Xəzana çevrilən ümidlər, üzü gülməyən sakinlər və nostalji - POLTAVADAN REPORTAJ

Xəzana çevrilən ümidlər, üzü gülməyən sakinlər və nostalji - POLTAVADAN REPORTAJ "Qarabağ"ın "Vorskla" zəfəri sonrası xoşagəlməz sürpriz baş verdi
Futbol
10 Noyabr , 2018 14:54
Xəzana çevrilən ümidlər, üzü gülməyən sakinlər və nostalji - POLTAVADAN REPORTAJ

Bakı. 10 noyabr. REPORT.AZ/ Ukraynada noyabr ayına "listopad" deyilir. Yəni, "yarpaq tökümü" ayı. Əlbəttə, ilin-günün bu vaxtına, payız fəslinə uyğun addır. 

"Report"un əməkdaşının ezam olunduğu ölkənin şimal-şərqindəki Poltava şəhərində doğrudan da ağaclar olan hər yer xəzanlıq idi. Bu mənzərəni 

Mən öləndə məni basdırarsınız

Yüksək bir təpədə, bir dağ başında

O gözəl Ukrayna -
Onun daşında,
onun torpağında, geniş çölündə
Mən öləndən sonra görüm nələr var?, -
deyə vəsiyyət edən dahi ukraynalı Taras Şevçenko da sanki məyus halda izləyirdi. Onun abidəsi Poltavanın "köhnə şəhər" adlanan hissəsində - yüksəklikdə yerləşirdi.

Uzun yolun sonunda isə aşağı hissədə salınmış və nisbətən müasir, 9 - 12 mərtəbəli binalardan ibarət yeni şəhər göz önündə canlanırdı. Orada həm də bu şəhərin əsas komandasının adını daşıyan Vorskla çayı axırdı. Poltava döyüşü zamanı I Pyotrun durbinini əlindən alıb, ilim-ilim itirən çay...

Burada xalqlar dostluğunu simvolizə edən abidə də ucaldılmışdı. Daha bir abidə isə Poltavanın milli yeməyi və simvolu sayılan "qaluşka" yeməyinin şərəfinə qoyulmuşdu. Xəmirdən hazırlanan bu yemək şəhərin hər yerində, o cümlədən, yaxınlıqdakı ən dəbdəbəli restoranlardan birində verilir.

Orada bir stadion var, uzaqda...

Yeni şəhərdə bir stadion da görünürdü. Lakin bu, "Vorskla"nın ev oyunlarını keçirdiyi Aleksey Butovski adına köhnə birisi yox, tam yeni arena idi. Həmkarımız, çəkdiyi əziyyətinə görə bir çox kişi jurnalistə nümunə göstərilə biləcək, yerli "Ltava" telekanalının xanım jurnalisti Yuliya Loqvinenkonun bu arena ilə bağlı acı xatirələri var idi: "Gördüyünüz stadionda "Poltava" adlı klub ev oyunlarını keçirirdi. Sahibi biznesmen idi. Ötən mövsümün yekunlarına əsasən, klub Premyer Liqaya yüksəlmişdi. Məni isə mətbuat katibi təyin edəcəkdilər. Hər bir məsələni danışmışdıq. İşə başlasaydım, Ukraynanın ilk qadın mətbuat katibi sayılacaqdım. Amma necə oldusa, günlərin bir günü klubun sahibi "Klubu Premyer Liqada oynada bilmərəm" deyə kənara çəkildi. Nəticədə "Poltava" Premyer Liqadan imtina etdi, mən isə xeyli məyus oldum".

"Dnepr"in fəaliyyətini dayandırmasından məyus olan kolleksiyaçı

Şəhər gəzintisində bizimlə birgə olan digər həmkarımız Dnepropetrovskdan olan kolleksiyaçı Vladimir Xoroşilov da pozitiv, həyat dolu insan təsiri bağışlayırdı. Lakin vaxtilə mətbuat xidmətinin əməkdaşı kimi çalışdığı "Dnepr" komandasının fəaliyyətini dayandırması onu məyus etmişdi. Hazırda Ukrayna I Liqasında çıxış edən "Dnepr-1"ə pərəstiş etməsinə baxmayaraq, 2014-2015 mövsümündə Avropa Liqasının finalınadək irəliləməyi bacaran "Dnepr"in yeri onun üçün tam başqa idi. Azərbaycanlı həmkarlarımızın biri ona "Qarabağ"ın "Vorskla" ilə Bakıda keçirdiyi oyunun proqramının 30-dək nüsxəsini göndərmişdi. Lakin onları özünə təqdim edərkən, Xoroşilov elə də sevinmədi. Çünki əslində daha əvvəl keçirilmiş "Qarabağ" - "Arsenal" oyununun proqramını istəyibmiş...

Mamont qalıqlarının sərgiləndiyi muzey

Yəni, aramızda yeganə poltavalı elə Loqvinenko idi. Şəhər gəzintisində bələdçi missiyasını üzərinə götürmüşdü. O, jurnalist ailəsində böyüyüb. Atası da, anası da vaxtilə bu sahədə çalışıb. Lakin hazırda pensiyaçıdırlar. Bununla belə, atası tarix muzeyində işləyir. Yuliya bizi mərkəzi küçə ilə gəzdirərək, həmin muzeyə apardı. Dediyinə görə, həyətində müxtəlif daş abidələrin olduğu tarixi tikilinin içərisində mamont sümüyünün qalıqları da qorunur. Hətta atasından xahiş etdi ki, nəsli kəsilmiş heyvanı bizə göstərməkdə köməklik göstərsin. Lakin binanın mühafizəçisi muzeyin qapılarının saat 16:00-dan sonra bağlandığını deyərək, bu istəyi gerçəkləşdirməyə qoymadı.

Üzü gülməyən, "Vorskla"nı izləməyən sakinlər

Poltava sakinlərinin də üzləri gülmürdü. Hər nə qədər pozitiv olmağa çalışsalar da, sanki daxilən problemlərdən doğan bir nisgillə yaşayırdılar. Görünür, iqtisadi və məlum siyasi problemlər məngənəsində özlərini yaxşı hiss etmirdilər. "Vorskla"nın "Qarabağ"la keçirdiyi Avropa Liqasının qrup mərhələsinin oyununu izləməyə xeyli az adamın gəlişini də bununla əlaqələndirmək olardı. Düzdür, hava soyuq idi, stadion şaxtadan qırov bağlamışdı. Bununla belə, 25 min nəfərlik stadionun yarıyadək dolmamasına bundan ciddi əsas tapmaq olmazdı. Elə indiyədək "Vorskla"nın heç bir oyununda tribunaların tam dolmaması faktı da bu fikri təsdiqləyir. Son ev oyunu isə noyabrın 29-da İngiltərə "Arsenal"ına qarşı olacaq. "Qarabağ"la görüşdə ən ucuz bilet 50 qrivnaya (təqribən 3 manat) idi. "Arsenal"la matç üçün isə bu məbləğ 4 dəfə baha qoyulub. Çətin ki, İngiltərə təmsilçisi ilə qarşılaşmada da stadion dolsun. Bu, təkcə biletlərin baha olması ilə yox, həm də "Qarabağ"la oyunda azarkeşlərin meydana fişənglər atmaları ilə əlaqədardır. UEFA-nın "Vorskla"ya məxsus stadionu tam və ya qismən qapadacağı şübhə doğurmur.

Dövlət Bayrağı gününə töhfə

Bu cür neqativ hallar içərisində "Qarabağ"ın qələbə qazanmasını və bunun 9 noyabr - Dövlət Bayrağı günü ərəfəsinə təsadüf etməsi çox xoş oldu. Azərbaycanın Ukraynadakı səfirliyi həm bayram, həm də oyunla əlaqədar əlindən gələni etdi. Səfir Azər Xudiyevlə Poltavadakı fəxri konsul Elşən Vəliyev oyunöncəsi məşqi və görüşü canlı izlədi, səfirlik milli bayram münasibətilə tədbir təşkil etdi, oyuna yüzlərlə azərbaycanlı azarkeşin gəlişi təmin olundu. Lakin oyun vaxtı həm "Vorskla", həm də "Qarabağ" azarkeşlərinin meydana yandırıcı maddələr tullamaları üzündən matç iki dəfə dayandırıldı. Hətta isveçrəli baş hakim Sandro Şörer komandaları tribunaya göndərdi və 8 dəqiqəlik fasilədən sonra geri qaytardı.

Sürpriz və nostalji 

Belə bir payız gecəsi "Qarabağ" "Vorskla"ya qalib gəlməsinə baxmayaraq, paralel görüşdə "Sportinq"in "Arsenal"la heç-heçə etməsi səbəbindən həm özünün, həm də ukraynalı rəqibinin payız ümidlərini xəzana döndərdi.

Qayıdarkən isə Poltava hava limanında xoşagəlməz sürprizlə qarşılaşdıq. Aeroporta çatarkən məlum oldu ki, təyyarə əlverişsiz hava şəraiti ilə əlaqədar uça bilməyəcək. Bu, bir tərəfdən duman, digər tərəfdən, yerin sürüşkən olması ilə əlaqədar idi. Beləliklə, uçuş ertəsi günə, daha dəqiqi, günorta saatlarına ertələndi. Beləliklə, yenidən otelə qayıdası olduq. Amma artıq həm komandanın, həm də jurnalistlərin qaldıqları otellərdə nömrələr təhvil verilmiş, yeni qonaqlar qəbul edilmişdi. Nəticədə hamı bir müddət restoranda gözləməli oldu. Bu vaxt "Qarabağ" rəhbərliyinin, hətta futbolçu Bədavi Hüseynovun xüsusən jurnalistlərə diqqəti təqdirəlayiq idi. Boş nömrələr tapıldıqdan sonra hamının otellərdə gecələmələri təmin edildi. Səhəri gün isə uçuşu uğurla gerçəkləşdirildi.

Poltava səfəri bax, belə bitdi. Şəhəri ikili hisslərlə tərk edəsi olduq. Yaddaqalan olduğu, nostalji hisslərlə xatırlanacağı isə şübhəsizdir.

Elşən MƏMMƏDOV

Bakı - Poltava - Bakı

Son xəbərlər

Orphus sistemi