"Xəzər Lənkəran"ın sabiq futbolçusu: "Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim"

"Xəzər Lənkəran"ın sabiq futbolçusu: "Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim" Adrian Pit: "Hazırda qarın çıxarmamaq üçün oynayıram"
Futbol
18 Yanvar , 2019 10:14
Xəzər Lənkəranın sabiq futbolçusu: Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim

Bakı. 18 yanvar. REPORT.AZ/ "Son illər Azərbaycanda futbolun səviyyəsi bir çox anlamda əhəmiyyətli dərəcədə yüksəlib. Çünki orada idmana böyük sərmayə qoyulur".

"Report"un məlumatına görə, bunu "Xəzər Lənkəran" klubunun sabiq futbolçusu Adrian Pit "Match Program" nəşrinə açıqlamasında deyib. 36 yaşlı yarımmüdafiəçi Azərbaycan idmanının bütün sahələrində irəliləyişlərin olduğunu bildirib: "Orada son 7 ildə 7 yeni stadion tikilib. Onlar "Formula 1" üzrə Azərbaycan Qran Prisi təşkil edirlər. Bu, inkişafda olan ölkədir, kifayət qədər pulu var. Təsadüfi deyil ki, Azərbaycan komandaları Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində oynayırlar. Məsələn, "Qarabağ" 2017-ci ildə "Roma" ilə Çempionlar Liqasının oyununda üz-üzə gəldi. Bu komanda eyni baş məşqçinin rəhbərliyi altında 10 ildən çoxdur çıxış edir və tez-tez çempion olur. Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim".

Rumıniyalı oyunçu 2007 - 2010-cu illərdə müqavilə üzrə İtaliyanın "Roma" klubuna məxsus olub. O, paytaxt komandasında əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün yerli Piza və "Triestina" klublarına icarəyə verilib. 2010-cu ildə Pit vətəni Rumıniyanın "Universitatya" klubuna keçsə də, cəmi bir il sonra "Xəzər Lənkəran"a transfer olub. Lənkəran komandasında 3,5 il çıxış etdikdən sonra Rumıniya "Viitorul"una qayıdan təcrübəli futbolçu hazırda doğulduğu Arad şəhərinin komandasında çıxış etməsinin səbəbini belə izah edib: "Bu gün III Liqada sadəcə, qarın çıxarmamaq üçün oynayıram (gülür). Çünki artıq ailəmin yanındayam. Macarıstanla sərhəddəki doğma şəhərim Aradda yaşayıram. Yerli komandanın bir hissəsi sayılıram".

Qeyd edək ki, Adrian Pit "Xəzər Lənkəran"la 2010-2011 mövsümündə Azərbaycan Kubokunu qazanıb. 

Son xəbərlər

Orphus sistemi