Zaur Axundov: "Yuri Maksimovu kubokdan dərhal sonra göndərməliydim" - MÜSAHİBƏ

Zaur Axundov: "Yuri Maksimovu kubokdan dərhal sonra göndərməliydim" - MÜSAHİBƏ Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, “Keşlə” futbol klubunun Müşahidə Şurasının sədri Zaur Axundov bu gün 45 yaşını qeyd edir.
Futbol
28 İyul , 2018 11:11
Zaur Axundov: Yuri Maksimovu kubokdan dərhal sonra göndərməliydim - MÜSAHİBƏ

Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, “Keşlə” futbol klubunun Müşahidə Şurasının sədri Zaur Axundov bu gün 45 yaşını qeyd edir.

“Report” təcrübəli idman funksionerinin AFF-nin mətbuat xidmətinə müsahibəsini təqdim edir:

- Deyəsən, hələ də “Keşlə”nin Avropa Liqasındakı yenilgisinin şokundan ayılmamısınız? 

- “Baltsan”ı keçə bilərdik, keçməliydik də. Cütün taleyinin səfərdəki məğlubiyyətlə həll olunmasına baxmayaraq, Bakıda istəyimizə yaxın idik. Amma vaxt qalmamışdı. Səhv məndədir, Yuri Maksimovu kubokdan dərhal sonra göndərməliydim. Daha doğrusu, yeni müqavilə bağlamamalıydım. Amma futboldur, belə hallar qaçılmazdır. Açığı, şokdan hələ ayılmamışam.

- Ad gününüzü adətən necə qeyd edirsiniz?

- Dəyişilməz dostlarım var, hansı ki, 20-25 ilin ayrılmaz dostlarıyıq. Adətən ad günlərində bir yerə yığışırıq. Hər dəfə 5-10 nəfər yığışıb qeyd edirik. Həm də təkcə ad günündən-ad gününə yox, tez-tez yığışırıq.

- Ümumiyyətlə, istirahət günləri ilə bağlı xüsusi adətiniz, vərdişiniz var? Məsələn, daim eyni məkanda yeyib-içmək kimi... 

- Demək olar, bütün şənbə və bazar günləri yaxınlarla bir araya gəlirik. 45 yaşımın tamam olması həftəsonuna təsadüf edir, yenə yığışıb vaxt keçirəcəyik, adını da qoyacağıq ad günü. Çox sevirəm ki, istirahət günləri dostlarla görüşək, 2-3 saat bir yerdə olaq. Həftəiçi iş qrafikinə görə mümkün olmur, yoxsa bir yerdə daha çox vaxt keçirərdik. Çox vaxt eyni məkana üz tuturuq, ancaq yayda dəniz kənarına gedirik. Çay içirik, nərd oynayırıq. 

- Hədiyyə almağı xoşlayırsınız? 

- Kiməsə hədiyyə bağışlamağı daha çox xoşlayıram.

- Sizin üçün ən qiymətli hədiyyə hansı olub?

- İstəyirsiz ad günüm ərəfəsində xoşladığım hədiyyənin adını çəkim ki, yaxınlarım oxuyub mənə onu alsınlar? (gülür). İnanın səmimiyyətimə, illərin sınağından çıxmış dostlarla vaxt keçirmək nəyə desən dəyər. 

- Geriyə boylanan zaman darıxdığınız məqamlar olurmu? 

- Hərdən məktəb illəri üçün darıxıram. Dostlarımın arasında məktəb yoldaşlarım da var. Hər dəfə yığışanda o gözəl günlərin xatirələrini yada salırıq. Düzdür, məktəb illərimizin sonu keçid dövrünə düşdü. Müəyyən proseslər baş verdi ki, hamımız o çətinlikləri yaşamalı olduq. Şükürlər olsun, 1994-cü ildən etibarən hər şey yoluna düşdü, dövlətçiliyimiz möhkəmləndi, ölkəmizin iqtisadi qüdrəti artdı, inkişaf səviyyəsi yüksəldi. Biz də çalışırıq ki, ölkəmizə faydalı olaq, bacardığımız qədər xidmət edək, məşğul olduğumuz sahəni inkişaf etdirək. 

- Hansı ad gününüz daha yaddaqalan olub? 

- 20 illik yubileyim. Onda başıma daha çox dost-tanış toplaşmışdı. Cavan vaxtlarım idi. Yadımdadır, 70-80 nəfərlik məclis idi. Təbii ki, hər yaş dövrünün öz gözəlliyi var.

- Yaş üstə yaş gələndə adam ikili hisslər keçirir. Bir yandan insan kamilləşir, digər tərəfdən, kədərlənir ki, ömür qısalır... 

- Mən onu fikirləşmirəm. Allahın verdiyi ömürdür. Təbiətin qanununa soyuqqanlı yanaşıram. Açığı, illərin necə tez keçdiyini hiss etməmişəm, gözümü yumub açınca, 45-ə çatmışam.

– Görünüşcə, sərt birinə oxşayırsız. Ailədə də beləsiz? 

- Eynilə. Sərt təsir bağışlamağım qayda-qanun sevməyimdən irəli gəlir. Mənim üçün intizam ən vacib məqamdır. İstər işdə, istərsə də ailədə. 

- Bilirik ki, idmançı ailəsində böyümüsüz, özünüz də bu yolu seçmisiz. Bəs övladlarınızın necə, bu ənənəni davam etdirməsini istəyərsiniz? 

- Üç övlad atasıyam. İkisi qızdır, onlar böyükdür. Birinin 16, o birinin 14 yaşı var. Onlar öz yollarını seçiblər. İncəsənətə - rəssamlığa və musiqiyə meyl ediblər. Oğlum isə balacadır, bu yaxınlarda 7 yaşını qeyd elədik. Balacam artıq 2 ildir futbolla məşğul olur. Hansı komandaya getdiyini deməyəcəm (gülür). Həvəsi böyükdür, bütün futbolçuların adlarını əzbər bilir. “Keşlə”nin oyunlarına da baxır. “Baltsan”a uduzandan sonra çox pis olmuşdu, gecə heç kimi danışdırmadı. Eyni zamanda, mənim kimi o da “Real Madrid” azarkeşidir. Açığı, əvvəl “Barselona”ya azarkeşlik edirdi, mən təsir etdim ona. 7-8 aydır “Real”lıdır. Bir sözlə, gözümün qabağında bir futbolçu böyüyür. 

- Yeri gəlmişkən, Kriştianu Ronaldusuz “Real Madrid” necə görünür? 

- Açığı, Zidandan çox, Ronaldunun gedişinə üzüldüm. Onsuz “Real”a çətin olacaq. Çünki Kriştianu “lokomotiv” idi, əksər azarkeşlər Madrid komandasına ona görə azarkeşlik edirdi. Ronaldo bir növ klubun simvoluna çevrilmişdi. Sıralarımız seyrələ bilər. 

- İşin yorğunluğunu necə çıxarırsız?

- Musiqiyə qulaq asıram. Muğamlara – Arif Babayevə, Alim Qasımova qulaq asıram. Klassik musiqilərimizin yeri tam başqadır. Həm şəxsi, həm də xidməti maşınımda, eləcə də otağımda disklər var, hamısı da öz musiqilərimizdir. Azərbaycan musiqisi çox zəngindir və bir incidir. 

- Sizcə, rəhbərlik etdiyiniz klublarda oynayan futzalçı-futbolçular sizi daha çox sevirlər, yoxsa əksinə? 

- Bu suala onların əvəzinə cavab verə bilmərəm axı. Gizlətmirəm, “Keşlə”nin paltardəyişmə otağına tez-tez baş çəkirəm. Futbolçuların bundan xoşlanmadığından əmin olsam, getmərəm. Amma bu onlara xoş gəlir. Görünür, psixoloji təsir etmişəm, motivasiyalarına təsir göstərmişəm ki, isinmə hərəkətlərinin ardından o 5-10 dəqiqəlik fasilədə məni gözləyirlər. Bu, qarşılıqlı inamdan, sevgidən irəli gəlir. Futzalçılara gəlincə, 2004-dən “Araz”a, 2008-dən federasiyaya rəhbərlik edirəm. Dəfələrlə mənə deyiblər ki, texniki zonada əyləşim, onları ruhlandırım. Bir növ “çığır-bağır salmaq” funksiyasını yerinə yetirirəm. Effekt verir, arxayınlaşmırlar.

Son xəbərlər

Orphus sistemi