Yuxarı

AFFA İntizam Komitəsi növbəti cəzalarını açıqlayıb

Hakimləri təhqir edən klub rəsmisi 5 oyunluq diskvalifikasiya edilib

Bakı. 8 dekabr. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, toplantıda əvvəlcə Azərbaycan Kubokunun 1/8 finalında baş verənlərə hüquqi qiymət verilib. 

"Kəpəz"lə matçda 5 futbolçusu sarı vərəqə aldığı üçün “Xəzər Lənkəran” 1000 manat cərimələnib. “Zirə” ilə qarşılaşmanın 60-cı dəqiqəsində AZAL klubunun futbolçusu Emin Cəfərquliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən, Cəfərquliyev 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub. 

“Rəvan”la görüş başa çatdıqdan sonra “Bakı” klubunun rəsmisi Vüqar Əliyev FİFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadasını təhqir edib. Bu, Əliyevə 5 oyunluq cəza, klubuna isə 500 manat cərimə bahasına başa gəlib. “Mil-Muğan”la matçın 68-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Nəticədə o, 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. 

Topaz Premyer Liqasının XV turunun oyunlarına gəldikdə, “Zirə” ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Neftçi”, AZAL-la görüşdə "Rəvan", “Sumqayıt” – "Kəpəz" matçında isə hər 2 klub eyni səbəbdən hərəyə 1000 manat cərimələnib. Üstəlik, "Sumqayıt" "Kəpəz"lə görüşün başa çatmasından sonra azarkeşlərinin meydana kənar əşyalar atması səbəbindən 2000 manat ziyana düşüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi