Uşaq futbolunun həvəskar təbliğatçısı: "Bu işi təmənna güdmədən görürəm"

Uşaq futbolunun həvəskar təbliğatçısı: "Bu işi təmənna güdmədən görürəm" Uşaq futbolunu yaxından izləyənlər stadionlarda əynində AFFA-nın geyimi, əlində isə videokamera və ya fotoaparat əvəzinə telefon olan bu şəxsi tez-tez görür. Heydər Əliyev uşaq futbolunu öz məhdud imkanları daxilində işıqlandırmağa çalışan həvəskar fotoqr
Futbol
14 Mart , 2022 10:40
Uşaq futbolunun həvəskar təbliğatçısı: Bu işi təmənna güdmədən görürəm

Uşaq futbolunu yaxından izləyənlər stadionlarda əynində AFFA-nın əvvəlki loqosu ilə geyimi, əlində isə videokamera və ya fotoaparat əvəzinə telefon olan bu şəxsi tez-tez görür. Heydər Əliyev uşaq futbolunu öz məhdud imkanları daxilində işıqlandırmağa çalışan həvəskar bloqqerdir. Peşəkar olmasa da, futbola sevgisi onu meydançalara çəkir. Əvvəllər özü də futbolla məşğul olub. Sadəcə, müəyyən səbəblərdən sevimli peşəsinin arxasınca gedə bilməyib. Amma ruhdan düşməyib və hazırda ölkə futboluna bəlkə də bu işin içində olanlardan daha çox xeyir verir. Necə?

QOOL TV yutub kanalının baş redaktoru bu suala "Report"a müsahibəsində aydınlıq gətirib. O, həm öz fəaliyyətindən, həm də uşaq futbolundakı müsbət və mənfi məqamlardan danışıb.

- İlk olaraq özünüz haqqında məlumat verərdiniz...

- Diqqətdə saxladığınız üçün sizə təşəkkür edirəm. 3 ildən artıqdır ki, həvəskar şəkildə bu sahədə fəaliyyət göstərirəm. Özüm də vaxtilə futbolla məşğul olmuşam. Daha sonra diqqətsizlikdən, kənarda qalmışam. Amma indi hansısa uşağın diqqətdən kənarda qalmasını istəmirəm. Təbii ki, söhbət istedadlı uşaqlardan gedir. Bunun üçün yutub kanalımı yaratdım. Hazırda tək fəaliyyət göstərirəm. Düzü, oyunları telefonla işıqlandırıram.

- Futbolla nə vaxt məşğul olmusunuz?

- Səbail Uşaq Gənclər İdman Məktəbi var idi, orada məşğul olmuşam. Bir dəfə Bakı birinciliyinin və kubokunun qalibi olduq. Ondan sonra hərbi xidmətə getdim. Qayıdanda isə futbol fəaliyyətim alınmadı. Buna çox təəssüflənmişdim. Amma indi də istəyirəm ki, futbol sahəsində çalışım.

- Hansı mövqedə oynayırdınız?

- Əksər hallarda yarımmüdafiənin sağında çıxış edirdim.

- Hazırda demək olar ki, bütün futbolçulara hərbi xidmət dönəmində şərait yaradılır. Bəs sizin karyeranız niyə alınmadı?

- Bir az diqqətdən kənada qaldım. Valideynlərim də futbolçu olmağıma əngəl oldular. Uşaqlara stimulu valideynlər verir. Onlar olmayanda isə tək qalırsan və məsləhət verənin, yol göstərənin olmur. Oyunum alınmayanda həvəsdən düşür, evə qayıdırdım. Ailədə isə stimul verən yox idi. Amma indi özüm valideynlərin stadionlara gəldiyini görürəm, Ən çox da U-11 və U-12 liqalarında çoxluq təşkil edirlər. Hər kəs öz övladının oyununu izləyir. Bəzən insanı kövrəlmək tutur. Mən vaxtilə bunları yaşamamışam. Təkbaşına getmişəm. Biz Yasamalda qalırıq, yol pulumun olmadığı vaxtlar olub. Piyada Badamdara gedirdim. Çox çətin günlərdən keçmişəm. Bu səbəbdən, məcbur qalıb futbolçu karyeramı bitirməli oldum.

- Futbolçu ola bilməsəniz də, bu sahədə çalışırsınız. Hazırda gördüyünüz işə maraq sırf futbola olan sevgi ilə bağlıdır?

- Bir çoxları elə bilir ki, mən hansısa oyuna gedəndə klublardan və valideynlərdən ödəniş alıram. Dəfələrlə təklif edən olub, amma istəməmişəm. Çünki məqsədim uşaqları diqqətdə saxlamaqdır. Əsas niyyətim də budur. Bəzən mənə deyirlər ki, yuxarı liqalara gəlin, orada izləyici sayı çox olur. Mən özüm də bunu hiss edirəm. Sonuncu dəfə U-17 liqasından çəkdiyim materiallara baxış sayı həddindən artıq çox olmuşdu. Amma məqsədim yutubdan gəlir əldə etmək deyil. Sırf uşaq futboluna dəstək olmaq istəyirəm. Bəzən U-10 liqasına gedirəm. Videolara 200 - 300 baxış olur. Amma bu, məni narahat etmir. Şəxsi hədəflərim var və bunlara çatacağıma inanıram.

- Hədəfləriniz nədir?

- Əvvəllər "Sabahın Ulduzları" liqası var idi, sonra fəaliyyətini dayandırdı. Məqsədim o tipdə çalışmaq və kanalı inkişaf etdirməkdir. AFFA-dan bu yöndə dəstək gözləyirəm. Valideynlər mənə dəstək olmaq istəyiblər, lakin razılaşmamışam. Mənə federasiyanın dəstəyi lazımdır ki, bu işi daha keyfiyyətli şəkildə görə bilim. Məqsədim uşaqlar üçün yeni verilişlər hazırlamaq və daha çox oyun işıqlandırmaqdır. Həyatımın qalan hissəsini sevə-sevə uşaq futboluna həsr etmək istəyirəm. Bu işi təmənna güdmədən görürəm.

- Bütün işlərinizi özünüz görürsünüz və heç yerdən dəstək almırsınız. Bu, sizə çətinlik törədirmi?

- Əslində çətinliklər olur. Amma hədəflərim var və buna çatmaq üçün mübarizə aparıram. Bəzən həvəsdən düşürəm. Elə vaxt olub ki, ruhdan düşmüşəm, 12 yaşlı uşaq mənə "Əmi, bizim oyunumuza gələcəksiniz" yazıb. Bu, həmin vaxt mənə stimul verib. Bilirəm ki, uşaqlar da məni istəyirlər. Qarşıma qoyduğum məqsəddən dönməyəcəyəm. Uşaq liqaları U-10-dan U-13-dək Hövsanda olurdu. Ora gedib qayıtmaqda çətinlik çəkirdim. Bir dəfə soruşdular ki, hara gedirsiniz, sizin jurnalist fəaliyyətiniz varmı, saytda çalışırsınızmı? Mən də dedim ki, heç bir saytda çalışmıram. Buna görə stadionun ərazisinə buraxa bilməyəcəklərini dedilər. Buna çox pis olmuşdum. Daha sonra qərara gəldim ki, AFFA-nın Uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyevlə əlaqə saxlayım. Sağ olsun, məni xoş qarşıladı. Məni izlədiyini, yaxşı işlər gördüyümü və buna görə mənə dəstək olacağını bildirdi. Artıq özümü tək hiss etmirəm. Bilirəm ki, kimlərsə mənə dəstək olur. Bu, mənim üçün çox böyük şeydir.

- Maddi baxımdan hansısa dəstək olubmu və ümumiyyətlə, AFFA sizin əziyyətinizi qiymətləndirirmi?

- Hələlik AFFA-dan çağırış olmayıb. Videomüraciətlərimdə bildirmişəm ki, mənə dəstək lazımdır. Hətta bir neçə dəfə gənclər və idman naziri Fərid Qayıbova da müraciət ünvanlamışam. İnanıram ki, yaxın zamanlarda onlar mənə dəstək olacaqlar. Valideynlər aralarında danışıblar. Məsələn, "Neftçi" klubundakı uşaqların valideynləri yeni avadanlıqlarla daha keyfiyyətli iş ərsəyə gətirməyi təklif edib. Tək "Neftçi" deyil, digər klubların oyunçularının valideynləri də dəstək olmaq istəyirlər. Sadəcə, mən onların dəstəyini istəmirəm. Bunu federasiyadan gözləyirəm. İnanıram ki, olacaq.

- Klublardan və ya AFFA-dan hansısa iş təklifi almısınız?

- İdman saytlarından iş təklif ediblər. Onlara da bildirmişəm ki, niyyətim uşaq futbolunu diqqətdə saxlamaqdır. Hətta zarafatyana demişdim ki, sizin saytda çalışsam, uşaq futbolu ilə məşğul ola bilərəm? Dedilər ki, xeyr, bizim öz qaydamız var. Mən də bildirdim ki, üzrlü hesab edin, hədəflərim və niyyətim başqadır.

- Uşaq futbolunda ümumi durum necədir: Hansı problemləri görürsünüz?

- Bəzi məşqçilər valideynlərin kənarda oyuna müdaxiləsindən narazıdırlar. Bunun dəfələrlə şahidi olmuşam. Amma valideynləri də başa düşürəm. Hər kəsə öz övladı əzizdir, şirindir. Bu səbəbdən, onların daha da inkişaf etməsini istəyirlər. Amma bu da doğru deyil. Meydanda futbolçuları idarə edən məşqçi var. Oyunçular məşqçiyə qulaq asmalıdırlar. Hətta bir dəfə liqaların birində məşqçi əsəbiləşmişdi. Valideyn ayrı, mütəxəssis isə ayrı söz deyirdi. Məşqçi valideynə "Siz gəlin, mənim yerimə keçin, mən də azarkeş kimi oyunu izləyim" dedi (gülür). Belə hallarla da rastlaşmışam. Valideynləri də qınamıram, onları anlayıram. Lakin meydanda məşqçinin sözü keçməlidir, valideynin yox. Məşqçi nəyi tapşırıbsa, uşaqlar da onu yerinə yetirməlidirlər. Bundan başqa, U-14 liqasında çıxış edən uşaqlar mənə müraciət ediblər ki, bəs, qumun içərisində oynayırıq. Özüm də stadiona ayaq basanda bunun şahidi oluram. Söhbət "Dalğa Arena"nın ikinci meydançasından gedir. Buna görə çox üzülürəm. İnanıram ki, problem tezliklə aradan qalxar. Futbolçular təbii otda oynamalıdırlar.

- Aşağı liqalarda bəzən "lipa" futbolçular da tapılır. Belə halların şahidi olmusunuzmu?

- Bunun şahidi olmamışam. İnsan gərək gördüyü məsələdən söhbət açsın. Varsa, istəyirəm ki, belə hallar olmasın. Çünki bəzi məşqçilər pley-off uğrunda mübarizələrdə qalib olmaq istəyirlər. "Lipa" oyunçu meydana girirsə, futbolun inkişafından danışa bilmərik. Akademiyanın rəhbəri isə nəticə tələb edir. Məşqçi də bu səbəbdən, meydana "lipa" futbolçu buraxır. Bu isə futbolun inkişafı deyil və peşəkar məşqçiyə yaraşmayan hərəkətdir. İnanmıram ki, hansısa peşəkar mütəxəssis bu yola əl atsın.

- Oyunçular və valideynlər uşaq futbolunun hazırkı durumundan razıdırlarmı?

- Bəzi valideynlərlə əlaqə saxlayıram və futbol haqqında danışıram, məsləhətləşirik. Məsələn, "Sabah" Futbol Akademiyasından hələlik hansısa şikayət eşitməmişəm. Çünki məşqçiləri peşəkardır. Hətta vacib matçlarda belə, çalışırlar ki, bütün uşaqlara şans versinlər. Sırf qələbə uğrunda mübarizə aparmırlar. Hələlik valideynlərdən elə narazılıq eşitməmişəm. Bəziləri deyir ki, övladını xarici ölkəyə çıxarmaq istəyir. Bu isə onunla bağlıdır ki, Azərbaycan Premyer Liqasında 8 komanda var. Futbolçular böyüyürlər. Bəzən elə olur ki, 17 yaşda əsas heyətdə oynamalıdırlar, amma klub azlığına görə yer tapa bilmirlər. Valideynlər məcbur qalıb uşaqlarını xaricə çıxarmaq istəyirlər. İnanıram ki, bu problem də arada qalxacaq.

- Bəzən məşqçilərin uşaqlarla davranışı tənqid olunur. Hansısa mütəxəssisin azyaşlı futbolçu ilə kobud rəftarını görmüsünüz?

- Bəzi oyunlarda məşqçi istər-istəməz aqressiv olur. Matça köklənən mütəxəssislər var ki, adlarını çəkmək istəmirəm. Sırf qarşılaşmaya adaptasiya olurlar. Bəzən uşağın üstünə qışqırırlar, amma matçdan sonra görürəm ki, onu qucaqlayır, öpürlər. Bəziləri oyundan əvvəl futbolçulara deyir ki, hansınızınsa üzərinə qışqıra bilərəm və bu, oyunun içində olan şeydir. Bir neçə klub var ki, oradakı uşaqlar da peşəkar yetişir və belə şeylərə hazır olur. Bəzən hakimlərin qışqırdığının şahidi olmuşam. Məsələn, uşaq autu səhv atanda belə hallar baş verir. Bilirsiniz ki, aşağı liqalarda bu cür səhvlər olur. Referi isə aqressiv reaksiya verir. Elə olub ki, məşqçisi deyib ki, uşağın üstünə qışqırmaq doğru deyil. Belə halların da şahidi olmuşam. Özüm də son statuslarımın birində bununla bağlı yazmış, "Bəzi hakimlərə izah etmək lazımdır ki, uşaqların üstünə qışqırmaq olmaz, onlar bizim gələcəyimizdir", - deyə bildirmişdim. Hakimdən qorxmaq lazım deyil. Uşaq niyə qorxmalıdır ki?

- Uşaqların arasında xüsusi istedadı olanlar varmı?

- Belə uşaqlar o qədərdir ki... Amma adlarını sadalamasam, daha yaxşı olar. Çünki beşinin adını çəkərəm, digərləri məndən inciyər. Bəzən oyunun yaxşıları ilə meydanda şəkil çəkdirib paylaşıram. Digər uşaqlar inciyir ki, bizimlə niyə çəkdirmirsən. Qulağıma gəlib çatır, valideynlər öz aralarında danışırlar ki, Heydər bizim övladımızla şəkil çəkdirmədi. İstəmirəm hansınınsa adını çəkim. Amma "Sabah", "Neftçi" və "Zirə"də istedadlı futbolçular var. Bölgələrdə də istedadlar az deyil. "Sabah" klubu bu işlə məşğul olur və bölgələrdən oyunçuları cəlb edir. Amma indi ad çəkib uşaqların qəlbinə toxunmaq istəmirəm. Mövzudan bir az kənara çıxım: Uşaq səhv edir, sonra ağlayır ki, Heydər əmi, nə olar, onu paylaşma. Mən də ona təsəlli verirəm və böyük futboldan misallar çəkirəm. Məsələn, deyirəm ki, Canluici Buffon da bəzən çıxışlarda səhvə yol verir. Bunlar hamısı düzələcək. Daha sonra anlayırlar və ağlamaq istəmirlər. Onların adına sevinirəm.

- Azərbaycan futbolunda istedadlı futbolçular olsa da, müəyyən yaş dövründən sonra sanki yoxa çıxırlar. Bunun səbəbini nədə görürsünüz?

- Bunun müxtəlif səbəbləri var. Hər şey valideyndən asılıdır. Uşaqları həvəskar şəkildə məşğul olsun deyə futbola qoyurlar. 15-16 yaşından sonra övladının futbolla məşğul olmasını istəmir, daha çox təhsilə üstünlük verirlər. Bəzən isə uşaq diqqətdən kənarda qalır. Elə olur ki, məşqçinin hansısa uşağa simpatiyası yaranır. Deyir ki, bu, əsas heyətdə oynamalıdır. Halbuki həmin uşaq bunu haqq etmir. Belədə, digərləri də istər-istəməz həvəsdən düşür. Bir də əsgərlik problemi var. Bizdə MOİK-dən əlavə, "Ədliyyə" klubu da var idi. Uşaqlar buraya cəlb edilir və hərbi xidmətlərini çəkirdilər. İndi isə yalnız MOİK qalıb. Bunun da üzərinə böyük yük düşüb. Bəzən hərbi xidməti MOİK-də çəkə bilməyəndə məcbur qalıb futbolu atırlar. Valideynlərin də dəstəyi çox önəmlidir. Uşaqlara daim stimul verməlidirlər. Məşqçilər də futbolçuları diqqətdə saxlamalıdırlar. Hər bir uşağa şans verilməlidir ki, həvəsdən düşməsin. Çünki gələcəyimiz olan uşaqları itirmək olmaz. Ehtiyatda qalan uşaq həvəsdən düşür. Görür ki, mütəxəssis 3 oyundur başqasına şans verir. O da belə olan halda məşqi atır. Özəl klublar da futbolçuları komandalara ödənişlə götürürlər. Bu, məbləğ isə 50 - 100 manat arasında dəyişir. Çox uşağın buna imkanı çatmır. 5-10 ay gəlirlər, daha sonra maddi imkanları çatmır. Mənim özümə müraciətlər olur ki, uşağımıza yol göstərin. Çalışıb əlimdən gələn qədər dəstək oluram. Uşaqlar gələcəkdə ulduza çevrilə bilər. Hər dəfə onlarla danışanda deyirəm ki, hədəfləriniz həmişə böyük olmalıdır. Çünki insan qarşısına məqsəd qoydusa, mütləq ona çatır. Onlara deyirəm ki, səsiniz İngiltərədən, İtaliyadan gəlsin. Bəzən aralarında gülənlər olur. Başa salıram ki, burada gülməli bir şey yoxdur. Biz Azərbaycandan kənara çıxa bilmirik. Məqsəd futbolçu karyerasını daha da zənginləşdirməkdirsə, bunun üçün Avropaya üz tutmaq lazımdır.

- Yəqin ki, geridə qalan 3 il müddətində başınıza maraqlı hadisələr gəlib. Onlardan hansını danışa bilərsiniz?

- Bəli, çox olub. Bir dəfə Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda idim. Arenanın köhnə vaxtları idi. Məşqçi stadiona öz oğlu ilə gəlmişdi. Oyunu çəkdiyim yerdə, bir də gördüm ki, uşaq kameranı tutub özünə tərəf çevirdi. Soruşdum ki, nə edirsən, kənara çəkil. Təbii ki, uşaq olduğu üçün başa düşmədi. İkinci dəfə yenə gəldi (gülür). Bir dəfə də "Sabah"ın oyununda bir uşaq qaça-qaça gəlib kameranın qarşısında oynamağa başladı. Həmin vaxt bir az diksindim. Bir əhvalatı da danışım, amma komandanın adını deməyəcəyəm. U-14 liqasının matçında top uşağın əlinə dəydiyi üçün hakim oyunu saxladı. Uşaq başladı and içməyə ki, top əlimə dəymədi. O, ağlayaraq etiraz etsə də, referi artıq cərimə zərbəsi təyin etmişdi.

- Hazırda ölkə xaricində çıxış edən 2-3 yerli futbolçu var. Maraqlıdır, azyaşlı oyunçular özlərinə yerliləri, yoxsa əcnəbiləri kumir seçirlər?

- Açığı, öz futbolçularımızdan kimisə özünə kumir seçən uşağa hələ rast gəlməmişəm. Bəlkə də var, mən bilmirəm. Aralarında Fernando Muslera, Tyerri Anri, Dieqo Maradonaya rəğbət bəsləyən futbolçular çoxdur.

- Bu gün Azərbaycan futbolunda peşəkar klublar daha çox nəticəyə önəm verirlər. Onlar üçün uşaq futbolu ikinci dərəcəlidir. Bu işin içində olan bir şəxs kimi həmin komandalara nə demək istəyərdiniz?

- Burada əsas iş akademiya rəhbərlərinin üstünə düşür. Bunlar bütün yaş qruplarından nəticə tələb edirlər. Bəziləri "vur qabağa" prinsipi ilə oynayırlar. Çox vaxt oyunları cansıxıcı alınır. Futbolçu bu vəziyyətdə inkişaf edə bilməz. Deyək ki, bu gün komanda qələbə qazandı. Bəs, onların inkişafı? Nəticə də tələb etməlidirlər, gözəl və baxımlı oyun da. "Sabah", "Zirə" və "Vətən"in aşağı yaş qrupları üzrə komandaları məhz bu cür oyun sərgiləyirlər. Onların çıxışını bəyənirəm. Futbolun inkişafını düşünürlər. Uşaq futbolunda nəticə tələb etmək düzgün deyil. Məsələn, U-10 liqasında hansısa komanda "vur qabağa" oynayıb çempion oldu. Bununla nə qazanırlar? 17 yaşına çatanda görəcəklər ki, uşağın qabında heç nə yoxdur. Onu komandaya necə götürəcəklər? Elə oyunlar olur ki, 18:0, 20:0 hesabı ilə bitir. Belədə, uşaqlar sınır, ağlayırlar.

Son xəbərlər

Orphus sistemi