Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, kubokun son qalibi "Beşiktaş" evdə "Kayserispor"la qarşılaşıb. Rəqibinə 1:2 hesabı ilə uduzan İstanbul təmsilçisi mübarizəni dayandırıb.
Görüşdə hesab erkən qolla açılıb. 6-cı dəqiqədə Mario Qavranoviç qonaqları önə keçirib. 43-cü dəqiqədə Valentin Rozye tarazlığı bərpa edib. Qarşılaşmada son nöqtəni isə 65-ci dəqiqədə Migel Kardoso qoyub və komandasını yarımfinala daşıyıb.
Qeyd edək ki, daha əvvəl "Trabzonspor" və "Sivasspor" klubları yarımfinala vəsiqə qazanıblar. Bu raundun son iştirakçısı martın 3-də oynanılacaq "Alanyaspor" - "Qaziantep" matçından sonra bəlli olacaq.