Yuxarı

​AFFA Kamerun yığması ilə yoldaşlıq görüşündən imtina edb

Baş katib məsələnin maddi tərəfi haqda heç bir söhbətin olmadığını vurğulayıb

Bakı. 5 mart. REPORT.AZ/ AFFA Kamerun yığmasının Bakıya gələrək Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirmək təklifini qəbul etməyib. Bu barədə "Report"a federasiyanın baş katibi Elxan Məmmədov bildirib.

E.Məmmədov imtinanın səbəbinin oyun günü ilə bağlı olduğunu söyləyib. Onun sözlərinə görə, Kamerun millisi Malta ilə oyundan ya 2 gün öncə, ya da 2 gün sonra görüş keçirməyi təklif edib: "Malta ilə oyundan sonra mümkün deyil. Bizdə dərhal ölkə çempionatı başlayır. Bu səbəbdən Premyer Liqanın oyunlarına mane olmaq istəmədik. Oyundan əvvəl də düzgün olmazdı. Çünki komanda rəsmi matça hazırlaşır və daha əhəmiyyətli oyuna çıxacaq ki, bu da ilin ilk rəsmi oyunudur".

Baş katib məsələnin maddi tərəfi haqda heç bir söhbətin olmadığını vurğulayıb: "Bizə müraciət gəldi və ilk mərhələdən mənfi cavablandırdıq. Təbii ki, belə hallarda Kamerunun Bakıda qalması və bütün xərclər bizə aid olacaqdı. Bildiyim qədər Kamerun Türkiyədə təlim-məşq toplanışında olmalı və ora yaxın bir ölkə ilə yoldaşlıq oyunu keçirmək istəyirdi".

Qeyd edək ki, Azərbaycan-Malta görüşü martın 28-də keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi