"Zirə"nin baş məşqçisi hakimi qərəzli olmaqda ittiham edib

"Zirə"nin baş məşqçisi hakimi qərəzli olmaqda ittiham edib "Hakim təmiz penaltini vermədi"
Futbol
53
17 Dekabr , 2016 18:55
Zirənin baş məşqçisi hakimi qərəzli olmaqda ittiham edib

Bakı. 17 dekabr. REPORT.AZ/ "Hakim təmiz penaltini vermədi. Cərimə meydanı daxilində top rəqib futbolçunun əlinə dəymişdi. Həmin futbolçuya ən azı sarı vərəqə göstərilməli idi".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Adil Şükürov "Sumqayıt"a səfərdə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra deyib.

Otuz yeddi yaşlı mütəxəssis görüşün baş hakimi Ömər Paşayevi qərəzli olmaqda ittiham edib:

"Paşayev artıq neçənci dəfədir ki, komandamıza qarşı qərəzli davranır. Bəli, bu, səhv yox, qərəzdir. Başqa ad verirsinizsə, özünüz deyin".

Öz növbəsində "Sumqayıt" komandasının baş məşqçisi Samir Abasov Adil Şükürovun ittihamlarına belə reaksiya verib:

"Heç kim qələbəmizə kölgə sala bilməz. Salan olsa, onun özü kölgədə qalar. Bu, nə "Zirə"yə, nə də Adil Şükürova ünvanlanıb. Bu gün biz nə qədər seviniriksə, rəqib də bir o qədər kədərlənir. Həmkarımın hakimlə bağlı iradına gəlincə, həmin epizodu görməmişəm. Siz görmüsünüzsə, göstərin baxım".

Qeyd edək ki, Ömər Paşayev yenicə FİFA referisi adını alıb.