"Uypeşt"in kapitanı Bakıya səfərin təşkilatçılığı ilə bağlı öz klubunu sərt tənqid edib

"Uypeşt"in kapitanı Bakıya səfərin təşkilatçılığı ilə bağlı öz klubunu sərt tənqid edib "Hamı bizə oyunumuza görə hücum edir, amma heç kim bundan danışmır"
Futbol
14 İyul , 2018 14:20
Uypeştin kapitanı Bakıya səfərin təşkilatçılığı ilə bağlı öz klubunu sərt tənqid edib

Bakı. 14 iyul. REPORT.AZ/ "Komandamızın Avropa kuboklarına vəsiqə qazanmasını 9 ilədək gözləmişdik. Mən klubumuzun sahibi Roderik Düşatele barədə yox, Bakıya səfəri ucuz etmək üçün hər şeyi etməklə səhvə yol verən rəhbər şəxslərimizdən danışıram. Səfərimiz elə keçdi ki, hətta söz tapa bilmirəm".

"Report"un məlumatına görə, bunu Macarıstanın "Uypeşt" klubunun kapitanı Robert Litauski "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

28 yaşlı müdafiəçi öz klubunun ünvanına tənqidi fikirlər səsləndirib: "Biz çərşənbə günü səhər tezdən yola çıxdıq. Çərşənbə axşamı günü klubdan mənə dedilər ki, viza ilə bağlı problemim var. Sənəddə hansısa səhvə yol verilib və evdə qalmalıyam. Sonra dedilər ki, 90 faiz səni Azərbaycana buraxmayacaqlar. Riskli olsa da, səfərə çıxmağa qərar verdim. Beləliklə, 30 nəfərlik təyyarə ilə yola çıxdıq. Təyyarə iki dəfə yanacaq üçün eniş etməli oldu. Beləliklə, günümüz səfərlə keçdi. Bakıya çatanda axşam idi. Təyyarə bələdçiləri və pilotlar bizə deyirdilər ki, belə cəzanı necə haqq etdiyimizi bilmirlər".

Təyyarədə, sadəcə, sendviç yediklərini deyən Lutauski Azərbaycan paytaxtına gec çatdıqları üçün oyunqabağı məşqə çıxa bilmədiklərini bildirib. O, Heydər Əliyev Beynəlxalq Hava Limanında viza alarkən konsulla söhbətə vaxtının getdiyini və komanda yoldaşlarına sonradan oteldə qoşulduğunu əlavə edib: "Otelə gecə saat 1:30-da çatdım. Nə yeyə, nə də içə bildim. Hamı yatdığı vaxt mən özüm üçün məşq edirdim. Komanda yoldaşlarım Alassan Diallo və Obinna Nvobodoya baxanda mən daha yaxşı durumda idim. Onlar viza ala bilməyərək səhərçağı Budapeştə qayıdası oldular".

Kapitan oyun günü rütubətin 90 faiz olması üzündən oteldən gəzməyə də çıxa bilmədiklərini söyləyib. Onun fikrincə, qapıçı Filip Payoviçin səhvlərə yol verməsinin səbəbi normal şəraitdə hazırlaşmamaları olub: "Biz bütün oyun boyu əziyyət çəkdik. Bədənimiz meydanda zorlandı. Bu, böyük məyusluq idi. Hamı bizə oyunumuza görə hücum edir. Amma heç kim səfər boyunca təşkilatçılığın aşağı səviyyədə olmasından danışmır. Rəhbərlik bankrot olduqlarını bildirirdi".

Təcrübəli oyunçu sözlərinin çoxunun xoşuna gəlməyəcəyini, lakin kapitan kimi bunları deməsinin gərəkliyini vurğulayıb. Bütün bunlara rəğmən, "Uypeşt"in aparıcı futbolçusu mərhələ adlamaq üçün hər şeyi edəcəklərini söyləyib: "İnanıram ki, bir komanda kimi ayağa qalxaraq normal oynaya bilərik. Bütün mümkün nə varsa, edəcəyik, çünki "Neftçi" məğlubedilməz komanda deyil. Hərçənd, büdcəmiz məhduddur. Hamımız ambisiyalıyıq və yolumuza davam etmək istəyirik".

Qeyd edək ki, "Uypeşt"in rəsmi saytı Bakıya səfərin ideal keçdiyini, hava limanından 3 dəqiqə məsafədəki beşulduzlu "Sheraton" otelində qaldıqlarını və yorğunluğa rəğmən, futbolçuların motivasiyalı olduqlarını yazıb. 

Son xəbərlər

Orphus sistemi