Ukrayna Futbol Assosiasiyasının (UAF) Nəzarət və İntizam Komitəsi Premyer Liqanın XIV turunun "Şaxtyor" - "Dinamo" matçında baş vermiş irqçilik hadisəsi ilə bağlı qərarını açıqlayıb.
"Report"un məlumatına görə, qurum "Dinamo"nu iki oyunluq cəzalandırıb. Cəzanın bir oyunluq hissəsi şərti xarakter daşıyıb.
İrqçiliyə Donetsk təmsilçisinin oyunçusu Tayson məruz qalıb. Mövsümün sonuna kimi oxşar hadisə təkrarlanacağı təqdirdə, növbəti cəza qüvvəyə minəcək. Kiyev klubuna 500 min qrivna (təxminən, 35 min manat) məbləğində cərimə də tətbiq olunub.
Qeyd edək ki, Xarkovdakı "Metallist" stadionunda keçirilmiş qarşılaşma Şaxtyor"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 74-cü dəqiqədə "Şaxtyor"un futbolçusu Tayson azarkeşlərin şüarlarından sonra onlara orta barmağını göstərib və topu kənara vurub. Nəticədə oyun dayandırılıb. 31 yaşlı braziliyalı yarımmüdafiəçi göz yaşları ilə meydanı tərk edib. Görüş yenidən başlayandan sonra baş hakim Taysona qırmızı vərəqə göstərib.