Vüqar Məmməd: "Elit-raunda vəsiqə qazanmaqla iş bitmir" - MÜSAHİBƏ

Vüqar Məmməd: "Elit-raunda vəsiqə qazanmaqla iş bitmir" - MÜSAHİBƏ "Bəzi futbolçular nə Azərbaycan millisini, nə də oynadıqları ölkənin yığmasını seçirlər"
Futbol
507
7 Yanvar , 2019 16:02
Vüqar Məmməd: Elit-raunda vəsiqə qazanmaqla iş bitmir - MÜSAHİBƏ

Bakı. 7 yanvar. REPORT.AZ/ 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmmədin "Report"a müsahibəsi

- Ötən il Azərbaycanın əsas və digər yaş qrupundan olan milli komandaları mərhələ adlaya bilmədi. Rəhbərlik etdiyiniz komanda isə elit-raunda yüksəldi. Düşünürsünüzmü ki, buna görə də bütün ümidlər U-19-adır?

- Milli elə bir məfhumdur ki, gərək hamısına diqqət olsun və hər birinə eyni səviyyədə baxılsın. Düzdür, bu dəfə U-19 millisi Avropa çempionatının elit-raunduna vəsiqə qazanıb. Amma əvvəllər U-19 da, U-17 də mərhələ adlayıb. Bu gün bir mərhələ keçmişiksə, ikiqat çalışmalı və hazırlaşmalıyıq ki, bu mərhələni də uğurla keçək. Ən azından, çalışacağıq ki, növbəti mərhələyə vəsiqə qazanaq. Futbolçularla da danışırıq. Ona görə də hər ay təlim-məşq toplanışlarımız olur. Rəhbərlik də dəstək olur ki, bu raundda yüksək səviyyədə oynayaq. O biri komandaların aşağı səviyyədə çıxışına gəlincə, elə vaxtlar olub ki, U-19 da yaxşı nəticə göstərməyib, U-17 isə yüksək səviyyədə olub.

- U-19-un elit-raunda vəsiqə qazanmasında əsas rol nədən ibarət oldu: Müəyyən klubların bu yaşda olan futbolçuları əsas heyətdə meydana buraxmağa başlamaları, Premyer Liqada limitin tətbiqi, yoxsa əcnəbi klublardan səviyyəli oyunçuların cəlb olunması?

- Mən klublarda çalışan məşqçilərə də öz təşəkkürümü bildirmişdim. Onlarla daim sıx əlaqədə olduq. Futbolçular yığmada olanda baş məşqçilər onlarla maraqlanırdılar. Klublarda olanda isə yığmanın məşqçiləri maraqlanır. Daim sıx əlaqədə olduq. Sözsüz ki, bu işdə klubların da böyük əməyi var. Onlar da çalışdılar. 5-6 Azərbaycan komandası ilə sıx əlaqədə idik. Bu futbolçuların üzərində birlikdə çalışdıq. Bu, tək bizdən asılı olan məsələ deyil. Əlbəttə, milliyə dəvət alan futbolçular klublardan asılıdırlar. Birlikdə işlədik, amma başqa amillər də var idi. Biz də təlim-məşq toplanışlarında, beynəlxalq oyunlarda iştirak etdik. Futbolçular ustalıq səviyyələrini turnirdən-turnirə, oyundan-oyuna artırdılar. Bizi qarşıda beynəlxalq səviyyəli oyunlar gözləyir. Elit-raunddan əvvəl yoxlama oyunları keçirmək çox önəmlidir.

- Əsas milli komandaya baş məşqçi təyinatı hələ ki, reallaşmayıb. Ola bilsin ki, yeni gələn mütəxəssis gənclərə üstünlük versin. Sizcə, hazırkı U-19 millisinin heyətindən birbaşa əsas yığmaya cəlb oluna biləcək futbolçu varmı?

- Gəncləşdirmə prosesi getsə, sözsüz ki, aşağı yaş qrupundan futbolçu dəvət etmək lazım gələcək. Qaldı ki, U-19-dakı futbolçuların hamısı öncə U-21-ə namizəddirlər. Futbolçular daha sonra öz qarşılarına məqsəd qoyub əsas milliyə çağırılmaq üçün çalışmalı, çox işləməlidirlər. Necə olacağını zaman göstərəcək. U-19-un futbolçuları ilə söhbətimiz olanda hər yöndə danışır, çox çalışmalı olduqlarını və bununla işin bitmədiyini deyirik. Elit-raunda vəsiqə qazanmaqla iş bitmir. Əlimizdən gələnin iki qatını etməliyik. Mərhələlər keçməli, yaxşı beynəlxalq oyunlar keçirməliyik. Həm klub, həm də milli səviyyəsində bunları etməliyik. U-19 mərhələ adlayıbsa, bu o demək deyil ki, onlar əsas milliyə namizəd olan futbolçulardır. Hazırda bir şey demək olmur. Futbolçular daha çox çalışmalı, qarşılarına məqsəd qoymalıdırlar.

- Əsas milliyə namizəd üçün ad çəkə bilmirsiniz?

- Xeyr. Əsas milliyə namizəd olan futbolçular varsa, sözsüz ki, 3-4-ü gələcəkdə ora düşməlidir. Amma bu gün konkret ad çəkə bilmərəm ki, kimlər ola bilər. Onu zaman göstərəcək.

- Ölkə xaricində çıxış edən azərbaycanlı futbolçuları milliyə cəlb olunması davam edəcəkmi? 

- U-19-a xaricdən dəvət olunan futbolçular var. Onların bəziləri yığmamıza qoşulmaq üçün razılıq verdi. Amma razlaşmayanlar da oldu. "Krasnodar"da elə oyunçular var ki, bizim milliyə gəlməyi çox istəyirlər. Klublarda da problem olur, futbolçuları buraxmırlar. Çünki onların da bu ay hazırlıq prosesi var. Bundan öncə də iki təlim-məşq toplanışımıza gəlmək istəyirdilər, amma təhsilləri ilə əlaqədar alınmadı. Bəzi futbolçular isə nə Azərbaycan millisini, nə də oynadıqları ölkənin yığmasını seçirlər. 

- İmtina qərarlarını nə ilə əsaslandırırlar?

- Deyirlər ki, legioner statusu alacağıq və nəticədə öz klubumuzda qala bilməyəcəyəm. Bəziləri də heç bir səbəb göstərmirlər. Rusiya millisindən dəvət alacaqlarını gözləyirlər. Amma elə futbolçu var ki, 3-4 ildir gözləsə də, hələ dəvət almır.

- Azərbaycan yığmasına ölkə xaricindən gəlmək istəyən futbolçular hansılardır?

- 4-5 futbolçu var ki, onlarla danışdıq. Təlim-məşq toplanışımız üçün siyahı da artıq açıqlanıb.

- U-19-da sizi əvəzləyəcək baş məşqçi artıq məlumdur. Elit-raundu keçə bilməsəniz, hansısa yığmaya rəhbərlik edəcəyinizlə bağlı sizə bir söz verilib?

- Hazırda bu komanda ilə davam edirəm. Amma növbəti dəfə nə baş verəcəksə, ona rəhbərlik qərar verəcək. Harada desələr, orada da çalışacağam. 

Son xəbərlər

Orphus sistemi