Tərlan Əhmədov: "Ramil Şeydayev transfer siyahımda yoxdur"

Tərlan Əhmədov: "Ramil Şeydayev transfer siyahımda yoxdur" "Kluba mənim icazəm olmadan heç kim transfer edilmir"
Futbol
2 Aprel , 2018 22:37
Tərlan Əhmədov: Ramil Şeydayev transfer siyahımda yoxdur

Bakı. 2 aprel. REPORT.AZ/ "Vacib 3 xal qazandıq. İlk hissədən yox, ikinci hissədən razı qaldım. Fasilə dövründə yoxlama oyunu keçirə bilmədik. Çünki 10 futbolçumuz, həmçinin, 3 qapıçımız millilərin düşərgəsində idi. Emin Mahmudov cəzalı idi. İlkin Qırtımov isə xəstə idi, onun qızdırması var idi. Çətin olacağını bilirdik. Futbolçularımı, azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

Qışda heyətə cəlb edilən legionerlərin oyunundan razısınız? Onlardan bir çoxu əsas heyətə düşə bilmir...

- Mən "qalib heyəti dəyişməzlər” prinsipinə sadiqəm. Məsələn, Mirabdulla Abbasov son oyunlarda yaxşı oyun sərgiləyir, döyüşür. Ona görə, bu futbolçuya şans verməkdə davam edirəm. O ki qaldı legionerlərin əsas heyətdə olmamasına, onlar hamısı səviyyəli futbolçulardır. Çalışacağıq ki, onların formalarını bərpa edək.

Soni Mustivar bu gün komandada debüt etdi. Necə təsir bağışladı?

- Mustivar səviyyəli futbolçudur. Vaxtilə Rumıniyada "Petrolul”da kapitan olub, MLS-də çıxış edib. Həm o, həm də digər futbolçuları bu mövsümdə sınayıb baxacağıq. Bundan sonra növbəti mövsümdə kimlərlə çıxış edəcəyimizə qərar verəcəyik.

"Qəbələ” çempionatda yenə xal itirdi. Bu komanda kubokda rəqibinizdir...

- Həm kubokda, həm çempionatda sona kimi mübarizə aparacağıq. Belə deyirlər ki, guya mən avrokuboklara vəsiqə qazanmağa söz vermişəm. Mən belə bir söz verməmişəm. Komanda Avroliqaya vəsiqə qazanıb, orda 2 mərhələ keçəndən sonra uduzacaqsa və bununla tənqidlərə məruz qalacağamsa, mənə lazım deyil. Hər bir oyuna 3 xal üçün çıxırıq. 3-cü yerə namizədik və kuboku götürmək şansımız var. Bizim öz hazırlıq planımız var. 3-cü yer uğrunda mübarizə şansımızı davam etdirəcəyik. Hələ seçim etmirik, mübarizə aparırıq. Fiziki durumumuz heç kimdən zəif deyil, taktiki planda isə diktə edirik. İstəyimiz hər iki cəbhədə mübarizə apararaq, "Neftçi" adına layiq mükafat qazanmaqdır".

Ramil Şeydayevin növbəti mövsümdə "Neftçi”yə keçəcəyi deyilir...

- Həmişə demişəm, indi də deyirəm, kluba mənim icazəm olmadan heç kim transfer edilmir. Ramil isə mənim transfer siyahımda yoxdur.

Son xəbərlər

Orphus sistemi