"Hazırda özüm Bakıda olsam da, qohumlarım dostlarım, mənə əziz olan bir çox insan döyüşlərin getdiyi rayondadır. Məlum hadisələrdən ölkəmizdə hamı xəbərdardır".
Bu fikirləri "Report"a açıqlamasında "Səbail" futbol komandasının qapıçısı Kamal Bayramov son günlər Azərbaycan - Emənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində baş verən hadisələrdən danışarkən deyib.
Təcrübəli oyunçu bildirib ki, bölgədə şiddətli döyüşlər getsə də, Tovuz və ətraf rayon sakinlərində heç bir qorxu, narahatlıq yoxdur: "Təsərrüfat işləri əvvəlki qaydada davam edir. Sadəcə, sərhədə yaxın ərazilərdə bu işlər bir qədər ehtiyatla həyata keçirilir. İnsanlar öz evlərindədir və vəziyyət ordumuzun nəzarəti altındadır".
Bayramovun sözlərinə görə, Milli Ordu son 2-3 gündə düşmənə olduqca ağır zərbələr endirib: "Doğmalarım, dostlarım deyirlər ki, mərmilərin səsi şəhərin mərkəzində aydın eşidilir. Hər kəs döyüşə getmək arzusu ilə alışıb-yanır. Biz millət olaraq, öz borcumuzu qaytarmalı, gələcək nəsillərin bütöv Azərbaycan görməsi üçün canımızdan keçməliyik".
Futbolçu ön cəbhəyə yollanıb düşmənə qarşı vuruşmağa hazır olduğunu söyləyib: "Dövlətimi, millətimi sevirəm və şəhid qardaşlarım kimi mən də canımdan keçməyə hazıram. Ali Baş Komandanın bir əmri yetər ki, ermənilərin kökünü kəsək".
Bayramov sonda döyüşlər nəticəsində şəhid olan hərbçilərə Allahdan rəhmət diləyib: "Allah onların yerlərini cənnət etsin. Ailələrinə səbr, yaralı qardaşlarımıza şəfa arzulayıram"