​Xorvatiya yığmasının baş məşqçisi: "İndi daha aqressiv və çətin rəqiblə qarşılaşacağıq"

​Xorvatiya yığmasının baş məşqçisi: "İndi daha aqressiv və çətin rəqiblə qarşılaşacağıq" "İnanıram ki, Azərbaycan yığması ilə oyunda istədiyimiz oyunu nümayiş etdirəcəyik"
Futbol
31 Avqust , 2015 14:56
​Xorvatiya yığmasının baş məşqçisi: İndi daha aqressiv və çətin rəqiblə qarşılaşacağıq

Bakı. 31 avqust. REPORT.AZ/ AVRO-2016-nın seçmə qrup mərhələsində Azərbaycanla qarşılaşacaq Xorvatiya millisi sabahdan bir araya gələcək. "Report"un Xorvatiya Futbol Federasiyasının saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Niko Kovaç yetirmələrini Azərbaycan və Norveçlə qarşılaşma üçün hazırlayacaq.

Komanda üzvləri paytaxt Zaqrebdə toplaşacaqlar. Bu gün keçirilən mətbuat konfransında N.Kovaç bildirib ki, həmkarı Robert Prosineçki Azərbaycanda müsbət imic formalaşdırıb: "Orada bizə ağır olacaq. Havanın isti olması da oyuna təsir edəcək. Osiyekdəki görüşlə müqayisədə Prosineçki döyüşkən komanda formalaşdırıb. İndi daha aqressiv və çətin rəqiblə qarşılaşacağıq. Azərbaycanın iki klubunun Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması oyunçularının inkişafından xəbər verir. Bununla belə, Xorvatiya millisi qrup lideri kimi məqsədinə çatmaq üçün irəli addımlamalıdır. Biz səfər oyununda qələbəyə ümid edirik".

Baş məşqçinin sözlərinə görə, xorvatiyalı oyunçular Azərbaycanla qarşılaşmaya 100 faiz kökləniblər: "İnanıram ki, istədiyimiz oyunu nümayiş etdirəcəyik. Norveçlə oyun sonrakı mərhələdədir. İlk növbədə Azərbaycanla qarşılaşmaya hazır olmalıyıq".

N.Kovaç xorvatiyalı azarkeşlərin Bakıya gətirilməməsinə də münasibət bildirib: "UEFA-nın bizim 1 xalımızı sildiyini eşidəndə futbolçularla birgə şoka düşdük. Deyərdim ki, oyunçuların bəziləri indi də şokdadır. Bundan çox təəssüfləndiyimizi bildirirəm. Artıq məsələ ilə bağlı şikayət etmişik və ümid edirəm ki, xalımız geri qaytarılacaq. Dövlət xuliqanlığın qarşısını almaqda kömək etməsə, yenidən eyni problemləri yaşayacağıq".

Qeyd edək ki, sentyabrın 3-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi