AFFA İntizam Komitəsi klubları, futbolçuları və iki baş məşqçini cəzalandırıb

AFFA İntizam Komitəsi klubları, futbolçuları və iki baş məşqçini cəzalandırıb Ayxan Abbasov yalnız sonuncu turda texniki zonada yer ala biləcək
Futbol
17 Aprel , 2018 14:31
AFFA İntizam Komitəsi klubları, futbolçuları və iki baş məşqçini cəzalandırıb

Bakı. 17 aprel. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

"Report"un məlumatına görə, toplantıda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşləri və Premyer Liqanın XXIII turunda baş vermiş hüquq pozuntuları ilə bağlı qərarlar qəbul olunub. 

Ölkə kubokunda “Neftçi” ilə matçının 68-ci dəqiqəsində “Qəbələ”, 71-ci dəqiqədə "Neftçi" azarkeşləri pirotexniki vasitələrdən yararlanıb. Bu səbəbdən, hər iki klub 800 manat cərimələnib. 

“Keşlə” – “Sumqayıt” oyununun 80-ci dəqiqəsində qonaq komandanın baş məşqçisi Samir Abasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya, klubu 800 manat cəriməyə məruz qalıb.

Premyer Liqada isə “Sumqayıt”la görüşün 81-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Səbail”lə qarşılaşmada “Qəbələ” 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 800 manat ziyana düşüb. Eyni hal “Qarabağ”la qarşılaşmada yaşandığı üçün “Kəpəz”ə analoji cərimə tətbiq edilib. 

37-ci dəqiqədə isə azarkeşləri meydana kənar əşyalar atdığı üçün "Kəpəz" daha 1600 manat cərimələnib. 

“Zirə” ilə qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması səbəbindən “Neftçi”yə 800 manat cərimə kəsilib. 51-ci dəqiqədə "Zirə"nin legioneri Yani Urdinov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. 

85-ci dəqiqədə isə “Zirə”nin baş məşqçisi Ayxan Abbasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub. Digər tərəfdən, İntizam Komitəsinin 21 fevral tarixli qərarına əsasən, Abbasova verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilmiş və ona 6 ay sınaq müddəti verilmişdi. Sınaq müddəti ərzində baş məşqçi yenidən cəzalandığına görə sanksiyanın növbəti hissəsi qüvvəyə minib. Beləliklə, "Zirə"nin baş məşqçisi Premyer Liqanın yalnız son turunda "Sumqayıt"la səfər oyununda texniki zonada yer ala biləcək.

Son xəbərlər

Orphus sistemi