Vitali Mutko: "Birlik Kubokunun Azərbaycanda keçirilmə variantı da var"

Vitali Mutko: "Birlik Kubokunun Azərbaycanda keçirilmə variantı da var" "AFFA-dakı həmkarlarımızdan həm kommersiya, həm də təşkilati baxımdan çox maraqlı təklif almışıq"
Futbol
27 Yanvar , 2017 09:37
Vitali Mutko: Birlik Kubokunun Azərbaycanda keçirilmə variantı da var

Bakı. 27 yanvar. REPORT.AZ/ Futbol üzrə Birlik Kuboku turniri Azərbaycanda keçirilə bilər. "Report"un məlumatına görə, bu barədə Rusiya baş nazirinin müavini və Futbol İttifaqının prezidenti Vitali Mutko açıqlama verib.

O bildirib ki, turnirin təşkil ediləcəyi məkanlarla bağlı bir neçə variant var: "Mümkündür ki, Birlik Kubokunun yeni məkanı Soçidəki "Fişt" stadionu olsun. Habelə turnirin Azərbaycanda keçirilmə variantı da mövcuddur. AFFA-dakı həmkarlarımızdan həm kommersiya, həm də təşkilati baxımdan çox maraqlı təklif almışıq. Hazırda Azərbaycanda futbola və ümumilikdə idmana maraq çox yüksək səviyyədədir".

Birlik Kubokunun yenidən bərpası məsələsinin gündəlikdə olduğunu deyən V.Mutko bu yaxınlarda həmin ideyanı UEFA prezidenti Aleksandr Çeferinlə də müzakirə etdiklərini açıqlayıb: "Hazırda hadisələrin inkişafının bir neçə variantı var. Biz MDB ölkələrinin top-klublarının qatıldığı varianta qayıdır və manejlərdən təbii meydanlara çıxırıq. Turnirin yanvarda keçirildiyini nəzərə alaraq, cənuba üz tutmağımız lazımdır".

Qeyd edək ki, ilk dəfə Birlik Kuboku 1993-cü ildə keçirilib. Turnirin ən titullu klubu 6 dəfə qalib olmuş Moskva "Spartak"ıdır. Ukraynanın "Dinamo" (Kiyev) komandası 4, Moldova "Şerif"i 2 dəfə kuboka sahib çıxıb. Azərbaycan təmsilçilərindən isə "Neftçi" (2006), "Xəzər Lənkəran" (2008) və "İnter" (2011) qalib olub. 

Son xəbərlər

Orphus sistemi