Yunis Hüseynov: "Bəhreynlə yoldaşlıq görüşü Azərbaycan millisinə xeyir verəcək"

Yunis Hüseynov: "Bəhreynlə yoldaşlıq görüşü Azərbaycan millisinə xeyir verəcək" Milli komandalarımızın hər biri bizim üçün vacibdir. U-21 Fransada, U-19 Çexiyada, əsas millimiz isə Bəhreyndədir. Hər birinə uğurlar arzulayıram.
Futbol
9 Oktyabr , 2019 11:11
Yunis Hüseynov: Bəhreynlə yoldaşlıq görüşü Azərbaycan millisinə xeyir verəcək

"Milli komandalarımızın hər biri bizim üçün vacibdir. U-21 Fransada, U-19 Çexiyada, əsas millimiz isə Bəhreyndədir. Hər birinə uğurlar arzulayıram". 

Bunu "Report"a açıqlamasında AFFA-nın texniki direktoru Bernhard Lippertin müavini Yunis Hüseynov deyib.

54 yaşlı mütəxəssis hazırda bütün yığmaların oyunları ilə bağlı proqnoz verməkdə çətinlik çəkdiyini bildirib: "İndi bir söz demək olmur. Oyunlar bitəndən sonra ətraflı danışmaq olar. Əsas milli komandaya gəlincə, inanırıq ki, səfər matçlarından yaxşı nəticə ilə qayıdacaqlar. Hamıya bəllidir ki, son seçmə mərhələ matçında Xorvatiya kimi komanda ilə heç-heçə etdik. Ona görə də motivasiya yüksəkdir".

Hüseynov Macarıstanla oyundan öncə yoldaşlıq görüşü üçün məhz Bəhreynin seçilməsinə də münasibət bildirib: "Hər bir yoxlama matçı komanda və futbolçular üçün vacibdir. Hazırda rəqib tapmaq çətindir. Bəhreyn isə əvvəlcədən seçilib. Yığmaların çoxu rəsmi matçlar keçirir. Hər bir yoldaşlıq görüşü kimi, inanıram ki, bu da bizim yığmaya xeyir verəcək. Nə qədər çox oyun olsa, o qədər yaxşıdır. Bunu tək əsas yığma üçün demirəm. U-19 və U-21 də bura aiddir. İnanıram ki, bugünkü matçın qazancı yaxşı nəticə olacaq".

Məşqçi hər bir qarşılaşmanın çətin olduğunu sözlərinə əlavə edib: "Milli komanda bu matçlardan sonra sərfəli nəticə ilə qayıda bilər".

Komandadakı cəzalı və zədəli oyunçular barədə də danışan mütəxəssis itkilərin ciddi olduğunu söyləyib. Hüseynov həmçinin Rusiya "Dinamo"sunda çıxış edən Ramil Şeydayevin durumu barədə fikirlərini deyib: "Şeydayev öz klubunda son oyunlarda meydanda olmur. Amma demək olar ki, yığmanın bütün görüşlərində çıxış edib və özünü yaxşı tərəfdən göstərib. Bunu unutmaq lazım deyil. Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov zədəlidir. Təbii ki, bunlar da ciddi itkidir. Səlahət Ağayev və Mahir Emreli son oyunlarda zədələndi. Emreli yığmanın əsas futbolçularındandır. İnanıram ki, onun yerini tutan hər bir futbolçu millidə özünü yaxşı tərəfdən göstərmək istəyəcək".

Hüseynov Nikola Yurçeviçin yığmadakı taleyi ilə bağlı danışmaq istəmədiyini vurğulayıb: "Qarşıdakı oyunlardan çox şey asılı olacaq. Əlbəttə, yaxşı nəticə qazanan baş məşqçi ilə yola davam etmək lazımdır".

Qeyd edək ki, Azərbaycan millisi Bəhreynlə yoldaşlıq görüşünə bu gün çıxacaq. Bəhreyn Milli Stadionundakı matç Bakı vaxtı ilə saat 20:30-da başlanacaq. Macarıstanla AVRO-2020-nin seçmə oyunu isə oktyabrın 13-də Budapeştdəki "Groupama" stadionunda olacaq. 

Son xəbərlər

Orphus sistemi