. Digər tərəfdən də dəyişilsə, azərbaycanlı futbolçular kənarda qala bilər. Məsələn, AZAL yerli futbolçulara üstünlük verir. Ancaq "Qəbələ", "Qarabağ", "İnter", "Neftçi" kimi klublarda bu məsələ daha önəmlidir.

- Ötən mövsüm "CBC Sport"un klublara pul ödəyəcəyi deyilsə də, ictimaiyyətə bununla bağlı yekun cavab verilmədi. Hər bir klub həmin 70 min manatı ala bilibmi və cari mövsümdə bu sistem necə olacaq?

- Ötən mövsüm bu hal ilk dəfə olub. Məbləği kimin və necə ödəyəcəyi bəll deyildi. Bütün klublar AFFA-ya məktub yazıb həmin pulun Peşəkar Futbol Liqasına (PFL) olan borcun bağlanmasına yönəldilməsinə razılığını bildirdi. Volkan bəylə bu məsələni də müzakirə etmişik.

- Dediklərinizdən üçtərəfli barterin razılaşdırıldığı aydın olur. Bəs məbləğin digər hissəsi klublara ödənilib? 

- Digər klubların nə qədər borcu olduğunu bilmirəm. Ancaq AZAL klubunun təxminən 110 min manat borcu var idi. 70 mini "CBC Sport" PFL-ə ödədi, məbləğin qalan hissəsini isə klub olaraq həll etdik. Bəzi klublar oldu ki, onların borcu tam bağlanmadı. Ancaq borcu 70 mindən az olan klubların necə ödədiyindən xəbərsizəm.

- Futbolçunun təyyarədən düşən kimi məşqə çıxmamalı olduğunu qeyd etdiniz. Bu məsələdə klub rəhbərliyinin səhlənkarlığı olub. Nəyə görə I Divizion klublarının nümayəndələrini bununla bağlı müzakirələrə çağırmırsınız? Hətta bəzi komandalarda həkim belə yoxdur. Bu, çox biabırçı vəziyyətdir. Çünki həmin komandalar gələcəkdə Premyer Liqada iştirak edə bilər...

- Sizinlə razıyam. Divizionda vəziyyət həqiqətən də acınacaqlıdır. Burada klubların bəziləri AFFA və yerli icra hakimiyyətləri tərəfindən maliyyələşdirilir. Komandaların büdcəsi olmalıdır. Həmin komandaları diviziona da buraxmaq lazım deyil. O ki qaldı komandalarda həkim olmamasına, belə bir şeyin olduğuna inanmıram.

Son xəbərlər

Orphus sistemi