​Yunanıstanda "Qəbələ"nin təhlükəsizliyi dövlət səviyyəsində qorunacaq

​Yunanıstanda "Qəbələ"nin təhlükəsizliyi dövlət səviyyəsində qorunacaq PAOK-la oyunda Fakundo Pereyra oynamayacaq
Futbol
19 Noyabr , 2015 15:31
​Yunanıstanda Qəbələnin təhlükəsizliyi dövlət səviyyəsində qorunacaq

Bakı. 19 noyabr. REPORT.AZ/ "Qəbələ" klubunun futbol üzrə Avropa Liqasının qrup mərhələsində Yunanıstan PAOK-u ilə keçirəcəyi V tur oyununda dövlət səviyyəsində təhlükəsizlik tədbirləri görüləcək. Klubun meneceri Səbuhi Səfiyarlı "Report"a açıqlamasında bu barədə PAOK rəhbərliyinin "qırmızı-qaralar"ı məlumatlandırdığını bildirib. 

Onun sözlərinə görə, kütləvi əhəmiyyət daşıdığından, Saloniki şəhərində baş tutacaq görüşə nəzarət də güclü olacaq. 

Klub rəsmisi komandanın Yunanıstana səfər proqramını da açıqlayıb. Noyabrın 21-də səfərdə "Sumqayıt"la qarşılaşacaq "qırmızı-qaralar" iki gün sonra Qəbələdə PAOK-la oyunun hazırlıqlarına start verəcək. Komanda noyabrın 25-də doğma şəhərdən çarter reysi ilə oyunun keçiriləcəyi Saloniki şəhərinə yola düşəcək. 

"Sumqayıt"la görüşdə hücumçu Sergey Zenyovla qapıçı Dmitri Bezotosnı forma geyinməyəcək. Onların Avroliqa oyununda meydana çıxıb-çıxmayacağı isə bilinmir. Əvəzində digər zədəlilər Ruslan Abışov, Fakundo Pereyra və Ermin Zets artıq komandayla məşqlərə qoşulub. Bu oyunçuların da nə vaxt meydana çıxacağı məlum deyil. PAOK-un "Qəbələ"də icarə əsasında çıxış edən futbolçusu Pereyranın iki klub arasındakı razılaşmaya əsasən, Yunanıstanda meydana çıxmayacağı dəqiqdir. 

Qeyd edək ki, "Tumba" stadionunda keçiriləcək PAOK - "Qəbələ" matçı noyabrın 26-da yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 27 noyabr saat 00:05-də) başlanacaq. 

Son xəbərlər

Orphus sistemi