"Zirə" Qəbələ səfərində, "Neftçi" "Səbail"i qəbul edir

"Zirə" Qəbələ səfərində, "Neftçi" "Səbail"i qəbul edir Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq
Futbol
14 Mart , 2021 07:30
Zirə Qəbələ səfərində, Neftçi Səbaili qəbul edir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.

"Report"un məlumatına görə, oyunlardan biri əyalətdə, digəri isə paytaxtda baş tutacaq.

Günün ilk matçı Qəbələdə eyniadlı kollektiv ilə "Zirə" arasında olacaq. "Qırmızı-qaralar" 29 xalla 3-cü, "qartallar" isə 22 xalla 5-ci pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatında 21 dəfə üz-üzə gəliblər. Bunların 7-də meydan sahibləri, 5-də isə qonaqlar qələbə qazanıblar. Topların fərqi də bölgə təmsilçisinin xeyrinədir - 25:19. “Zirə” son 3 oyunda meydanı qolsuz tərk etməyib. “Qəbələ” isə 8 matçdır evdə uduzmur.

Turun son oyunu "Bakcell Arena"da gerçəkləşəcək. Hazırda 39 xalla 2-ci olan "Neftçi" 18 xalla 6-cı pillədə yer alan "Səbail"i sınağa çəkəcək. Komandaların bunadək Premyer Liqadakı 13 duelində flaqmanın aşkar üstünlüyü nəzərə çarpır. "Ağ-qaralar" rəqibini 8 dəfə məğlub etdiyi halda, "dənizçilər" cəmi 2 oyunda qələbə sevinci yaşayıb. Bu matçlarda meydan sahibləri 26, qonaqlar isə 10 qol vurublar. “Neftçi” 6 oyundur "Səbail"ə uduzmur. Son üç görüşdə hər iki komanda qol vurub.

Azərbaycan Premyer Liqası

XX tur

14 mart (bazar)

15:00. “Qəbələ” –“Zirə”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Rəhim Həsənov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu.

17:15. “Neftçi” – “Səbail”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”.

Qeyd edək ki, turun ilk iki oyununda "Qarabağ"da evdə "Sabah"a 2 cavabsız qolla qalib gəlib, "Sumqayıt" isə "Keşlə" ilə heç-heçə edib - 2:2.

Son xəbərlər

Orphus sistemi