UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Kosovo yığmasının stadionunu təsdiqləməyib

UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Kosovo yığmasının stadionunu təsdiqləməyib Priştina stadionundakı təmir işləri hələ də yekunlaşmayıb
Futbol
28 İyun , 2018 14:23
UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Kosovo yığmasının stadionunu təsdiqləməyib
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ UEFA Azərbaycan yığması ilə eyni qrupda yer alan Kosovonun Millətlər Liqasındakı ev oyunlarını keçirəcəyi stadionu hələ təsdiqləməyib. 

"Report"un məlumatına görə, səbəb görüşlər üçün nəzərdə tutulan Priştina şəhər stadionundakı təmir işlərinin yekunlaşmamasıdır. Ötən ay stadiona baş çəkən UEFA inspektorlarına arenanın açılışının iyunun əvvəllərində olacağı bildirilib. Hətta bu məqsədlə test xarakterli oyunun da nəzərdə tutulduğu deyilib. Lakin idman qurğusu indiyədək açılmayıb. Buna Kosovo Futbol Federasiyasının (FFK) prezidenti Fadil Vokkrinin vəfatı da təsirsiz ötüşməyib. İyulun 6-da keçiriləcək yeni federasiya prezidenti seçkisindən sonra bu məsələyə aydınlıq gələcəyi gözlənilir. 

Kosovo 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərini Albaniyanın Şkoder şəhərindəki "Loro Boriçi" stadionunda qəbul edib. 

Qeyd edək ki, Kosovodan fərqli olaraq, Azərbaycanla eyni qrupda yer alan Malta və Farer adaları yığmaları ev oyunlarını keçirəcəkləri stadionları müəyyənləşdiriblər. Malta Azərbaycanı sentyabrın 9-da Ta Qali Milli Stadionunda, Farer adaları millisi isə oktyabrın 11-də Torshavn şəhərindəki "Torsvollur" stadionunda qəbul edəcək. Hər iki matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Kosovo - Azərbaycan görüşü noyabrın 20-də keçirilməlidir. Azərbaycan yığması Kosovonu sentyabrın 7-də, Maltanı oktyabrın 14-də Bakı Olimpiya Stadionunda qəbul edəcək. Hər iki oyun saat 20:00-da başlanacaq. Farer adaları ilə ev oyunu isə noyabrın 17-də keçiriləcək. Lakin matçın təşkil olunacağı stadion hələ açıqlanmayıb.  

Son xəbərlər

Orphus sistemi