Vaqif Sadıqov: "Azərbaycan millisi qrupda 3-cü yer uğrunda mübarizə aparacaq gücdədir"

Vaqif Sadıqov: "Azərbaycan millisi qrupda 3-cü yer uğrunda mübarizə aparacaq gücdədir" "Malta ilə görüş ən ağır oyunlardan biri olacaq"
Futbol
5 Sentyabr , 2015 10:12
Vaqif Sadıqov: Azərbaycan millisi qrupda 3-cü yer uğrunda mübarizə aparacaq gücdədir

Bakı. 5 sentyabr. REPORT.AZ/ "Hamı fikirləşir ki, Malta ilə matç rahat olacaq. Belə düşünsək, bu, bizə qarşı çevrilə bilər. Əksinə, bu ən ağır oyunlardan biri olacaq. Rəqib İtaliyadakı oyunun son bölümlərində buraxılan topla minimal hesabla uduzdu. Bu, Malta millisinin öz meydanında xal üçün meydanın hər qarışı uğrunda var gücü ilə mübarizə aparacağını göstərir". Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib. 

AVRO-2016-nın seçmə qrup matçı ilə əlaqədar Azərbaycan millisi ilə birgə Maltaya səfərə çıxan veteran futbolçunun fikrincə, baş məşqçi Robert Prosineçki və onun köməkçiləri rəqibə layiqincə qiymət verir, lazımi təhlillər aparıblar: "İnşallah, sentyabrın 6-da meydana tam hazır komanda çıxarılacaq. Qələbəyə köklənməkdən əlavə, ardıcıllığı davam etdirmək və xal ehtiyatını artırmaqdan ötrü məzmunlu oyun və rəqibə hörmətlə yanaşmaq çox vacibdir. Məncə, bu, yığmamızda nəinki vacib, hətta bəlkə ən üstün olan amildir. Biz Maltanı İtaliya və ya Xorvatiyadan ayırmır, hər bir komanda ilə oyuna ciddi, peşəkarcasına hazırlaşır, məqsədyönlü iş görür, bütün gücümüzü sərf etməklə nəticə əldə etməyə çalışırıq. Məncə, bu oyunda da belə olacaq. Futbolçularımız sonadək mübarizə aparıb lazımi xalı əldə edəcək və yüksəlişi davam etdirəcəklər".

V.Sadıqovun sözlərinə görə, Azərbaycan millisi hazırda yer aldığı H qrupunda 3-cü yer uğrunda mübarizə aparmağa qadirdir. Amma bunun üçün hədəfə pillə-pillə addımlamaq lazımdır: "Turnir cədvəlinə baxdıqda, ən azı Bolqarıstanı keçməyə imkanımızın olduğunu görürük. Amma gəlin, biz 3 oyunu fikirləşməyək. Hər bir qarşılaşmaya pillə-pillə baxaraq adlayaq. Növbəti rəqib Maltadır. Əvvəlcə bu komandanı məğlub edək, sonra da İtaliya ilə Bolqarıstanı düşünək. Amma məncə, millimiz Malta, Bolqarıstan və Norveçlə 3-cü yer üçün mübarizə aparacaq gücdədir".

Qeyd edək ki, sentyabrın 6-da Ta Qali Milli Stadionunda keçiriləcək Malta - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 7 turdan sonra Xorvatiya və İtaliya yığmaları hərəyə 15 xalla ilk 2 pilləni bölüşürlər. Norveç 13 xalla 3-cü, Bolqarıstan 8 xalla 4-cü yeri tutur. Aktivində 5 xalı olan Azərbaycan millisi 5-ci pillədədir və sonuncu yerdə gedən Maltanı 4 xal qabaqlayır. 

Son xəbərlər

Orphus sistemi