Bakı. 15 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə “Zirə”ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib.
"Report"un məlumatına görə, 47 yaşlı mütəxəssis öncə görüşü dəyərləndirib...
- Bu 3 xal bizim üçün çox vacib idi. Bunun üçün meydanda əlimizdən gələni etdik. Futbolçuları təbrik edirəm. Fanatlarımıza bizi dəstəklədiklərinə görə minnətdaram. “Qəbələ” ilə kubok oyunundan sonra bizi çətin matçın gözlədiyini bilirdik. Təbii ot örtüyündən sonra süni örtüyə uyğunlaşmaq çətin idi. Buna görə, oyuna uyğunlaşmaq bir qədər çətin oldu.
“Qəbələ” ilə cavab oyunu barədə nə düşünürsünüz?
- İlk oyundakı qələbəyə baxmayaraq, şansları bərabər dəyərləndirirəm. Kubok oyunları tam fərqlidir.
“Neftçi” ilk dəfə “Zirə”ni çempionatda məğlub etdi...
- Oyuna belə fikirlə çıxmamışdıq. Biz öz oyunumuzu oynadıq. Futbolçular da bu oyunun məsuliyyətini dərk edirdilər. Buna görə, ciddi hazırlaşırdıq. Mən gəldiyim 6-7 aydı. Mən də bu komandaya çempionatda qalib gələ bilməmişdim. Sevinirəm ki, bu gün 3 xal qazandıq.
Qələbədə rəqibin azlıqda qalması nə dərəcədə rol oynadı?
- Rəqib azlıqda qalmamışdan öncə də hesabda irəlidə idik. Bu oyunda məni sevindirən əsas məqam ilk dəfə penalti vurmağımız oldu.
Oyun ərzində sanki Qatodan narazı idiz. Sonra is onu əvəzlədiniz..
- O, hələ ki, mənim istədiyim futbolu oynamır. Mən komanda oyununa üstünlük verirəm. Fərdi oyun yalnız rəqibin cərimə meydançası ola bilər. O, komanda yoldaşlarının əziyyətini yerə vururdu. Buna görə, onu əvəzləməyə məcbur oldum.
Bu gün bəzi əsas futbolçularınıza şans verməmişdiniz. Bu, “Qəbələ” ilə cavab oyunu ilə bağlıdır?
- Bəli, süni örtükdən təbii örtüyə keçid çətin olur. Buna görə bəzi oyunçulara bərpa üçün istirahət verdim.
Ruslan Abışovun yoxluğunda Rəşad Sadiqova şans verdiniz. Onun oyunundan razı qaldınız?
- Bəli, onun oyunu məni razı saldı. Qış fasiləsində də onu bu mövqedə sınamışdım. Rəşad təcrübəli futbolçudur. O, Petrov və Abışov mərkəzdə məni tam qane edir. Buna görə, qışda müdafiəçi transfer etmədik. Rəşad Sadiqov bizə hələ uzun müddət lazım olacaq.