AFFA Birlik Kuboku ilə bağlı təkliflərini açıqlayıb

AFFA Birlik Kuboku ilə bağlı təkliflərini açıqlayıb "Biz tərəfdən turnirin klublar arasında keçirilməsi münasib sayılıb"
Futbol
23 Yanvar , 2017 16:48
AFFA Birlik Kuboku ilə bağlı təkliflərini açıqlayıb

Bakı. 23 yanvar. REPORT.AZ/ AFFA Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Vitali Mutkonun Birlik Kuboku ilə bağlı Azərbaycandan yaxşı təklif aldıqlarına dair fikirlərinə münasibət bildirib. 

Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu "Report"a açıqlamasında təklifin hələ bir il öncə AFFA prezidenti Rövnəq Abdullayevlə rusiyalı həmkarı arasında keçirilmiş görüş zamanı səsləndirildiyini söyləyib.

Onun sözlərinə görə, görüşdə Birlik Kubokunun gələcək taleyi müzakirə olunub: "Biz tərəfdən turnirin klublar arasında keçirilməsi münasib sayılıb. Premyer Liqanın qalibi Çempionlar Liqası və ya Avropa Liqasında mübarizəni davam etdirərsə, o zaman Birlik Kubokuna ya ölkə kubokunun qalibi, ya da gümüş mükafatçının qatılması təklif edilib. İkinci təklif isə yarışın təkcə MDB deyil, digər qonşu ölkələrin də klublarının iştirakı ilə keçirilməsidir. Üstəlik, həmin turnirdə komandaların əsas heyətinin iştirakını təmin etmək üçün mükafat fondu da yüksək olmalıdır. Bu məsələ digər ölkələr tərəfindən də müzakirə olunacaq".

M.Nərimanoğlu bildirib ki, turnirin maliyyələşdirilməsi təşkilatçı ölkənin öhdəsinə düşür: "Biz tərəfdən, sadəcə, təklif verilib. Turnirin təşkilatçısı Rusiyadır. Digər məsələlərlə onlar məşğul olurlar. Mükafat fondu, məbləğin artırılması və verilməsi işləri də Rusiyanın öhdəliyindədir. Bütün məsələlər iştirakçı ölkələrlə razılaşdırılmış şəkildə həll olunmalıdır".

Qeyd edək ki, Vitali Mutko yerli mətbuata açıqlamasında Birlik Kuboku ilə bağlı AFFA-nın yaxşı təklif irəli sürdüyünü bildirib. Lakin o, təklifin məzmununu açıqlamayıb. 

Son xəbərlər

Orphus sistemi