Tərlan Əhmədov: "Neftçi" qışdan sonra yüksəlməlidir" - MÜSAHİBƏ

Tərlan Əhmədov: "Neftçi" qışdan sonra yüksəlməlidir" - MÜSAHİBƏ "Kimlərsə “Neftçi” – “Qəbələ” duelini erkən final saya bilər"
Futbol
18 Dekabr , 2017 16:11

Bakı. 18 dekabr. REPORT.AZ/ “Neftçi” futbol komandasının baş məşqçisi Tərlan Əhmədovun “Report”a müsahibəsi

- “Neftçi” Azərbaycan Kubokunda yarımfinala yüksəlib, Premyer Liqada isə 5-ci pillədə qərarlaşıb. Mövsümün geridə qalan bölümünü necə qiymətləndirirsiniz?

- Qənaətbəxş saymaq olar. Kubokda yarımfinala yüksəlmişik. Ancaq ümumən götürsək, "Neftçi" 5-ci pillədə deyil, adına layiq yerdə olmalıdır. Mövsümün əvvəlindəki məğlubiyyətlər istər-istəməz komandanı geri atır. Son matçlarda bacardığımız qədər “Neftçi”ni yüksəltməyə çalışdıq.

- Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qəbələ” ilə qarşılaşacaqsınız. Turnirin son qalibi “Qarabağ”ın mübarizəni dayandırdığını nəzərə alsaq, bu, finala bərabər duel sayıla bilər?

- Görüləcək işlərimiz çoxdur. Gələndə demişdim ki, komanda qışa qədər bacardığı qədər xal toplayacaq. "Neftçi" qışdan sonra yüksəlməlidir. Nə bir, nə də ikinci-üçüncü yer haqda fikirləşirəm. Sadəcə, potensialı yüksəldib, növbəti mövsüm üçün komandanı daha yaxşı təkmilləşdirməyi düşünürük. Qışda edəcəyim transferləri nəzərə alsaq, hamı komandadan nəticə istəyir. Bu da başa düşüləndir. Ardıcıl qələbələrdən sonra hər kəs daha yaxşı nəticə olacağına inanır. Lakin əvvəldə buraxılan səhvlər özünü biruzə verdi. Yarımfinalda “Qəbələ” ilə düşməyimizə gəlincə, bu komandanın son illərdə əldə etdiyi nəticələri göz önünə alırlar. Ona görə də finala bərabər oyun olduğunu düşünürlər. Ancaq “Sumqayıt” “Qarabağ”ı məğlub edibsə, demək, onlar da sözlərini deməyə başlayıblar. Həmçinin “Keşlə”də də dəyişikliklər var. Yeni baş məşqçi gətirirlər. Rəqiblər güclənir. Heç bir komandanı siyahıdan silmək olmaz. Kimlərsə “Neftçi” – “Qəbələ” duelini erkən final saya bilər. Amma finalın öz vaxtı var. Əvvəlcə finala yüksələk, sonrasına baxarıq.

- Bu gün üçün komandadan gedəcəyi dəqiqləşən futbolçular hansılardır?

- Yerlilərdən Tərzin Cahangirovla Məqsəd İsayevdir. Fəhmin Muradbəyli ilə Rahil Məmmədovu icarəyə verəcəyik. Ehtiyat qapıçımız Maksim Vaylonu da I divizion klubları istəyirlər. Həmçinin göndəriləcək 3 əcnəbi futbolçu var. Pavel Dreksanın icarə müqaviləsinin müddəti başa çatıb. Mateo Mujek və Daniel Seqoviyanın da xidmətindən yararlanmaq istəmirəm. Uzun müddət ehtiyatda oturmaqdansa, başqa yerlərdə oynamaqları yaxşıdır. Futbol siyasətimə uyğun olmadıqları üçün özləri ilə də söhbət etdim. Dedim ki, ehtiyat oyunçular skamiyasında yanımda oturmağınız mənim üçün də narahatlıq yarada bilər, sizin üçün də. Rəhbərliyə demişəm ki, bu futbolçuların hamısı yola salınmalıdır.

- Qış fasiləsində heyətə neçə futbolçu cəlb etməyi düşünürsünüz?

- İlkin Qırtımovla danışıq aparırıq. Onun keçidi yanvarın 5-6-da rəsmiləşəcək. Başqa yerli futbolçu yoxdur. Hamısının müqaviləsi var. Üç əcnəbi götürmək istəyirik. Bu istiqamətdə axtarışlar gedir.

- Demişdiniz ki, yeni oyunçular hazırda heyətdə yer alanlardan güclü olacaqlar. Məsələn, Qırtımov hansı keyifiyyətlərinə görə üstündür?

- Gəlin, kimin kimdən üstün olması barədə danışmayaq. Bu, kimisə alçaltmaq və yüksəltməkdir. Qırtımovun mərdliyinə, döyüşkənliyinə, oyuna can-başla yanaşmasına və peşəkarlığına güvənirəm. Bu baxımdan, onu komandamda görmək istəyirəm.

- Lakin “Neftçi”nin bəzi azarkeşləri onun keçidinin əleyhinədirlər...

- Hərənin öz fikri var. Etiraz edən da olacaq, sevən də, tənqid edən də. Bu, işimizin ən gözəl tərəflərindən biridir. Hamısına hörmətlə yanaşıram. Mən işimi öz fikrimə uyğun qururam.

- “Qəbələ”nin qapıçısı Aqil Məmmədovla yarımmüdafiəçisi Elvin Məmmədovun və “Qarabağ”ın futbolçusu Rahid Əmirquliyevin adları “Neftçi” ilə yanaşı hallanır. Həmçinin Albaniya “Kukesi”sindən ayrılmaq istəyən Rauf Əliyev var...

- Rauf Əliyev gündəmimdə olmayıb. Bəli, Elvin və Rahidlə maraqlanmışıq, klubları buraxmayıb. Bəlkə, Raufu AZAL-da işləyəndə istəyərdim. Lakin o, hazırda legioner həyatı yaşayır. Buna sevinirəm. Eyni sözü Araz Abdullayevə şamil edirəm. Orada normal çıxış etdikləri vaxtda niyə bura qaytarmalıyam? Başqa maraqlandıqlarımızın müqaviləsi var. Ona görə də yerli oyunçulara “stop” qoyulub.

- Bəs əcnəbilər hansı ölkələrdəndir?

- Haradan olacaqları dəqiq bilinmir. Siyahıda çoxlu ad var. Yaxşılardan yaxşısını seçməyə çalışırıq. Komandanın oyununu gücləndirəcək, liderlərə qarşı daha yaxşı futbol sərgilməyə kömək edə biləcəklərini axtarırıq. 

Son xəbərlər

Orphus sistemi