Uroş Matiç: "İsrailə xal və ya xallar üçün gəlmişik"

Uroş Matiç: "İsrailə xal və ya xallar üçün gəlmişik" "Qarabağ"ın serbiyalı yarımmüdafiəçisi Uroş Matiç İsrailin "Sport1" nəşrinin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir.
Futbol
22 Oktyabr , 2020 17:10
Uroş Matiç: İsrailə xal və ya xallar üçün gəlmişik
Uroş Matiç

"Qarabağ"ın serbiyalı yarımmüdafiəçisi Uroş Matiç İsrailin "Sport1" nəşrinin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir.

- "Makkabi"ni yaxşı tanıyıram. Zəngin tarixi və çılğın azarkeşləri olan böyük klubdur. Son illər orada bir neçə serbiyalı futbolçu çıxış edib. Təl-Əviv klubunda 4 mövsüm keçirmiş qapıçı Predraq Reykoviçi xatırlayıram. Ona görə də serblər "Makkabi"nin oyunlarına çox baxırlar. Alan Turqemanla yaxşı münasibətim var. 3 il əvvəl Avstriyada birlikdə oynamışıq. Əla oğlan və futbolçudur. Sosial şəbəkələr vasitəsilə əlaqə saxlayırıq. Super hücumçudur. Düşünürəm ki, daha yaxşı çempionatlarda oynamaq potensialı var. İnanılmaz qol duyumuna malikdir.

- Sizcə, "Makkabi" - "Qarabağ" oyununda favorit kimdir?

- Son vaxtlar "Makkabi"nin oyunlarını izləmişəm. Ona görə də ciddi hazırlaşmışıq. Çempionlar Liqasından gəlmiş əla komanda ilə oynayacağıq. "Zaltsburq" kimi kluba qarşı çox yaxşı mübarizə apardılar. "Makkabi"nin vurduğu nqolları gördüm. Xüsusilə Den Bittonun qolu baxımlı idi. Deyə bilərəm ki, keyfiyyətli oyunçuları olan komandadır. Proqnoz verməkdə çox zəifəm. Meydana çıxıb vuruşmağı xoşlayıram. Aydın məsələdir ki, "Makkabi" evdə qələbə qazanmaq istəyəcək. Amma biz də buraya xal və ya xallar üçün gəlmişik.

- Karyeranız ərzində Avropa klublarında oynamısınız. Niyə "Qarabağ"ı seçdiniz?

- Bura 3 ay əvvəl gəlmişəm. Hələlik hər şey məni qane edir. "Qarabağ" ölkənin ən böyük klubudur. Daim titul uğrunda mübarizə aparır. Müntəzəm olaraq, avrokuboklarda mübarizə aparırlar. Bunun sayəsində yenidən beynəlxalq oyunlar keçirirəm. İnsanlar Azərbaycan futbol haqqında məlumatsız ola bilərlər. Amma "Qarabağ" böyük klubdur.

- Hazırda Ermənistanla Azərbaycan arasında müharibə gedir. Bu, sizə necə təsir göstərir?

- Əlbəttə ki, idmana bir az təsir edir. Amma liqa hələ oynanılır. Döyüşlər getsə də, mübarizəmizi meydanda aparmağa çalışırıq. Biz siyasətçi yox, futbolçuyuq. Vəzifəmiz çempionluq titulunu qorumaq və Avropada uğur qazanmaqdır. Vəziyyət məni qorxudurmu? Xeyr, qorxmuram. Bütün diqqətimi futbola yönəltməyə çalışıram.

- Qrupdakı komandaların şanslarını necə görürsünüz?

- Bütün komandalar güclüdür. Start çox vacibdir. Hər komandanın sonrakı mərhələyə yüksəlmək şansı var. Koronavirus səbəbindən rəqiblərin necə hazırlaşdığını bilmirik. Bunu görmək lazımdır, çünki vəziyyət əvvəlkindən fərqlidir. Böyük sürprizlərin olacağını düşünürəm. Hazırda "Makkabi" ilə oyunu düşünürük.

- Çempionlar Liqasından uzaqda deyildiniz...

- Bəxtsizlikdən əziyyət çəkdik. "Molde" ilə oyuna nəzarət edirdik. Çərçivəyə bir zərbə belə vurmadılar, amma futbolda bəzən belə şeylər olur. Bundan sonra Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sını 3:0 hesabı ilə məğlub etdik. İndi çoxlu oyunumuz var və bütün heyətdən istifadə etməli olacağıq. Düşünürəm ki, Çempionlar Liqasında oynaya bilərdik, amma bu baş vermədi, Avropa Liqası gərgin və maraqlı olacaq.

- Qardaşınız Nemanya Matiçlə birgə "Benfika" ilə müqavilə bağlasanız da, sonradan o, İngiltərə "Mançester Yunayted"inə keçdi. Siz isə Portuqaliya klubunda möhkəmlənə bilmədiniz...

- Açığı, əsas heyətdə cəmi 2 matça çıxdım. Əsasən ikinci komandada oynadım. Əsas heyətdəki futbolçuların adlarına baxsanız, hazırda onların hansı böyük klublarda oynadıqlarını görərsiniz. Bernardu Silva, Joau Kanselu, Yan Oblak, Nelson Semedu və Andre Qomeş kimi çoxlu istedadlı oyunçu var idi. Sağ cinah müdafiəçisi mövqeyi uğrunda Kanselu və Semedu mübarizə aparır, onlardan biri ehtiyatda qalırdı. Görünür, əsas heyətə düşməyim üçün uyğun vaxt deyildi. Qardaşım da əsas heyət uğrunda mübarizə aparırdı. O, hazırda İngiltərə "Mançester Yunayted"indədir. Nəyə görə "Benfika"da uğur qazana bilmədim? Əsas komandada Uitsell, Aymar və qardaşım kimi böyük oyunçular varsa, bu, çətin işdir. Mən "Benfika"ya Slovakiyadan getmişdim. Slovakiya liqasına hörmətlə deyə bilərəm ki, səviyyə o deyil.

- Böyük oyunçulardan nə götürdünüz?
- Məni onlar dinlədilər, çünki 3 yaş gənc idilər. Ona görə də indi böyük klublardadırlar (gülür). Onlara öz təcrübəmlə yaxşı şeylər öyrətməyə çalışdım. Ciddi olsaq, onlarda təbii bacarıqlar var idi və buna görə bu cür yerdədirlər.

- Qardaşınızla münasibətlərinizdən də danışardınız...
- Hər ikimiz təcrübəli futbolçularıq. Atamız bizə meydanda döyüşkən olmağı öyrədib. Ona görə də biz uzun illərdir peşəkar futbolçularıq.

- Bunun sirri nədədir?
- Bu sualla "Mançester Yunayted"in futbolçularına müraciət etməlisiniz. Hər oyunda yüksək səviyyədə çıxış etmək üçün 100 faizinizi ortaya qoymalısınız. Çünki hər bir komanda qələbə qazanmaq istəyir. "Mançester Yunayted" İngiltərənin ən böyük komandasıdır.

Son xəbərlər

Orphus sistemi