​"Zirə" klubu futbol menecerləri ilə bağlı bəyanat yayıb

​"Zirə" klubu futbol menecerləri ilə bağlı bəyanat yayıb "Klubun adından istifadə edərək İrandan futbolçu dəvət edirlər"
Futbol
16 Mart , 2016 11:06
​Zirə klubu futbol menecerləri ilə bağlı bəyanat yayıb

Bakı. 16 mart. REPORT.AZ/ "Zirə" klubu futbol menecerləri ilə bağlı bəyanat yayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rəsmi açıqlamada özünü menecer kimi təqdim edən şəxslərin "Zirə"nin adından istifadə edərək ölkəyə futbolçu dəvət etdikləri bildirilir.

Bəyanatda deyilir: "Özünü menecer kimi təqdim edən bəzi adamlar son vaxtlar klublarımız adından ölkəyə İrandan futbolçu dəvət edərək onları aldadır. Bu cür işbazlar "Zirə"nin də adından istifadə edərək qonşu ölkədən olan futbolçu və menecerləri aldadıblar. Bununla bağlı məlumat klubumuza daxil olduqdan sonra araşdırma apardıq və məlum oldu ki, İranlı futbolçudan "Zirə" ilə müqavilə qarşılığında pul alan həmin şəxslər saxta sənədlər də hazırlayıblar. Hamıya məlumdur ki, bir müddət öncə "Kəpəz" klubu da eyni halla qarşılaşmışdı. Bu da onu göstərir ki, futbolçu və menecerlərin etibarından sui-istifadə edənlərin sayı az deyil. Belə halların qarşısını almaq üçün hər kəsi daha diqqətli olmağa və transfer məsələlərinə peşəkar səviyyədə yanaşmağa çağırırıq".

Klub bildirir ki, "Zirə" və digər klubların əlaqə saxlamaq, hər hansı suala aydınlıq gətirmək üçün bəlli hüquqi ünvanı, ofisi, telefon və elektron ünvanı var. İstənilən peşəkar klubdan təklif alan futbolçu, onun meneceri rəsmi şəkildə klublarla əlaqə saxlaya və məsələni peşəkar səviyyədə araşdıra bilər.

Qeyd edək ki, bir müddət öncə Gəncənin "Kəpəz" klubu da analoji hadisə ilə bağlı bəyanat yayıb. 

Son xəbərlər

Orphus sistemi