Yakub Jezniçak: "Mahirin dini inancları onun oyununa mane olmur"

Yakub Jezniçak: "Mahirin dini inancları onun oyununa mane olmur" "Düşünürəm ki, "Bodyo Qlimt"lə matç Mahir üçün çox vacib idi. Bu, onun özünəinamını daha da artıracaq. Daha əvvəl yoldaşlıq oyunlarında fərqlənsə də, Çempionlar Liqasındakı qolları daha önəmlidir. Bunun futbolçuya çox köməyi dəyəcək".
Futbol
214
14 İyul , 2021 11:13
Yakub Jezniçak: Mahirin dini inancları onun oyununa mane olmur
Yakub Jezniçak

"Düşünürəm ki, "Bodyo Qlimt"lə matç Mahir üçün çox vacib idi. Bu, onun özünəinamını daha da artıracaq. Daha əvvəl yoldaşlıq oyunlarında fərqlənsə də, Çempionlar Liqasındakı qolları daha önəmlidir. Bunun futbolçuya çox köməyi dəyəcək".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak "sportowefakty.wp.pl" saytına müsahibəsində Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Polşa "Legiya"sındakı çıxışı barədə danışarkən deyib.

Hazırda ölkəsinin "Visla" (Plotsk) klubunda çıxış edən polşalı müdafiəçi bildirib ki, 24 yaşlı forvardın bombardir olmaq üçün yaxşı şansı var: "Onun neçə oyunda meydana çıxacağını, Tomaş Pekqartın komandada qalıb-qalmayacağını bilmirik. Amma Mahir müntəzəm oynasa, ümid edirəm ki, 20-dən çox qol vuracaq".

Emrelinin "Legiya"ya gələnədək Rusiya, Türkiyə və Portuqaliyadan təkliflərinin olduğunu deyən 35 yaşlı oyunçu onun Varşava təmsilçisini seçməsinin səbəbini açıqlayıb: "Etiraf edim ki, Mahir bir neçə dəfə mənim fikrimi soruşdu. Təəccüblü deyil, çünki biz iki il birlikdə oynamışıq. Hələ ilk danışığımız zamanı ona "Legiya"ya keçməsini məsləhət gördüm. Dedim ki, bu, çılğın azarkeşləri olan əla klubdur. Onun üçün burada hər şey çox yaxşı olacaq. Bundan başqa, "Legiya"nın da "Qarabağ"ın üslubunda oynadığını bildirdim. Hər iki komanda öz liqalarında dominantlıq edir, hücum futbolu sərgiləyir. Bu isə ön xətt oyunçularına böyük imkanlar yaradır. Mahir effektli oyunçudur".

Jezniçakın sözlərinə görə, futbolçunun dini inancları onun gündəlik həyatına mane olmur: "Mahirlə çox vaxt keçirmişəm. Mən yalnız futbol meydançasından, klubdan, məşqdən danışmıram. Dinin tələblərinə əməl etsə də, bu, onun gündəlik həyatına, oyununa heç bir formada mane olmur. Hər şey aydındır və bu amil məni narahat etmir. Əmin idim ki, Polşaya uyğunlaşmasında heç bir problem olmayacaq. Onun buradakı ilk həftələri də bunu təsdiqləyir. Marko Vesoviçin xanımı "Legiya"nı reabilitasiya zamanı onun ərinə qarşı kobud rəftarda ittiham etmişdi. Bu məsələ Mahiri bir az qorxutmuşdu. Məndən bu barədə soruşanda yalan olduğunu söylədim".

Emrelini çexiyalı hücumçu Pekqartla müqayisə edən müdafiəçi azərbaycanlı forvardın daha yaxşı olduğunu vurğulayıb: "Tomaş cərimə meydançasının kralıdır. O, həm baş, həm də ayaqla qol vura bilir. Amma Mahir texnika baxımından ondan daha yaxşıdır. Açığı, mən Emrelini dəstəkləyirəm. Qarşıdakı oyunlarda özünü necə göstərəcəyi maraqlıdır".

Qeyd edək ki, Yakub Jezniçak 2017 - 2019-cu illərdə "Qarabağ"da çıxış edib.

Son xəbərlər

Orphus sistemi