Ukrayna futbolunun ən bahalı transferlərindən biri Azərbaycanda oynayıb - SİYAHI

Ukrayna futbolunun ən bahalı transferlərindən biri Azərbaycanda oynayıb - SİYAHI Ukrayna futbolunun 10 ən bahalı transferləri açıqlanıb.
Futbol
19 May , 2020 11:03
Ukrayna futbolunun ən bahalı transferlərindən biri Azərbaycanda oynayıb - SİYAHI
Marko Deviç / PFL

Ukrayna futbolunun 10 ən bahalı transferləri açıqlanıb. 

"Report" "Sport.ua" saytına istinadən xəbər verir ki, araşdırma "Transfermarkt" portalındakı məlumatlara əsasən aparılıb. Oyunçuların bütün transferlərinin ümumi məbləği nəticəsində reytinq hazırlanıb. 

Siyahıda "Sabah"ın sabiq hücumçusu Marko Deviç və Kiyev “Dinamo”sunun əslən azərbaycanlı keçmiş yarımmüdafiəçisi Aleksandr Əliyev də yer alıb. 

Deviç üçün karyerası ərzində 5 keçidə görə 11,33 milyon avro ödənilib. 37 yaşlı forvard siyahıda 10-cu yeri tutub.  

Əvvəlcə "Volın" klubu 2005-ci ildə Deviç üçün Serbiyanın "Vojdovats" klubuna 150 min avro ödəyib. Həmin dönəmdə forvard hələ serb idi, lakin Ukraynadakı uzun müddətli çıxışlardan sonra ölkənin vətəndaşlığını qəbul edib və millidə oynayıb. Təcrübəli futbolçu bir il sonra "Metallist"ə 175 min avro qarşılığında keçib. 2012-ci ildə isə "Şaxtyor" onu 5 milyon avroya heyətincə cəlb edib. Oyunçu Donetsk təmsilçisində Çempionlar Liqasında debüt etsə də, növbəti il yenidən Xarkov klubuna qayıdıb. Onun "Metalist"ə ikinci transferinin məbləği bəlli deyil, bu səbəbdən reyqinqdə nəzərə alınmayıb. 

Deviç üçün növbəti dəfə böyük məbləğ 2014-cü ildə ödənilib. Rusiya "Rubin"i hücumçunu 5 milyon avroya heyətinə qatsa da, bir il sonra 1 milyon avro qarşılığında Qətərin "Əl-Rayyan" komandasına göndərib. Daha sonra onun karyerasındakı bütün transferlər azad agent kimi baş tutub. Deviç "Sabah"da 2018/2019 mövsümündə və 2019/2020 mövsümünün ikinci yarısında çıxış edib. O, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasındakı fasilənin uzanması səbəbindən aprelin 24-də karyerasını başa vurub

Siyahıda 6-cı olan Əliyevin isə 3 keçidi 16.3 milyon avroya başa gəlib. Onun karyerasında ilk ödənişli transfer çox gənc yaşlarında baş tutub. Kiyev "Dinamo"su 17 yaşlı yarımmüdafiəçi üçün "Borisfen"ə 300 min avro verib. Vaxt keçdikcə o, Yuri Syominin rəhbərliyi altında əvəzolunmaz futbolçulardan biri olmağı bacarıb. Rusiyalı baş məşqçi ölkəsinin "Lokomotiv" klubuna keçəndə Əliyev də 8 milyon avroya Moskva təmsilçisinə transfer olunub. Lakin 2011-ci ilin yazında Kiyev klubu 8 milyon avro verərək onunla 3 illik müqavilə imzalayıb. Həmin vaxt əslən azərbaycanlı oyunçu karyerasında çətin dönəmlər yaşayıb. Əliyev daha sonra həvəskar liqalarda forma geyinib və gündəmə gəlmək üçün mətbuata bəzi qalmaqallı açıqlamalar verib. 

Ukrayna futbolunun 10 ən bahalı transferi

1. Andrey Şevçenko - 2 transfer üçün 67,78 milyon avro

2. Andrey Yarmolenko - 3 transfer üçün 45,25 milyon avro

3. Dmitri Çiqrinski - 2 transfer üçün 40 milyon avro

4. Anatoli Timoşuk - 3 transfer üçün 25,63 milyon avro

5. Sergey Rebrov - 2 transfer üçün 18,7 milyon avro

6. Aleksandr Əliyev - 3 transfer üçün 16,3 milyon avro

7. Ruslan Malinovski - 2 transfer üçün 15,7 milyon avro

8. Yevgeni Konoplyanka - 2 transfer üçün 14 milyon avro

9. Marlos - 2 transfer üçün 12 milyon avro

10. Marko Deviç - 5 transfer üçün 11 milyon avro

Son xəbərlər

Orphus sistemi