Toğrul Əsgərov: “Kəpəz”in bundan da pis günləri olub”

Toğrul Əsgərov: “Kəpəz”in bundan da pis günləri olub” "Baş məşqçimizə, klub rəhbərliyinə inanırıq"
Futbol
5 Mart , 2018 12:24
Toğrul Əsgərov: “Kəpəz”in bundan da pis günləri olub”

Bakı. 5 mart. REPORT.AZ/ “İmkan düşdükcə oyunlara gəlirəm. Məşqlər intensivləşib deyə son vaxtlar nadir hallarda stadionlarda görünürəm. Amma nəticələri izləyirəm. Gəncədə olduğumdan “Səbail”lə görüşə baxmağı qərara aldım”.

“Report” xəbər verir ki, bu fikirləri Olimpiya çempionu Toğrul Əsgərov futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunda “Kəpəz”in “Səbail”i 2:1 hesabı ilə məğlub etdiyi oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

26 yaşlı sərbəst güləşçi “Kəpəz”in 10 xalla sonuncu – 8-ci pillədə qərarlaşmasından narahatlığını ifadə edib. O, komandanın çətin durumdan çıxacağına inandığını söyləyib: “Komanda qol vuranda da gördüm, öz qapısından top buraxanda da (gülür). Darionun zərbəsi dirəyə dəyməsəydi, yaxşı qol olacaqdı. Maraqlı oyun alındı. Qələbəyə görə sevinirik. Bunun davamlı olmasını istəyirik. Təbii ki, komandanın vəziyyəti hamını olduğu kimi, bir azarkeş qismində məni də narahat edir. Gəncə azarkeşi uduzmağı sevmir. Ona görə də qələbələrin arzusundayıq. Pis günün ömrü az olar. Baş məşqçimizə, klub rəhbərliyinə inanırıq. Bilirik ki, onlar “Kəpəz”i düşdüyü durumdan çıxarmaq üçün əllərindən gələni edirlər. Komanda xoşuma gəldi, uşaqlar layiqli mübarizə aparırlar. Futbol kollektiv idman oyunudur, heyət qışda yenilənib. Futbolçuların bir-birinə uyğunlaşması üçün vaxt lazımdır. Peşəkar idmançıyam, belə şeyləri yaxşı başa düşürəm. İdmançı formasından uzaq düşə və sonra onu bərpa da edə bilər. “Kəpəz”in bundan da pis günləri olub. Amma tədricən vəziyyət düzəlib və azarkeş kütləsini yenidən arxasına yığıb. Doğma klubuma uğurlar arzu edirəm. Bu qədər azarkeşi olan komanda bu yerdə ola bilməz. İnşallah, “Kəpəz” istədiyi yerə çatacaq. Ümid edək ki, bundan sonra hər şey yaxşı olacaq. Buna inamımız böyükdür, klubu dəstəkləyirik”.

Son xəbərlər

Orphus sistemi