Vaqif Sadıqov: "Qurban Qurbanovun gəlişi ilə milli komandanın oyun üslubu dəyişib" - MÜSAHİBƏ

Vaqif Sadıqov: "Qurban Qurbanovun gəlişi ilə milli komandanın oyun üslubu dəyişib" - MÜSAHİBƏ Bakı. 8 sentyabr. REPORT.AZ/ AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Reportun suallarını cavablandırıb.
Futbol
8 Sentyabr , 2018 20:44
Vaqif Sadıqov: Qurban Qurbanovun gəlişi ilə milli komandanın oyun üslubu dəyişib - MÜSAHİBƏ

Bakı. 8 sentyabr. REPORT.AZ/ AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov "Report"un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Milli komanda Kosovo ilə dünənki oyunda necə təsir bağışladı?

- İlk növbədə, başa düşməliyik ki, komandamız yeni baş məşqçinin rəhbərliyi altında birinci rəsmi oyununu keçirdi. Bilirsiniz ki, Millətlər Liqasında çıxış edən bütün yığmaların hədəfləri eynidir. Hər bir komanda mümkün qədər uğurlu nəticələr qazanıb, hər liqadan final mərhələsinə yeganə vəsiqəni əldə etməyə çalışır. Bizim qrupda Kosovo ilə Azərbaycan yığması favorit sayılır. Bu oyunda hər iki komanda ilk növbədə məğlub olmamaq istəyirdi. Nəticə də hardasa oyuna görə oldu. Hər iki yığmanın üzərində nəticə yükü olduğna görə futbolçular ən yaxşı keyfiyyətlərini göstərə bildilər. Məğlub olan tərəf bu yarışdan kənarda qala bilərdi. Amma ikinci hissə göstərdi ki, yığmamızın gücü də, potensialı da var.

Komandamız əsas oyunçuları Avropanın yaxşı çempionatlarında çıxış edən yığmaya qarşı çox inamlı mübarizə apardı. Yalnız qol çatışmırdı. İnanıram ki, oyundan-oyuna bunu da görəcəyik. Yığmamız yaxşı nəticələrlə hamımızı sevindirəcək.

- Milli buna qədər bir neçə yoldaşlıq matçı keçirsə də, dünənki oyun Qurban Qurbanovun yığmada rəsmi debütü ilə əlamətdar oldu. Uzun illərdir komandanı izləyirsiniz. Kosovo ilə qarşılaşmada müsbətə və ya mənfiyə doğru – nə kimi dəyişikliklər gördünüz?

- Bunun üçün uzağa getmək lazım deyil. Ən vacibi odur ki, millinin oyun dəst-xətti dəyişib. Nəticədən asılı olmayaraq, hər bir matçda topa nəzarət bizim tərəfimizdə olur, oyunu diktə edirik. Kosovo ilə matçda da bunun şahidi olduq.

Qurban Qurbanovun gəlişi ilə oyun üslubu dəyişib. Futbolçuların ustalıq səviyyəsi də yüksək olmalıdır ki, istənilən nəticəni əldə edək. İnanıram ki, oyundan oyuna istəyimizə nail olacağıq. Komanda bir yerdə çıxış etməklə öz səviyyəsini də qaldıracaq, anlaşma da yaxşı olacaq.

- Sözlərinizdən belə başa düşülür ki, bədbinliyə heç bir əsas yoxdur...

- Yox, bədbinliyə heç bir əsas görmürəm. "Qarabağ" Bakıda "Çelsi"yə 0:4 hesabı ilə uduzurdu, ancaq komandamız 10 nəfərlə İngiltərə çempionuna qarşı mübarizə aparıb, topa nəzarət edən tərəf olurdu. Öz oyun üslubundan geri çəkilməyən bir baş məşqçimiz var. Onun öz tələbləri var və biz bunu yığma komandada görürük. Hər bir işdə zamana ehtiyac var. Ən vacibi odur ki, atılan addım düzdür. Bunu da oyundan oyuna sübut edəcəyik.

- Millətlər Liqası Azərbaycan kimi ölkələr üçün Avropa çempionatının final mərhələsinə çıxmaq baxımından həm arzu, həm də məqsəddir. Bizim potensialımız bu məqsədə çatmağa nə dərəcədə imkan verir?

- Hesab edirəm ki, şans var, bundan tam şəkildə istifadə etmək lazımdır. D liqasında yer alan komandaların hər birinin hədəfi budur. Onlar da bu şansdan yararlanıb, final mərhələsinə vəsiqə qazanmaq istəyirlər. Amma bəlkə də biz bunu onlardan da çox istəyirik. Bilirsiniz ki, AÇ-2020-nin 4 oyunu məhz bizim ölkəmizdə olacaq. İstərdik, azarkeşlərimiz final mərhələsində öz yığmamızı da görsünlər və dəstəkləsinlər. Hər birimiz bunu arzulayırıq, istəyirik. Bunu dərk edən komandamız, rəhbərliyimiz, futbolla məşğul olan şəxslərimiz var. Hamımızın hədəfi birdir: uğurlu nəticə ilə final mərhələsinə vəsiqə qazanmaq.

Son xəbərlər

Orphus sistemi