Vaqif Cavadov: "Qışda "Keşlə"dən ayrılacağımla bağlı xəbər eşitdim" - MÜSAHİBƏ

Vaqif Cavadov: "Qışda "Keşlə"dən ayrılacağımla bağlı xəbər eşitdim" - MÜSAHİBƏ Bakı. 19 dekabr. REPORT.AZ/ “Keşlə” komandasının futbolçusu Vaqif Cavadovun “Report”a müsahibəsi:
Futbol
19 Dekabr , 2018 15:03
Vaqif Cavadov: Qışda Keşlədən ayrılacağımla bağlı xəbər eşitdim - MÜSAHİBƏ

Bakı. 19 dekabr. REPORT.AZ/ “Keşlə” komandasının futbolçusu Vaqif Cavadovun “Report”a müsahibəsi:

- Dekabrın 20-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qarabağ”ı qəbul edəcəksiniz. Matçla bağlı gözləntiləriniz nədir?

- Bu, bizim üçün cari mövsümdə ən önəmli oyundur. Cütün qalibi kuboku qazana bilər. Fikrimcə, əsas namizəd “Keşlə” ilə “Qarabağ”dır. İlk görüşdə 0:1 hesabı ilə udusaq da, hələ heç nə itirilməyib. Bizim də şansımız var. Ona görə də qarşılaşmanın çox gərgin olacağı gözlənilir. Yaxşı nəticə ilə yarımfinala adlayacağımızı düşünürəm.

- Ayın əvvəlində Premyer Liqada “Qarabağ”a 1:5 hesabı ilə məğlub olduğunuz üçün Azərbaycan Kubokunda da oxşar nəticənin qeydə alınacağı proqnozlaşdırılırdı. Minimal hesabla yenilməyinizi nəyə bağlayırsınız?

- Hansı hesabla uduzsan da, həmişə meydana qələbə üçün çıxırsan. Həmin qarşılaşmada hesabın böyük alınması öz səhvlərimizin nəticəsi idi. Əlbəttə, “Qarabağ”ın da gücü, səviyyəsi bizi səhv buraxmağa məcbur edir. Bunu etiraf etmək lazımdır. Amma bizim də qüsurlarımız az deyildi. Əsas məsələ odur ki, səhvlərimizi başa düşdük, düzgün analiz aparıb kubokda fərqli çıxış etdik.

- Yarımfinala vəsiqə şansınız neçə faizdir?

- Komandamızın qalib gəlməsini istəyirəm. Hər şey futbolçularımızın bu matça necə hazırlaşmalarından və yanaşmalarından asılıdır. Bizim üçün yaxşı olacağını düşünürəm.

- İlk oyunda qeydə alınmış nəticə “Qarabağ” üçün böyük üstünlük deyil?

- Xeyr, belə deməzdim. Çünki biz də vura bilərik, vuracağıq da. Hər şey başqa cür ola bilər. Qalibin əlavə vaxtda müəyyənləşməsi də istisna deyil.

- Karyeranızdakı qısa fasilədən sonra bu il yenidən futbola qayıtdınız və ötən mövsüm Azərbaycan Kubokunun qalib oldunuz. 2018-ci ili şəxsi planda necə qiymətləndirirsiniz?

- Bu il mənim üçün hər şey çox yaxşı oldu. Bir övladım vardı, ikincisi dünyaya gəldi. Düz qeyd etdiniz: Qısa fasilədən sonra “Keşlə”yə gəldim. Qışdan sonra çempionatda uğurlu çıxış etdik, Azərbaycan Kubokunun qalibi olduq. Bu uğurda mənim də payım olduğu üçün sevinirəm. Təəssüf ki, yayda baş məşqçi dəyişikliyindən sonra cari mövsümə yaxşı başlamadıq. Mladen Milinkoviçin yanaşması bir az fərqli idi, məni oynatmadı. Amma bu, mənim zəif olmağım demək deyildi, özünün seçimi idi.

- Lakin Tərlan Əhmədovun baş məşqçi postuna gəlişindən sonra da az oyun vaxtı alırsınız. Məgər hazırda yaxşı formada deyilsiniz?

- Xeyr, hər şey qaydasındadır. Yenə deyirəm, bu, məşqçi seçimidir, hər kəsin öz yanaşması var. Ötən mövsüm daim oynayırdım, indi də eyni şeyləri etməyə hazıram.

- Ehtiyatda qalmağınız qış fasiləsində klubunuzu dəyişməklə nəticələnə bilərmi?

- “Keşlə” ilə mövsümün sonuna qədər müqaviləm var. Komandanı yarı yolda qoymaq istəmirəm. Ümumiyyətlə, bu barədə düşünmürəm. Qışda klubdan ayrılacağımla bağlı xəbər eşitdim. Amma belə bir şey yoxdur. Heç yerə getmirəm. Sabah necə olacağını kimsə deyə bilməz.

Son xəbərlər

Orphus sistemi