Zaur Axundov: "Keşlə"nin avrokubokda da yaxşı nəticə qazanmasına çalışacağıq"

Zaur Axundov: "Keşlə"nin avrokubokda da yaxşı nəticə qazanmasına çalışacağıq" Bakı. 28 may. REPORT.AZ/ Çətin keçən mövsüm ərzində klubda baş verən bütün olaylardan xəbərdarsınız. Keşlənin Azərbaycan Kubokuna sahib çıxması bütün komandanın zəhmətinin bəhrəsidir. Fikirləşirəm ki, artıq pis günlər arxada qalıb. Uğurlarımızı davam etdirməyə çalışacağıq.
Futbol
28 May , 2018 23:03
Zaur Axundov: Keşlənin avrokubokda da yaxşı nəticə qazanmasına çalışacağıq

Bakı. 28 may. REPORT.AZ/ "Çətin keçən mövsüm ərzində klubda baş verən bütün olaylardan xəbərdarsınız. "Keşlə"nin Azərbaycan Kubokuna sahib çıxması bütün komandanın zəhmətinin bəhrəsidir. Fikirləşirəm ki, artıq pis günlər arxada qalıb. Uğurlarımızı davam etdirməyə çalışacağıq".

"Report"un məlumatına görə, bunu Azərbaycan Kubokunun finalında "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edən "Keşlə" klubunun prezidenti Zaur Axundov deyib.

Paytaxt təmsilçisinin rəhbəri jurnalistlərin suallarını da cavablandırıb:

- Artıq bundan sonra Avropa Liqası barədə düşünməli olacaqsınız. Baş məşqçi Yuri Maksimovla müqavilənin müddəti uzadılacaq? Ümumiyyətlə, heyətlə bağlı hansı yeniliklər olacaq?

- Maksimov nəticə verən məşqçidir. Komanda qış fasiləsindən sonra toparlandı, lazım olan səviyyədə futbol sərgilədi. Baxmayaraq ki, bir çox futbolçular kollektivə yeni qoşulmuşdular. Bir-birlərini başa düşmək üçün vaxt lazım idi. Ancaq baş məşqçi və futbolçular öz peşəkarlıqlarını göstərdilər. Çətin keçən 5 ayın zəhməti öz bəhrəsini verdi. Həm məşqçidən, həm də komandadan razıyam. Artıq sabahdan avrokubok hazırlığına start veriləcək. Komandamızın qitə miqyasında da yaxşı nəticə qazanmasına çalışacağıq.

- Deyilənə görə, finaldakı qələbəyə üçün yaxşı mükafat söz vermisiniz...

- Udan adama mükafat verilməlidir də. Bu, yüz faiz olmalıdır (gülür).

- Söhbət hansı məbləğdən gedir?

- İcazə verin, bu, klubun içində qalsın.

- Yeni legioner transferləri hansı ölkələrdən olacaq?

- Məşqçi və rəhbər heyəti olaraq, bu oyunu gözləyirdik. Yəqin ki, sabahdan baş məşqçi avrokuboka hazırlıq üçün öz proqramını ortaya qoyacaq. Komandaya yeni nəfəs gətirəcək. Danışığımız da belə olub. Baş məşqçi seleksiya işini hansı formada istəsə, biz də işimizi həmin istiqamətdə görəcəyik.

- "Keşlə" növbəti mövsümdə Premyer Liqada medallar uğrunda mübarizə aparacaq?

- Özümü tərifləməyim, futzalda da hədəfim həmişə yüksək yerlər olub. Növbəti mövsümdə ilk “üçlük” üçün oynayacağıq.

Son xəbərlər

Orphus sistemi