AFFA İcraiyyə Komitəsinin üzvü: "Kəpəz" Premyer Liqada qala bilər" - MÜSAHİBƏ

AFFA İcraiyyə Komitəsinin üzvü: "Kəpəz" Premyer Liqada qala bilər" - MÜSAHİBƏ İsgəndər Cavadov: "Komandanın I Diviziona enməsi hələ tam təsdiqlənməyib"
Futbol
21 May , 2018 11:46
AFFA İcraiyyə Komitəsinin üzvü: Kəpəz Premyer Liqada qala bilər - MÜSAHİBƏ
Report

Gəncə. 21 may. REPORT.AZ/ Gəncədə "Kəpəz" və "Neftçi" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XXVIII tur matçını canlı izləyən AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadovun “Report”un Qərb bürosuna müsahibəsi

- "Neftçi"nin 2:1 hesabı ilə qalib gəldiyi oyun barədə təəssüratlarınız necədir?

- Oyun çox gözəl keçdi. “Kəpəz”in də qol vurmaq imkanı var idi. Amma sonda qələbəni "Neftçi" qazandı.

- Görüşdən əvvəl azarkeşlər sizə "Kəpəz"in Premyer Liqadan uzaqlaşdırılması ilə bağlı etirazlarını bildirdilər. Bunu necə qarşıladınız?

- Gəncənin böyük azarkeşləri var. Onlar bu şəhərdə futbolun olmasını istəyirlər. Bu, göstərir ki, burada güclü azarkeş var.

- Bəs özünüz “Kəpəz”in Premyer Liqanı tərk etməsi ilə bağlı nə deyə bilərsiniz?

- Bilirsiniz necədir? İstərdik ki, qalsın. Amma hələ qərara gəlməmişik.

- Yəni, “Kəpəz”in elitanı tərk etməsi tam olaraq təsdiqlənməyib?

- Yox, hələ tam təsdiqlənməyib.

- Azarkeşlər klubun Premyer Liqadan uzaqlaşmasını istəmirlər...

- Sonuncu yeri tutduğu üçün özlərinin də günahı var. Onlara şərait yaradılıb, stadionun ot örtüyü düzəldilib. Məşqçilər korpusu il ərzində fikirləşməli, nə isə etməli idi. Desəm ki, digər komandalar güclüdürlər, bu da düz olmaz. “Qarabağ” və “Qəbələ” lider kimi görünür. Amma digər komandalar eyni səviyyədədirlər. “Kəpəz” də oynaya, yaxşı nəticə qazana bilərdi. Məşqçilər korupusunda problem olması mümkündür. Ola bilər ki, təzə başlayıblar, nəticə vermək çətindir. Bu yolu keçiblər və növbəti mövsüm “Kəpəz”i qaldırmaq, bundan da yaxşı nəticə qazanmaq, öz yerini tutmaq üçün nə etmək lazım olduğunu fikirləşməlidirlər. Hamısı baş məşqçidən asılıdır.

- Gəncəyə səfər etməyiniz klubun gələcəyi ilə bağlı müzakirə aparmaq məqsədi daşıyır?

- Yox, Regional Futbol Federasiyalarının rəhbəri kimi oyunlara gəlib baxır, izləyirəm. Hardasa nə isə problem ola bilər. Görürsünüz ki, azarkeşlərin hamısı komandanın yüksək liqada qalmasını xahiş edirlər. İndi ola bilər ki, komanda qalsın.

- Bu, gözlənilir, yoxsa sadəcə, sizin də istəyiniz bu cürdür?

- Reqlamentə əsasən, bir komanda Premyer Liqanı tərk etməli, biri gəlməlidir. Biz qərara gəlmişik ki, elitadan komanda çıxsın, I Diviziondan başqası gəlsin. Belə də olmalıdır...

- “Kəpəz” yenidən özünə gəlməyə başlamışdı. Komandanın I Diviziona düşməsi mənfi hal deyil?

- Azarkeş həmişə gələcək. Hər şey məşqçilərdən asılıdır. Klub rəhbərliyi şərait yaradırsa, məşqçilər korpusu komandanın yaxşı çıxış etməsi üçün tədbir görməlidir. Bu vəziyyətə salındığı üçün günah kimdədir? Elə məşqçilərdə ola bilər də.

- Yəni, günahkar məşqçilər korpusudur?

- Hə, ola bilər ki, problemləri var. Amma yenə də deyirəm, onlar təzə gəliblər. Bir ilə komanda düzəltmək də çətindir. Bunun üçün 1 – 2 il vaxt lazımdır. Qalsalar, nəticə çıxaracaqlarını, növbəti mövsüm bu səhvləri təkrarlamayacaqlarını düşünürəm.

- Belə bir fikir var ki, I Diviziondan tam başqa bir “Kəpəz” gələcək...

- Ola bilər. Gözlənilir.

Son xəbərlər

Orphus sistemi