AFFA İcraiyyə Komitəsinin üzvü: "Əcnəbi baş məşqçilərdən istədiyimiz nəticəni görə bilmədik" - MÜSAHİBƏ

AFFA İcraiyyə Komitəsinin üzvü: "Əcnəbi baş məşqçilərdən istədiyimiz nəticəni görə bilmədik" - MÜSAHİBƏ "Qurban Qurbanovun milli komandaya baş məşqçi təyinatı məntiqlidir"
Futbol
21 Noyabr , 2017 17:41
AFFA İcraiyyə Komitəsinin üzvü: Əcnəbi baş məşqçilərdən istədiyimiz nəticəni görə bilmədik - MÜSAHİBƏ

Bakı. 21 noyabr. REPORT.AZ/ AFFA İcraiyyə Komitəsinin üzvü və təhsil nazirinin müavini Firudin Qurbanovun "Report"a müsahibəsi

- Qurban Qurbanovun Azərbaycan milli komandasına baş məşqçi təyinatı hansı zərurətdən doğdu?

- Əcnəbi baş məşqçi gələndə, uyğunlaşana qədər müəyyən vaxt itkisi olur. Amma yerli mütəxəssis bugünkü tələblərə cavab verirsə, təcrübəsi formalaşıbsa, uzun müddət bu vəzifədə çalışıbsa, belnəlxalq səviyyəli oyunlarda iştirak edirsə, özünün də futbolçu kimi yaxşı təcrübəsi varsa, nüfuzlu çempionatlarda iştirak edibsə, belə bir şəxsin milli komandaya baş məşqçi kimi təyin olunması düzgün qərardır. Bu sadaladığım keyfiyyətlər Qurban Qurbanovda var. Həm futbolçu, həm də baş məşqçi kimi. Eyni zamanda onun “Qarabağ”da gördüyü işlər və həmin klubdakı uğurları buna bariz nümunədir. Onu da qeyd etməliyik ki, əcnəbi baş məşqçilər tanınmış mütəxəssislər və tanınmış futbolçular olublar. Böyük təcrübələri var. Amma yığmadakı iş təcrübəsi göstərdi ki, onlar böyük uğurlar qazana bilmədilər. Milli komandaya kifayət qədər rəhbərlik etsələr də, onlardan istədiyimiz nəticəni görə bilmədik. Ona görə bu gün Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunması məntiqlidir.

- Əvvəlki baş məşqçi Robert Prosineçkinin işini uğurlu qəbul etmirsiniz?

- Müəyyən müsbət nəticələr əldə olundu. Yığma komanda son dövrlər müəyyən uğurlara nail olub. Biz deyə bilmərik ki, Prosineçkinin dövründə heç bir nəticə olmayıb. Azərbaycan yığma komandası həm dünya reytinqində irəliləyib, həm də millinin son seçmə mərhələdə qazandığı xallar əvvəlki dövrlərə nisbətən yaxşı idi. Amma bu gün yeni tələblər qoyulur. Futbol inkişaf edir. Bu sahədə güclü rəqabət var. Bu gün futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə böyük tələblər qoyulur. Bunları nəzərə alaraq hesab edirəm ki, indi daha çox işləmək və çalışmaq lazımdır. Ölkəmizdə uşaqlar və gənclər arasında futbolu inkişaf etdirmək lazımdır. Bunları etsək, gələcəkdə yığma komandaya layiqli futbolçular yetiştirə bilərik.

- Sabah keçiriləcək “Qarabağ” – “Çelsi” matçından nə gözləyirsiniz?

- “Çelsi” dünyada güclü komandalardan biridir. Bunu hamı bilir. Bu komandada çox güclü futbolçular var. Həm də kluba güclü baş məşqçi rəhbərlik edir. Bu klubun son nəticələri onu deməyə əsas verir ki, "Çelsi" dünyada yüksək səviyyəli komandalardandır. “Qarabağ” da son dövrdə güclü oyun göstərir. Bunu əcnəbi futbol mütəxəssisləri də təsdiqləyir. Hesab edirəm ki, komandamız sabahkı oyunda da öz sözünü deyə biləcək. Ən azı var qüvvəsi ilə çıxış edəcək, bütün gücünü səfərbər edəcək. Qurban Qurbanov komandanı bu oyuna yaxşı hazırlaşdırıb.

- Azərbaycanın I Divizionunda Təhsil Nazirliyinin "Sabah" komandası da çıxış edir. Klubun qarşısına bu mövsüm Premyer Liqaya yüksəlmək vəzifəsi qoyulub?

- “Sabah” klubu Təhsil Nazirliyinin İxtisaslaşmış "Vətən" Futbol Məktəbinin bazasında yaradıılb. Bir çox futbolçular bu məktəbin yetirməsidir. "Sabah" yeni kollektivdir, qısa müddətdə yaranıb. Hər bir komanda qarşısına müəyyən məqsədlər qoyur. "Sabah" da səy göstərəcək, çalışacaq ki, Premyer Liqaya çıxsın.

Son xəbərlər

Orphus sistemi