Yeni mövsümün astanasında: AFFA nümayəndələri nələri bilməlidir?

Yeni mövsümün astanasında: AFFA nümayəndələri nələri bilməlidir? "Raportda qeydlər düzgün yazılmadıqda, pozuntular konkret göstərilmədikdə İntizam Komitəsi hər hansı qərarın çıxarılmasında çətinliklərlə üzləşir"
Futbol
27 İyul , 2021 12:43
Yeni mövsümün astanasında: AFFA nümayəndələri nələri bilməlidir?

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövümünə avqustun 14-də start veriləcək. "Report"un məlumatına görə, komandalar kimi, çempionatın təşkilinə cavabdeh qurumlar da yeni futbol ilinə hazırlaşır.

AFFA İntizam Komitəsi (İK) də onlar arasındadır. Mövüm ərzində milli assosiasiyanın bayrağı altındakı yarışlarda qayda pozuntularına hüquqi qiymət verən komitənin də öz iş prinsipi var.

Erkin Hüseynov: "AFFA nümayəndəsi oyunu yola verməməlidir"

İK-nin sədri Erkin Hüseynov "Report"a açıqlamasında bildirib ki, qurum Avropa futbol qaydalarını, yenilikləri həmişə nəzarətdə saxlayaraq, futbolumuzu müasir standartlara uyğun qanunvericiliklə təmin etməyə çalışır: "İK-in verdiyi qərarlar hüquqi müstəviyə söykənir. Yəni, bu qərarlar hüquq normalarına, futbol qaydalarına, əsasnamə və təlimatlara əsasən çıxarılır. UEFA qaydalarına əsasən edilən dəyişikliklər bizim də məcəlləmizdə əksini tapmaqdadır. Qısa müddət ərzində intizam məcəlləsi yeni maddə və sanksiyalarla əvəzlənib".

Hüseynov pozuntulara görə komandalara şamil edilən sanksiyaların tətbiqinin mütləq olduğunu vuğulayıb: "Oyun zamanı hər birimiz futbolçuların kobud oyununun, aqressiv hərəkətinin, hakimlərin qərarına tez-tez etiraz etmələrinin, baş məşqçilərin texniki zona qaydalarını pozmalarının şahidi oluruq. Bu, bütün dünyada belədir. Hər bir stadionda bu cür hadisələr baş verir. Çünki futbol emosiyadan ibarətdir və bu da həmin idman növünün özəlliyidir. Lakin qaydalara əməl etmək mütləqdir. Stadionda və ona bitişik ərazidə əsasən təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Fitnəkar, iğtişaş, irqçilik doğuran hərəkətlər, ictimai asayişin və təhlükəsizliyin təmin edilməməsi stadionlarda böyük toqquşmalara səbəb ola bilər. Bütün bu neqativ halların qarşısının alınması intizam məcəlləsi və digər qanunverici aktlarla tənzimlənir".

Bəs İntizam Komitəsi nəyə əsaslanaraq öz qərarlarını verir? İK sədrinin suala cavabı belə olub: "Bu sual bir çoxlarının daim maraq dairəsindədir. Komitə öz qərarlarını oyunun protokolunu, KİV-dən götürülən məlumatları, hakimlərin və onun köməkçilərinin raportunu, şahidlərin yazılı müraciətlərini, tərəflərin ərizələrini, audio-video yazılarını, AFFA nümayəndəsinin, hakim inspektorun raportunu əsas götürərək çıxarır. Matçın komissarı (yəni, AFFA nümayəndəsi) təlimat və ona aid tələbləri mükəmməl bilməlidir. Oyundan əvvəl keçirdiyi iclasda bütün yığıncaq iştirakçılarını yeni təlimat və qaydalarla tanış edərək onlardan bütün qaydalara riayət etmələrini tələb etməli və iclasdan sonra vəziyyəti yerində yoxlamalıdır".

Təlimata əsasən matçın AFFA nümayəndəsi stadionu hamıdan sonra tərk etməlidir. Hüseynov bunun səbəbini belə əsaslandırıb: "Matçın komissarı yekun protokolunu doldurarkən orada hər bir pozuntu əksini tapmalıdır. Nümayəndə bütün oyun zamanı və sonra matç barədə tam məlumatlı olmalı, gördüyü hər bir pozuntunu öz raportunda dəqiq qeyd etməlidir. Oyunun təhlükəsizliyi vacib olduğuna görə o, təhlükəsizliyə cavabdeh şəxsləri tam təlimatlandırmalı, görüş ərzində onlarla əlaqəli şəkildə işləməli, neqativ halları operativ qaydada aradan qaldırmağı bacarmalı və soyuqqanlı olmalıdır. Stadiona bitişik ərazilərdə nəzarət daha da güclü olmalıdır".

Komitə sədrinin fikrincə, yuxarıda sadalananların öhdəsindən gəlmək bir nəfərin işi deyil: "AFFA nümayəndəsi oyundan əvvəl keçirdiyi xidməti iclası düzgün apararsa, işini təhlükəsizlik xidməti və polis əməkdaşları ilə düzgün qurarsa, bu işin öhdəsindən gəlmək o qədər də çətin deyil. O, oyunu formal yola verməməli, öz işinə məsuliyyətlə yanaşmalıdır. Yekun raport doldurularkən bütün pozuntular dəqiqliklə göstərilməli, raportda ancaq lazımi qeydlər aparılmalı, oyuna aid bütün sənədlər komitəyə vaxtında çatdırılmalıdır. Raportda qeydlər düzgün yazılmadıqda, pozuntular konkret göstərilmədikdə İntizam Komitəsi hər hansı qərarın çıxarılmasında çətinliklərlə üzləşir. Bu, qərarların çıxarılmasında ən vacib amillərdən biridir. Pozuntuları qiymətləndirmək, sanksiyaları düzgün tətbiq etmək üçün raportlar tam və dolğun olmalıdır. Bu, dediyim kimi, çox məsuliyyətli və şərəfli işdir. Bunun öhdəsindən gəlmək peşəkarlıq tələb edir".

Elgiz Abbasov: "Hər şeyin ideal olması mümkün deyil"

Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi, oyunlara AFFA nümayəndəsi kimi təyinat alan Elgiz Abbasov "Report"a bildirib ki, matçlar Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) qaydalarına, mövcud Əsasnaməyə və digər futbol tələblərinə uyğun keçirilir: "Yarışların təşkili ilə bağlı əsas sənəd PFL-in hər mövsüm hazırladığı, yenilədiyi və klublara göndərdiyi əsasnamədir. Bunlar adəti üzrə mövsümün startından 2 gün öncə hazır olur və püşkatma zamanı klublara təqdim olunur. Burada əsas baza-strukturlar eyni qalır, sadəcə, bəzi yeniləmələr olur ki, bu da futbolla ayaqlaşmaq baxımından önəmlidir".

Abbasovun sözlərinə görə, AFFA nümayəndəsinin əsas istinad edəcəyi sənəd PFL-in mövsümlük əsasnaməsidir: "Hər oyunda bir AFFA nümayəndəsi və hakim-inspektor iştirak edir. Nümayəndə oyunun təşkili və keçirilməsi ilə bağlı əsas şəxsdir. O, həm AFFA Hakimlər Departamenti, həm də PFL-in Yarışların Təşkili və Keçirilməsi Departamenti ilə sıx əlaqdədədir. Həmin əsasnamə klublarla yanaşı, nümayəndələrə də verilir və onlar bununla tanış olurlar. AFFA nümayəndələri oyunlar vaxtı məsələlərin tənzimlənməsində buna əsalanırlar. Digər tərəfdən, bəzi fors-major hallar olur. Məsələn, elə məsələlər var ki, əsanamədə qeyd olunmayıb, amma ortaya çıxır. Bu halda PFL-lə əlaqə yaratdıqdan və müvafiq razılaşdırmadan sonra hansısa qərarlar qəbul oluna bilər. Bununla bağlı da əsasnamədə xüsusi bənd var. Bununla yanaşı, mövsüm ərzində klublara əsasnamayə əlavələr, eyni zamanda digər təlimatlar verə bilərik ki, bunlar Hakimlər Departamentinə də göndərilir".

PFL rəsmisi son illər oyunlar zamanı hər hansı ciddi çətinliklərlə qarşılaşmadıqlarını söyləyib: "Klublara və nümayəndələrə göndərilən bəlli sənəd var. Klublar bununla bağlı öz təlimatlarını yerinə yetirirlər. Adətən, mövsümün startından öncə stadionları təftiş edirik. Müvafiq təsdiqləmədən sonra həmin arenalarda oyunların keçirilməsinə icazə verilir. Bu baxımdan, deməzdim ki, AFFA nümayəndəsi oyun vaxtı ciddi problemlərlə qarşılaşır. Stadionlarımız yaxşı vəziyyətdədir və oyunlara hazırdır. Amma cari problemlər ola bilər. Gözlənilmədən ortaya çıxa bilən problemlər olur ki, bunu da sırf yerində aradan qaldırırlar. Çünki futbol emosiya oyunudur. Hər şeyin ideal olması mümkün deyil. Bu da sırf AFFA nümayəndəsinin ixtiyarında olan məsələdir. Düşünürəm ki, bu gün Hakimlər Departamenti, AFFA nümayəndələri və PFL arasında üçlü, yaxşı səviyyəli əməkdaşlıq var. Eyni zamanda İntizam Komitəsi ilə də yaxşı əməkdaşlıq edirik. Bu baxımdan, informasiya, kommunikasiya məsələsində hər hansı problem yaşadığımızı düşünmürəm. Bunu həmin departamentlərə rəhbərlik edən şəxslər də təsdiqləyə bilərlər".

Abbasovun sözlərinə görə,İntizam Komitəsi qərar çıxaran zaman müəyyən sənədlərə əsaslanır: "Buraya KİV-də dərc olunan məlumatlar, həmçinin AFFA nümayəndəsinin, hakimin, digər rəsmi şəxslərin raportları daxildir. Bilirsiniz ki, Premyer Liqada turun oyunları adətən bazar günü, ən geci bazar ertəsi başa çatır. İntizam Komitəsi də iclaslarını buna uyğunlaşdırır. Fikrimcə, bütün məlumatları bir araya gətirib uyğun qərarlar vermək üçün kifayət qədər vaxtları olur. Ehtiyac olduğu təqdirdə, bu və ya digər sənədlərin götürülməsi, videogörüntülərin əldə edilməi üçün PFL-ə müraciət edirlər. Biz də əlimizdən gələn köməkliyi göstəririk. Birgə fəaliyyət baxımından da heç bir problem yoxdur".

Son xəbərlər

Orphus sistemi