Voyislav Stankoviç: "Rəqibi yaxşı analiz etmişik"

Voyislav Stankoviç: "Rəqibi yaxşı analiz etmişik" "Bizi çətin oyunun gözlədiyini bilirik. Rəqibi yaxşı analiz etmişik. Meydana öz oyunumuzu göstərərək, qələbə qazanmağa çıxacağıq".
Futbol
6 İyul , 2021 19:43
Voyislav Stankoviç: Rəqibi yaxşı analiz etmişik
Voislav Stankoviç

"Bizi çətin oyunun gözlədiyini bilirik. Rəqibi yaxşı analiz etmişik. Meydana öz oyunumuzu göstərərək, qələbə qazanmaq üçün çıxacağıq".

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Neftçi" komandasının futbolçusu Voyislav Stankoviç Gürcüstan paytaxtında "Dinamo"ya qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

34 yaşlı müdafiəçi "İnter"də (hazırkı "Keşlə") ikən "Dinamo"nun hazırkı baş məşqçisi Kaxaber Tsxadadzenin rəhbərliyi altında çalışdığını xatırladıb: "Onun Azərbaycan futbolunu yaxşı tanıdığını və futbolçulardan nə tələb etdiyini bilirik. Lakin biz Azərbaycan çempionuyuq və ümidvaram ki, ən yaxşı oyunumuzu sərgiləyəcəyik".

Stankoviç komandadakı dəyişikliklərin müdafiə xəttinə də təsirsiz ötüşmədiyini söyləyib. Bununla belə, serbiyalı legioner yaxşı oyun sərgiləməyə çalışacağını vurğulayıb.

"Uzun müddətdən sonra Azərbaycanı belə bir turnirdə təmsil etmək həddindən artıq qürurverirci hissdir və şərəfdir. Yalan danışmıram: Oyundan əvvəl üstümüzdə bir qədər gərginlik var. Bu da turnirin böyüklüyündən irəli gəlir. Bəzi futbolçularımız bu cür səviyyəli yarışlarda ümumiyyətlə iştirak etməyiblər".

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Neftçi" komandasının baş məşqçisi Samir Abasov Gürcüstan paytaxtında "Dinamo"ya qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

43 yaşlı müdafiəçi sabahkı qarşılaşmada hər şeyin yaddan çıxacağını və Azərbaycanı yaxşı təmsil etməyə çalışacaqlarını söyləyib. O, matçdan əvvəl müəyyən problemlər yaşadıqlarını, lakin bunları şişirtmək istəmədiyini vurğulayıb. Abasovun fikrincə, "Dinamo"nun bəzi üstünlükləri var: "Rəqib hazırda Gürcüstan çempionatında çıxış edir, müəyyən taktiki üstünlükləri var. Biz isə yaxşı təlim-məşq toplanışı keçmişik. Çalışacağıq ki, özümüzü yaxşı tərəfdən göstərək. Oyunun nə qədər gərgin keçəcəyi məlumdur. Rəqibin köklü klub olduğu bir yana, Kaxaber Tsxadadzenin gəlişindən sonra "Dinamo" çempionluq uğrunda mübarizədə özünü yaxşı tərəfdən göstərməyə başlayıb. Rəqibin necə oynayacağı bizə hələ aydın deyil. Bizi doğrudan da çox ağır oyun gözləyir. Tsxadadzeni çox yaxşı tanıyır və işlədiyi komandaların nəyə qadir olduqlarını bilirəm. Ən azı ona görə ki, onun rəhbərliyi altında oynamışam".

Abasov indidən əsas heyət barədə danışmağın tez olduğunu söyləyib: "Heyəti 90-95 faiz beynimizdə müəyyənləşdirmişik. Cəmi 3 yoldaşlıq görüşü keçirmişik. Bunlara əsasən, rəqibə qarşı nə isə düşünmək çətindir. Bununla belə, keçirdiyim hisslər möhtəşəmdir. Belə mötəbər turnirdə iştirak etmək mənim üçün fəxrdir".

Mütəxəssis əvvəllər futbolçu olduğu vaxt "İnter"də (hazırkı "Keşlə") baş məşqçisi olmuş Kaxaber Tsxadadzenin onun barədə dediyi xoş sözlərə də reaksiya verib: "Tsxadadze kimi işlədiyimi demək çətindir. İşlədiyim baş məşqçilərdən nə isə öyrənib-götürməyə çalışıram. Onların arasında Tsxadadzenin yeri xüsusidir. Bu baş məşqçinin işindən nələrisə götürüb tətbiq etməyə çalışacağam".

Baş məşqçi uzun müddətdən sonra Çempionlar Liqasında çıxış etməyin məsuliyyətini yaxşı anladıqlarını da dilə gətirib. Onun fikrincə, həddindən artıq istəkli olmaq "yanmağ"a gətirib çıxarır: "Hər bir komandanın öz çətinliyi var. Rəqibin baş məşqçisi çox oyundan şikayət edir. Mən isə oyun azlığından əziyyət çəkdiyimizi deyərdim".

Abasov heyətin komplektləşməsi sarıdan onları qayğılandıran məsələlərin olduğunu bildirib: "Bizdən asılı olmayan məsələ danışıqlar apardığımız oyunçuları hələ heyətimizə qata bilməməyimizdir. İki oyunun nəticəsinə əsasən mərhələ keçmək mümkündür. Bu görüşlərdə komandanın çıxışlarını izləyərək fikir yürüdürük. Bu cür yol bizi səhv istiqamətə apara bilər. Bu cür turnirlərdə xarakter ortaya qoymaq vacibdir və sınaqdan üzüağ çıxacağımıza inanıram".

"Neftçi"nin baş məşqçisi "Dinamo"nun çox kompakt olduğunu və durmadan uzun müddət qaçmağa, kollektiv oynamağa qadir olduğunu söyləyib: "Rəqibin güclü və zəif tərəflərini açıqlamaq istəmirəm. Amma güclü tərəflərinin qarşısını almağa, zəif cəhətlərindən isə yararlanmağa çalışacağıq".

Qeyd edək ki, iyulun 7-də Boris Payçadze adına "Dinamo Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi