Yunanıstan Super Liqasında 2015-ci ildə keçirilmiş "Olimpiakos" - "Atromitos" matçı ilə bağlı araşdırmalara başlanılıb.
"Report"un məlumatına görə, meydan sahiblərinin prezidenti Yevangelos Marinakis danışılmış oyunun təşkilində ittiham olunur.
Şübhələr təsdiqini tapsa, "Olimpiakos" aşağı diviziona göndərilə, Marinakis isə ömürlük diskvalifikasiyaya məruz qala bilər. Onu 3 milyon avro cərimə də gözləyir.
Prokurorluq bir neçə hakim və klubu, o cümlədən, "Panatinaikos"u da ittiham edir. Şübhə altına ümumilikdə 15 nəfər, o cümlədən "Atromitos"un prezidenti Giorgios Spanos, Yunanıstan Futbol Federasiyasının sabiq prezidenti Georgios Sarris, qurumun keçmiş vitse-prezidenti Aristidis Statopulos və 6 hakim də düşüb. Bu işlə 2014-2015 və 2017-ci illərdə "Atromitos"un baş məşqçisi olmuş Rikardu Sa Pintu da əlarələndirilə bilər.
Qeyd edək ki, 1925-ci ildə təsis olunmuş "Olimpiakos" Yunanıstanın ən titullu klubu (44 çempionluq) sayılır. Bu mövsüm "qırmızı-ağlar" 26 turdan sonra böyük fərqlə öndədirlər.