Bakı. 26 avqust. REPORT.AZ/ "Uduzduğumuz üçün təəssüflənirəm. Bu oyuna çox ciddi hazırlaşmışdıq. Amma nəsə qaydasında getmədi".
"Report" xəbər verir ki, bunu "Zirə"nin futbolçusu Aleksandr Dedov Azərbaycan Premyer Liqasının III turunda "Sabah"a 0:2 hesablı məğlubiyyəti şərh edərkən deyib.
Moldovalı hücumçu bildirib ki, erkən qol buraxmaları komandanı ruhdan salıb:
"Tez qol buraxmağımız bizi bir qədər sındırdı. Hücumlar etdik, lakin rəqib çox yaxşı müdafiə olunurdu. Bu, futboldur, qol vurmaq alınmadı. Analizlər aparacağıq. Səhvlərimizi axtarıb, nəticə çıxarmağa çalışacağıq. Ümid edirik ki, gələcəkdə bir daha belə olmayacaq".
"Sabah"ın heyətində Marko Deviç kimi hücumçu olduğunu və səhv edəcəyiniz təqdirdə, qol vuracağını bilirdin?
- Bu barədə yox, öz oyunumuz haqda düşünürdük. Belə alındı. Futbol səhvlərsiz olmur. Səhv etdik və rəqib bundan yararlandı. Bəxtimiz gətirmədi.
Bu gün arxa xətt oyunçularınız səhvlərə yol verdilər. Müdafiəni "Zirə"nin "zəif bəndi" saymaq olar?
- Mən futbolçuyam, öz işimi yerinə yetirirəm. Bu məsələlərdən nəticə çıxarmalı, komandanın oyununu analiz etməli olan insanlar var. Çünki biz komanda şəklində uduzduq. Burada hamı günahkardır. Təkcə müdafiəçilər yox. Alınmadı.
Hücumda da tək qalırsınız. Sizə lazımi səviyyədə kömək edəcək oyunçu çatışmır...
- Yenə deyirəm, mən öz işimi yerinə yetirirəm. Qalanları üçün siz, başqa insanlar var. Səhvləri analiz etməli, sualları lazımı şəxslərə verməlidirlər.
İki oyundan cəmi 1 xal qazanmısınız. Bu, sizi razı salır?
- Əlbəttə, xeyr. Kimi razı salar? "Keşlə" ilə heç-heçə etdiyimiz (2:2) oyunun 90+5-ci dəqiqəsində qol buraxdıq və qələbəni əldən verdik. Bu, bizə çox mənfi təsir etdi. Amma bu oyuna çox ciddi hazırlaşmışdıq. Lakin erkən qol nizamımızı pozdu.
"Qarabağ"ın "Şerif"lə Avropa Liqasının "play-off" mərhələsindəki ilk oyunu barədə nə deyə bilərsiniz?
- "Şerif" və "Qarabağ" iki oxşar komandadır. İlk matçda meydan sahibləri fürsətdən istifadə etdilər və 1:0 hesabı ilə qalib gəldilər. Amma "Qarabağ" zəif komanda deyil. Qrupa düşmək baxımından şansların bərabər olduğunu düşünürəm.
Moldovada insanlar bu barədə nə düşünür?
- "Şerif"in daha şanslı olduğunu düşünürlər. Amma "Qarabağ"a və baş məşqçisinə bələd olduğumdan, "Şerif" üçün Bakıda çətin olacağını deyə bilərəm. Maraqlı matç olacaq.
Stadionda olacaqsınız?
- Xeyr. Millətlər Liqasının oyunları üçün Moldova millisinin düşərgəsinə yollanacağam.