"Toto" ləqəbli penalti qazandıran - Komanda yoldaşları Rafiq Əlizadə barədə

"Toto" ləqəbli penalti qazandıran - Komanda yoldaşları Rafiq Əlizadə barədə "Anatoli Banişevski deyirdi ki, sən futbol oynamırsan, meydana çıxırsan, 10-15 dəqiqə əziyyət çəkirsən. Bu da cavab verirdi ki, əziyyəti siz çəkirsiniz, mən isə çıxıb bir penalti qazanıram, sonra dincəlirəm"
Futbol
10 Yanvar , 2021 11:51
Toto ləqəbli penalti qazandıran - Komanda yoldaşları Rafiq Əlizadə barədə

"SSRİ dövründə hərənin bir güclü futbol qabiliyyəti var idi. O isə komandasına penalti qazandırmağı ilə tanınırdı. İndi elə futbolçular yoxdur".

Bunu "Report"a açıqlamasında AFFA Məşçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov 2 gün öncə dünyasını dəyişən "Neftçi"nin sabiq Rafiq Əlizadə barədə xatirələrini bölüşərkən deyib.

1967-1971-ci illərdə mərhum hücumçu ilə birlikdə "ağ-qaralar"ın formasını geyinmiş veteran futbolçu Əlizadənin küçə futbolundan çıxdığını bildirib. Mircavadovun sözlərinə görə, o, çox sürətli oyunçu olmaqla yanaşı, gözəl driblinqə malik idi: "Balaca bir yerdə 2-3 nəfəri rahatlıqla aldadırdı. Həmin vaxt ona toxunanda bundan məharətlə istifadə edirdi. Penalti qazanmaq elə də asan iş deyil. O vaxt hər komandada rəqibin cərimə meydançasında bu cür oynayan futbolçular olurdu. Rafiq öz güclü qabiliyyətindən yararlanırdı".

"Referi dedi ki, bu adam özünü necə yerə atırsa, bilmək olmur"

Mircavadov keçmiş komanda yoldaşı ilə bağlı maraqlı hadisəni xatırlayıb: "Karyeramı bitirdikdən sonra məni "Neftçi"yə dəvət etmişdilər. Rəhmətlik Əhməd Ələsgərovun köməkçisi idim. Səhv etmirəmsə, Bakıda Ukrayna "Çernomorets"i ilə oynayırdıq. Onda protokolu ikinci məşqçilər doldururdu. Hər bir oyunçunun idman kartı var idi. Oyunu rusiyalı referi idarə edirdi. Birdən məndən soruşdu ki, Rafiq Əlizadə oynayır? Dedim ki, yox, ehtiyatdadır. Bildirdi ki, futbolçunun özünə de deyin, bu gün 11 metrlik cərimə zərbəsi təyin etməyəcəyəm. Otaqda olan hamı güldü. Hakimin sözlərini Əhməd müəllimə də çatdırdım. Güldü, dedi, fikir vermə.

Nə isə, oyun gedir, final fitinə 25 dəqiqə qalıb. Baş məşqçidən soruşdum ki, Rafiqi meydana buraxaq? Dedi ki, hazırla. Oyuna girdikdən bir neçə dəqiqə sonra əvvəlcə cərimə zərbəsi qazandırdı. Ardınca isə iki rəqibin arasından keçərkən yerə yıxıldı. Hakim dərhal penalti təyin etdi. Görüş "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə başa çatdı. Matçdan sonra referi dedi ki, bu adam özünü necə yerə atırsa, bilmək olmur".

Mütəxəssis həmkarının eyni zamanda insan kimi çox yaxşı olduğunu söyləyib: "Ailəcanlı, əsl kollektiv adamı idi. Ölümünə görə çox məyus oldum. Bayramlarda zəng vurub bir-birimizi təbrik edirdik. Qəfil vəfatı məni kədərləndirdi".

"Həm cəld idi, həm də topla çox yaxşı davranırdı"

Əlizadə ilə "Neftçi"də komanda yoldaşı olmuş Futbol Veteranları İttifaqının sədr müavini Rüstəm Rəhimov da keçmiş forvard haqqında xoş sözlər söyləyib. O, flaqmana Əlizadə ilə eyni vaxtda - 1960-cı ildə qoşulduğunu bildirib: "Bizi əvvəlcə əvəzedici heyətə götürdülər. 1967-ci il yanvar 1-dən isə əsas komandada oynamağa başladıq. Daha sonra Naxçıvanda əsgərlikdə olarkən də birlikdə çıxış etdik".

Əlizadənin əsas bacarığına toxunan Rəhimov onun Sovet dövründə penalti qazandırmaq üzrə 3-4 mahir futbolçudan biri olduğunu vurğulayıb: "Həm cəld idi, həm də topla çox yaxşı davranırdı. Biz onun oyununu Bakı ermənisi olan Eduard Markarova oxşadırdıq. Ləqəbi isə "Toto" idi. İtaliyalı aktyor var idi, hərəkətləri, yerişi ona oxşadığı üçün belə adlandırırdıq. Rafiqi həmişə oyunun sonuna 10-15 dəqiqə qalmış meydana buraxırdılar ki, çıxıb penalti qazansın".

Rəhimov mərhum futbolçu ilə bağlı bir neçə maraqlı hadisəni də bölüşüb: "O vaxt rusiyalı baş hakim var idi. Rafiqin tez-tez yıxıldığını bilirdi. Matçdan öncə dedi ki, nə qədər yıxılsan da, penalti verməyəcəyəm. Oyun başladı, Rafiq həmişəki kimi sona yaxın meydana daxil oldu. Bir neçə dəfə özünü yerə atsa da, baş hakim 11 metrlik cərimə zərbəsi vermədi. Əlizadə referini o qədər yordu ki, axırda özündən asılı olmayaraq, penalti təyin etdi".

"Əhməd Ələsgərov stəkanı necə çırpdısa, o, yerindən diksindi"

AFFA uşaq futbolunda baş mütəxəssis kimi də çalışan Rəhimovun sözlərinə görə, R.Əlizadə meydanda özünü çox yormurdu: "Bir dəfə əvəzedici komandanın oyunu var idi. Əhməd Ələsgərov da görüşü izləyirdi. Baş məşqçi istəyirdi ki, Rafiq öz oyununu inkişaf etdirsin. Bu da birinci hissədə bir az tənbəllik etdi. Fasilədə çay içirdik. Əhməd müəllim Rafiqin yanına çatanda stəkanı stolun üstünə necə çırpdısa, rəhmətlik diksindi. Sanki özünə gəldi. Qorxdu ki, ikinci hissədə də belə oynasa, Ələsgərov stəkanı bunun başına çırpacaq. Nəticədə meydana çıxıb, yaxşı oyun göstərdi.

Anatoli Banişevski Rafiqə deyirdi ki, sən futbol oynamırsan, meydana çıxırsan, 10-15 dəqiqə əziyyət çəkirsən. Bu da cavab verirdi ki, əziyyəti siz çəkirsiniz, mən çıxıram, bir penalti qazanıram, sonra dincəlirəm. Bir dəfə Əhməd Ələsgərov Rafiqi meydana buraxıb, tribunaya qalxır. Bu zaman futbolçu oyuna icazəsiz daxil olduğu üçün referi ilə mübahisə etməyə başlayır. Nəticədə hakimi təhqir edir və meydandan qovulur. Ələsgərov nə qədər baxsa da, onu meydanda görə bilmir. Soruşur, Rafiq hanı, deyirlər ki, meydana çıxmamış qırmızı vərəqə alıb qovuldu".

Qeyd edək ki, Rafiq Əlizadə 1966 - 1972 və 1976 - 1982-ci illərdə "Neftçi"nin formasını geyinib. Əlizadə futzal sahəsində də özünü sınayıb. O, 1991-ci ildə futzal üzrə SSRİ çempionatında Bakının "Neftçi" komandasının heyətində 4 oyun keçirib, 8 qol vurub, həmçinin futzal üzrə SSRİ yığmasının 2 dəfə formasını geyinib.

Mütəxəssis 1999-cu ildə tarixində ilk və hələ ki, sonuncu dəfə Avropa çempionluğunu qazanan futzal üzrə Rusiya yığmasının köməkçi-məşqçisi olub. Sabiq forvard 1992 - 2008-ci illərdə Rusiyanın "Dina" futzal klubunun idman direktoru, 2010 - 2017-ci illərdə isə maddi-texniki təminat üzrə vitse-prezidenti vəzifəsini icra edib. O, 2019-cu ildə Rusiya Mini-Futbol Assosiasiyası tərəfindən "İşinə sadiqliyə görə" medalı ilə təltif edilib.

Əlizadəyə 2019-cu ilin sonundan AFFA İcraiyyə Komitəsinin qərarına əsasən xüsusi təqaüd verilib.

Son xəbərlər

Orphus sistemi