Yunis Hüseynov: “Gəncənin komandası Gəncədə olmalıdır” - MÜSAHİBƏ

Yunis Hüseynov: “Gəncənin komandası Gəncədə olmalıdır” - MÜSAHİBƏ “Qəbələ” deyil, başqası olsun, bizim üçün fərqi yoxdur"
Futbol
139
24 Noyabr , 2017 17:46
Yunis Hüseynov: “Gəncənin komandası Gəncədə olmalıdır” - MÜSAHİBƏ
Report

Gəncə. 24 noyabr. REPORT.AZ/ “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov komandanın bu gün Gəncə şəhər stadionunda keçirdiyi açıq məşqdən əvvəl "Report”un Qərb bürosunun suallarını cavablandırıb...

- Açıq məşqin təşəbbüskarı sizsiniz, yoxsa rəhbərlik?

- Azarkeşlərin məşqlərə baxmasına heç vaxt etiraz etməmişəm. Məndən öncə də “Kəpəz”in məşqləri azarkeşlər və mətbuat üçün açıq olub. Özüm başqa komandalarda çalışanda da bu cür olub. Əvvəl rəhbərlik etdiyim 3 kollektivin hamısında hazırlıq prosesi hər kəsə açıq olub.

- Sabah "Qəbələ" ilə keçirəcəyiniz Azərbaycan Premyer Liqasının XIII tur matçına hazırlıq necə gedir?

- Hazırlığımız normaldır, əhval-ruhiyyə yaxşıdır. Əsas budur. Heyətdə zədəlilər var. Viktor Oseqeyl ötən tur "Səbail"lə görüşdə sıradan çıxıb. Həmçinin, Dedimar Fereyra qırmızı, kapitan Şəhriyar Rəhimov isə sarı vərəqə cəzalısıdır. Məhəmməd Qurbanovun ayağında problem vardı, dünən istirahət verdim. Bu gün məşq etdi, heç bir sıxıntısı yoxdur.

- Artıq komanda ilə tanış olmusunuz. "Kəpəz"in sonuncu yerdə qərarlaşmasının səbəblərini müəyyənləşdirmisiniz?

- Onu heç bir baş məşqçi müəyyənləşdirə bilməz. Bilirsiniz niyə? Hər bir mütəxəssisin özünün futbola baxışı var. Şahin müəllimin də (“Kəpəz”in sabiq baş məşqçisi Şahin Diniyevi nəzərdə tutur – red.) tam başqa bir yanaşması olub. Məndə isə fərqlidir. Eyni baxışda ola bilmərik. Bu komandanı Diniyev yığmışdı. Elə oyunlar vardı ki, “Kəpəz” qalib gəlməli idi. Komandanın bütün matçlarına baxmışam. Bəzən bəxtləri gətirməyib, bəzən qələbə qazanmalı olduqları halda, uduzublar. Futbolda belə hallar olur. Ona görə də “Kəpəz”i bu vəziyyətdən çıxarmaq üçün çalışamaq lazımdır. Uşaqlara inanıram, hamısı can-başla məşq edir. Yəqin ki, bu ağır durumdan çıxarıq.

- Vəziyyəti dəyişmək üçün nələr edəcəksiniz?

- Komandaya əlavə futbolçular lazımdır. Desəm ki, qış fasiləsində futbolçuları yığıb gətirəcəyik və vəziyyəti düzəldəcəyik, bu da yalan olar. Çünki qış fasiləsində oyunçu olmur, hamısının müqaviləsi var. Sözləşməsinin müddəti bitənlər yayda olur. Bununla belə, komandaya kömək üçün 2-3 futbolçu tapmağa çalışacağıq.

- "Kəpəz" hazırda sonuncu yerdə getsə də da, cari mövsümdə iki qələbəsindən birini məhz "Qəbələ" üzərində qazanıb. Bu, sizin üçün əlavə təzyiq yaratmır?

- Xeyr, niyə təzyiq olur ki?! Heç bir problem yoxdur. “Qəbələ” deyil, başqası olsun, bizim üçün fərqi yoxdur. Meydanda 90 dəqiqə vuruşmaq lazımdır. Ancaq bunu fikirləşirik.

- "Kəpəz" kimi komandanın Bakıda məşq edib, oyundan-oyuna Gəncəyə gəlməsi yaxşı hal deyil. Qış fasiləsindən sonra komandanın birdəfəlik doğma şəhərə köçməsi mümkündür?

- İnanırıq. Gül kimi bazamız var. Sadəcə, təmir etmək lazımdır. Rəhbərlik bu məsələ həllini tapacağına söz verib. Biz də istəyirik ki, “Kəpəz”i Gəncəyə gətirək. Gəncənin komandası Gəncədə olmalıdır. Həmişə bunun tərəfdarı olmuşam ki, komanda təmsil olduğu şəhərdə məşq edib, oynamalıdır. Bazamızı təmir edib, komandanı bura köçürtmək istəyirik.  

Son xəbərlər

Orphus sistemi