AFFA “InStat” şirkəti ilə müqavilə bağlayıb

AFFA “InStat” şirkəti ilə müqavilə bağlayıb 2 illik anlaşmanın dəyəri 80 min avrodur
Futbol
1 May , 2018 12:54
AFFA “InStat” şirkəti ilə müqavilə bağlayıb

Bakı. 1 may. REPORT.AZ/ AFFA “InStat” şirkəti ilə müqavilə bağlayıb.

“Report” xəbər verir ki, bu barədə milli assosiasiyanın baş katibi Elxan Məmmədov Klublar Komitəsinin icasından sonra keçirdiyi brifinqdə bildirib. 

O deyib ki, şirkətin təqdim etdiyi statistik məlumatlar üçün illik 80 min avro ödəniləcək. Müqavilənin müddəti isə 2 il olacaq. 

E.Məmmədov mərkəzləşdirilmiş müqaviləyə səbəb olan məqamları açıqlayıb: “Hazırda hər bir klubumuz fərdi qaydada birbaşa statistika məlumatları alır, bunun qarşılığında vəsait xərcləyir. Biz də Klublar Komitəsinin müraciətinə baxaraq, mərkəzləşdirilmiş sistemdə "InStat" şirkəti ilə danışıqlar apardıq. Nəticədə ümumi olaraq, ildə 80 min avroluq müqavilə imzaladıq. Artıq "InStat" şirkəti bütün klublara məlumatları birbaşa göndərəcək. Nəticədə əlavə xərcə ehtiyac olmayacaq. Bu sistem mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərəcək. Ümumi olaraq, hesabladıq ki, hər bir klubumuz buna ildə 12 - 14 min avro vəsait xərcləyir. Bu statistik, fitnes və skaut sisteminin məlumatlarını əldə etmək üçündür. Mərkəzləşdirilmiş danışıqlar apardıqdan sonra biz daha yaxşı təklif ala bidik. Çünki 80 min avroya bütün milli komandalar da daxil oldu və ən əsası, məşqçilərimiz Gənclər Liqasının bütün statistik məlumatları ilə təmin olunacaqlar. Düşünürəm ki, bu, Çempionlar Liqası, UEFA Gənclər Liqasında iştirak edən klubların və ümumiyyətlə, bütün komandaların baş məşqçiləri üçün vacibdir”.

Baş katib “InStat” şirkətinin təqdim etdiyi məhsulların təmənnasız olaraq klublara təqdim ediləcəyini söyləyib: “Düşündük ki, ilk növbədə, mərkəzləşdirilmiş sistemdə danışıqlar aparanda qənaət edə bilərik və etdik də. Hazırda 8 klubumuz, Gənclər Liqasında çıxış edən komandalar, bütün millilər bu sistemə daxildir. 2 illik müqavilə ötən həftədən qüvvəyə mindi. Müraciət bizə Klublar Komitəsindən gəldi. Müzakirələrdən sonra qərara gəldik ki, bu addımı ataq”.

Son xəbərlər

Orphus sistemi