UEFA-nın icraçı direktoru: "Bakı AVRO-2020-ni yüksək səviyyədə keçirəcək"

UEFA-nın icraçı direktoru: "Bakı AVRO-2020-ni yüksək səviyyədə keçirəcək" “AVRO-2020-nin Avropanın bir neçə ölkəsində keçirilməsi kiçik milli federasiyalarda futbolun inkişafına təkan verəcək. Loqistika ilə bağlı problem yaranmaması üçün oyunlar yaxın şəhərlərdə keçiriləcək”.
Futbol
9 İyul , 2019 10:32
UEFA-nın icraçı direktoru: Bakı AVRO-2020-ni yüksək səviyyədə keçirəcək

“AVRO-2020-nin Avropanın bir neçə ölkəsində keçirilməsi kiçik milli federasiyalarda futbolun inkişafına təkan verəcək. Loqistika ilə bağlı problem yaranmaması üçün oyunlar yaxın şəhərlərdə keçiriləcək”.

“Report” xəbər verir ki, bunu Rusiyanın RT telekanalına müsahibəsində UEFA-nın icraçı direktoru Martin Kallen deyib. Qurum rəsmisinin sözlərinə görə, ev sahibi şəhərlərdən olan Bakı İtaliyanın paytaxtı Roma ilə bağlı olacaq: “Sankt-Peterburq Kopenhagenlə bağlıdır. Rusiya iki oyununu burada, Danimarka isə öz orada keçirəcək. Onların rəqibləri isə bu iki şəhər arasında səyahət edəcəklər. Bizim sxemə əsasən, Bakı Roma bilə bağlıdır. Azərbaycan millisinin Avropa çempionatına vəsiqə qazanacağına ümid bəsləyirəm. Hərçənd İtaliya yığması ilə müqayisədə onların qarşısında daha çətin tapşırıq durur. Bu baş verməsə, Roberto Mançinin komandası hər üç oyunu evində keçirəcək”.

İcraçı direktor UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə bağlı yolun uzaqlığı ilə əlaqədar səslənən tənqidi fikirlərə də münasibət bildirib: “Birincisi, eyni şəhərin iki komandasının finala çıxacağını heç kim gözləmirdi. Belə bir şeyin baş vermə ehtimalı minimal idi. Azərbaycan UEFA-nın bir üzvü kimi işinin öhdəsindən çox yaxşı gəldi. Bəli, şəhər qitənin uzaq küncündə yerləşir və ora getmək elə də asan deyil. Bunu başa düşürdük və eyni zamanda belə oyunun təşkilini Mərkəzi Avropadan kənarda yerləşən bir ölkəyə həvalə etmək istəyirdik. Bakı Avropa çempionatının özünə aid hissəsini yüksək səviyyədə təşkil edəcək. Dekabrda bütün iştirakçılar bilinəndən sonra loqistika məsələsini düzgün quracağıq”.

Kallen Ermənistan milllisinin futbolçusu Henrik Mxitaryanın İngiltərənin “Arsenal” klubunun heyətində Avropa Liqasının finalında “Çelsi” ilə oyun üçün Bakıya gəlməkdən boyun qaçırmasında da münasibət bildirib: “Arsenal”ın həlledici oyuna vəsiqə qazanacağını heç kim öncədən görə bilməzdi. Üstəlik, Azərbaycan bizə təhlükəsizlikə bağlı tam təminat verdi. Ona görə də finalı Bakıda keçirməməyimiz üçün heç bir səbəb yox idi. Bu, futbolçunun şəxsi qərarıdır və hörmətlə yanaşırıq. UEFA siyasi məsələlərdə neytrallığını qoruyur. Təşkilatı baxımdan Mxitaryan bu oyunda iştirak edə bilərdi”.

Qeyd ki, Avropa çempionatının 60 illiyi ilə əlaqədar olaraq, yarış ilk dəfə 12 iyun - 12 iyul 2020-ci ildə 12 müxtəlif ölkədə və 24 komandanın iştirakı ilə keçiriləcək. AVRO-2020-nin matçları Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqo (Şotlandiya) şəhərlərində təşkil ediləcək. Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. 68700 nəfərlik arenada matçlar, müvafiq olaraq 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda olacaq.

Son xəbərlər

Orphus sistemi