UEFA 2026-cı il dünya çempionatında Avropaya ən azı 16 yerin ayrılmasını istəyir

UEFA 2026-cı il dünya çempionatında Avropaya ən azı 16 yerin ayrılmasını istəyir Aleksander Çeferin: "16 qrupun hər birində "köhnə qitə"dən bir ölkə təmsil olunmalıdır"
Futbol
22 Fevral , 2017 11:03
UEFA 2026-cı il dünya çempionatında Avropaya ən azı 16 yerin ayrılmasını istəyir

Bakı. 22 fevral. REPORT.AZ/ Futbol üzrə 2026-cı il dünya çempionatında Avropanı təmsil edəcək ölkələrin sayı gələn ay UEFA toplantısında müzakirə olunacaq. "Report"un məlumatına görə, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin "Habertürk"ə müsahibəsində bildirib.

Sloveniyalı funksioner deyib ki, FİFA-dan mundialda Avropaya ən azı 16 yerin ayrılmasını və 16 qrupun hər birində "köhnə qitə"dən bir ölkənin təmsil olunmasını istəyəcəklər: "Bu, bizim minimal istəyimiz olacaq. Digər konfederasiyalar kimi UEFA da dünya çempionatının yeni formatını dəstəkləməyə razı olub. Çempionatın müddətinin uzun olmaması, oyun yükünün eynilə qalması bizi qane edir".

A.Çeferin dünya çempionatının seçmə mərhələsində zəif sayılan ölkələrin ayrıca mübarizə aparması təklifi ilə razılaşmadığını da vurğulayıb. Onun fikrincə, hər bir komanda bütün yarışlara qatılmaq hüququna malik olmalıdır: "Əvvəlki yarışlardan nümunələr göstərə bilərik ki, bir çox kiçik ölkə həm seçmə, həm də final mərhələsində sərgilədikləri oyunla çox yaxşı təsir bağışlayıb. Bu isə onu göstərir ki, şans verildikdə futbolda hər şey mümkündür. Ona görə də hamıya eyni imkan yaradılacaq. Belə ayrı-seçkilik etməyəcəyik".

Qeyd edək ki, hazırda dünya çempionatı 32 ölkənin iştirakı ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi