Bakı. 24 dekabr. REPORT.AZ/ "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov jurnalisltərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir:
- Hazırda "Xəzər Lənkəran"da vəziyyət necədir?
- "Xəzər Lənkəran"la bağlı bir neçə gün ərzində açıqlamamız olacaq. Hazırda bunun üzərində iş gedir. Mətbuatdan oxuyuram ki, klubun taleyini hərə bir cür yazır. "Xəzər Lənkəran"ı yaradan, sərmayə buraxan şəxs Mübariz Mənsimovdur və prezidenti də Mais Mənsimovdur. "Palmali" şirkətlər qrupu kluba şərait yaradıb və bu davam edəcək. Yəni "Xəzər Lənkəran"ın klub olaraq fəaliyyətini dayandırmaq şansı yoxdur. İnfrastruktur da klubundur. "Xəzər Lənkəran" möhkəm dayaqlar üzərində dayanan bir klubdur. İkincisi, klubun məqsədi Azərbaycan futbolunu inkişaf etdirməkdir. Bu, ilk növbədə sponsor rəhbərləri tərəfindən klubun admnistrativ heyəti qarşısında qoyulan tələbdir. "Xəzər Lənkəran" bəlkə də Azərbaycanda yeganə komandadır ki, futbolçu öz akademiyasında yetişir və Premyer Liqada çıxış edir. Elə milli komandamız yoxdur ki, orada bizim klubumuzun yetirməsi olmasın. Bu gün 5 legionerin gəlib getməsinin Azərbaycan futboluna heç bir xeyri yoxdur. Komandanın Avropa Liqasına vəsiqə qazanmaq şansı var. Bu da kubok vasitəsilə ola bilər və məqsəd də budur. Biz desək ki, çempionluğa oynayırıq, yalan olar.
- Bir müddət əvvəl klubdan qış transfer pəncərəsində 6 futbolçunun transfer ediləcəyi və axtarışların Ukrayna və Nigeriyada aparıldığı bildirilib. Hazırda bu məsələ nə yerdədir?
- "Xəzər Lənkəran"a heç bir məhdudiyyət qoyulmayıb. Bu gün klubda baş məşqçi və köməkçiləri hamısı öz yerindədir. Təbii ki, məşqçi heyəti ona ayrılmış vəsaiti nəzərə alıb optimal bir heyət quracaq. Yanvardan isə FİFA sanskiyaları aradan götürüləcək.
- Komanda qış təlim-məşq toplanışı üçün xarici ölkəyə üz-tutacaq?
- Getməyə hazırlaşırlar. Buna baş məşqçi qərar verməlidir. Ola bilər desin ki, toplanışın birini burda, digər hissəsini isə xaricdə keçmək istəyirəm. Buna baş məşqçi və klub prezidenti qərar verəcək.
- Qeyd etdiniz ki, məqsəd Avropa Liqasına vəsiqə qazanmaqdır. Rəhbərlik qış tranfer dönəmində məşqçinin heç olmasa optimal heyət qurması üçün lazım olan büdcəni ayıracaq?
- Rəhbərlik tərəfindən baş məşqçiyə nə şərait lazımdırsa, yaradılacaq. "Xəzər Lənkəran" klubunun hansı formatda xidmət göstərəcəyini yanvarın ilk günlərində biləcəksiniz. Bir neçə gün ərzində klub prezidenti, mən və məşqçilər korpusunun iştirakı ilə geniş şəkildə toplantı olacaq. Bu iclasda "Xəzər Lənkəran"ın çıxışı və fəaliyyətinin davam etdirilməsi orada müəyyənləşəcək. Təbii ki, bu barədə mətbuata açıqlama veriləcək.
- Belə çıxır ki, "Xəzər Lənkəran" mövsümün II yarısından daha iddialı çıxış edəcək...
- "Xəzər Lənkəran" həmişə iddialı başlayır və ilk dövrədə də təcrübəli futbolçular cəlb etmişdik. Amma obyektiv və subyektiv amillər var. Onlar da çıxışa təsir edir. Məsələn, mən desəm ki, bu gün devalvasiya "Xəzər Lənkəran"a təsir etməyib, yalan olar. Çünki klubun əməkdaşları maaşlarını manatla alırlar. Təbii ki, bu təsir edəcək. Bu, tək bizim klubla bağlı proses deyil. Klub rəhbəri olaraq məni maraqlandıran "Xəzər Lənkəran" futbol klubunun yaşamasıdır. Çempion olacaq, kuboku qazanacaq, artıq bu, ikinci dərəcəli məsələdir.
- Yanvarda FİFA-nın transfer qadağasının müddətinin bitdiyini dediniz. Bundan əminsiniz? Bildiyimiz qədər Tounkara da klubdan şikayət edib...
- Tounkara niyə şikayət etməlidir? Onunla qarşılıqlı şəkildə müqaviləyə xitam verilib. "Xəzər Lənkəran" gedən futbolçuların hamısı ilə razılığa gəlir və qarşılıqlı şəkildə anlaşır. İstər son gedən Rahid Əmirquliyev olsun və ya digərləri.. Bir neçə futbolçu ilə problemlər var. Klubun 10-11 il fəaliyyətində ödədiyi cərimələri üst-üstə gəlsək, 800 min, 1 milyonu keçmir.
- Qalin İvanovun, Eder Bonfim və Alfred Sankoya olan borcların bir hissəsi qalıb və bu ilin sonunadək ödənilməlidir...
- Bu gün FİFA-nın və CAS-ın qərarlarını qurumların rəsmi saytından oxuya bilərsiniz. Biz razılaşmadığımız üçün məsələyə FİFA-da aydınlıq gətiririk. Təəssüf ki, işə baxan hakim FİFPRO-nun sədridir. O da futbolçuların tərəfini tutur. Biz də müvafiq orqanlara şikayət etdik ki, bu məsələlərə ədalətli baxılsın. Elə futbolçu var ki, 200 minlik iddia qaldırmışdı. Sanko ilə bağlı isə FİFA bizim xeyrimizə qərar çıxarmışdı. Biz onu uduzmadıq. Sanko 200 minlik iddia qalrımışdı, FİFA onu 19 minə saldı. Bizim verəcəyimiz də elə 19 min idi. Renato Moreyra, Eder Bonfim və Qalin İvanova görə bizim bir növ məsuliyyətimiz, ödənişimiz var. Bu 3 futbolçuya görə müəyyən vaxt qoyulub, ödənişlər də olacaq. Onlar vaxtlı-vaxtında ödənilməlidir. Bu, müzakirə mövzusu deyil. Biz çalışırıq ki, “Xəzər Lənkəran”a qarşıda təhlükə olmasın. “Xəzər Lənkəran” yaranan gündən onun transfer işinə baş məşqçi və onun heyəti baxıb. Con Toşak və Mustafa Dənizlinin dönəmində xeyli sayda oyunçu gəlmişdi. Futbolçu ilə baş məşqçinin arasındakı məsələlərə rəhbərlik qarışmır. 30-dan çox futbolçu ilə vidalaşmışıqsa və ondan 3-4-ü ilə aramızda mübahisə yaranıbsa, bu, normal haldır. Təbii ki, həmin legionerləri gətirməsəydik, heç bir mübahisə yaranmayacaqdı.
- Hazırda "Xəzər Lənkəran"ın yerli və əcnəbi futbolçulara borcu var? Varsa, nə qədərdir?
- "Xəzər Lənkəran"ın heyətində çıxış edən futbolçular sonuncu dəfə noyabrda maaşlarını alıb, pulları karta köçürülüb. Bilirsiniz ki, onların da 90 faizi klubun öz yetirmələdir. Yollarımızı ayırdığımız futbolçularla klub prezidenti qarşılıqlı şəkildə lazımi hüquqi sənədlərə qol çəkiblər. Yəni heç kimin borcu olmaması ilə bağlı sənədlər var. İstər Tounkara, istərsə də digər futbolçular öz imzaları ilə bunu təsdiqləyib. Ola bilər 1-2 aya yaxın gecikmələr olur. Ümumiyyətlə, gecikmələr oktyabr, noyabr ayına təsadüf edir.
- Ancaq futbolçular açıqlamalar verib ki, 9 aydır maaş almayıblar.. Məsələn, Rahid Əmirquliyev...
- Rahid ağıllı-başlı oyunçudur, millinin üzvüdür. Kiməsə şəxsi nəsə deyibsə, bilmirəm. Amma həm Rahid, həm də digərləri ilə qarşılıqlı şəkildə müqaviləyə xitam verilib. Mən sübut edərəm ki, hər kəs maaş alıb. Rahid onu deməz. Sizi əmin edirəm ki, klubumuzdan ayrılan futbolçularla arada borc yoxdur. Çünki hər şey qarşılıqlı şəkildə həll olunur. Rahid o kateqoriya futbolçulardan deyil ki, gedib yalandan nəsə danışsın. "Xəzər Lənkəran"ın uğurlarında çox böyük rolu olub və indi də milli komandada kapitan qismində də meydana çıxır. O, gündən-günə artırır.
- Gözləyirdik ki, İstanbul görüşündən sonra iddialı çıxış edəsiniz, amma yenə iddialı danışdınız...
- Bilirsiniz, klubun çıxışında, iddiasında bir neçə format var. Bunu da baş məşqçi və klub prezidenti seçir. Bizim işimiz administrativdir. Necə olacağı, futbolçunun necə gələcəyi, iddia və məqsəd klub prezidenti və baş məşqçinin işidir. Klubun 10 legionerlə oynayıb və ya yerlilərlə davam etməsinə də onlar qərar verəcək.