Tərlan Əhmədov: "1:8 hesabı ilə uduzduğumuz oyundakı səhvlərimdən nəticə çıxardım"

Tərlan Əhmədov: "1:8 hesabı ilə uduzduğumuz oyundakı səhvlərimdən nəticə çıxardım" "Tək bir matç heç nəyi həll etməyəcək. Qarşıda 13 oyunumuz var"
Futbol
11 Fevral , 2018 22:33
Tərlan Əhmədov: 1:8 hesabı ilə uduzduğumuz oyundakı səhvlərimdən nəticə çıxardım

Bakı. 11 fevral. REPORT.AZ/ "Məqsədimiz qələbə qazanmaq idi, buna da nail olduq. Bir neçə qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Ancaq futbolçuları göstərdikləri oyuna görə təbrik edirəm".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Kəpəz"i 1:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

Artıq neçənci dəfədir ki, Mirabdulla Abbasov oyuna sonradan çıxsa da, komandaya qələbə qazandırır. Onun start heyətində meydana çıxmamasına səbəb nədir?

- Bunu əvvəl də demişdim. Mirabdulla 20-25 dəqiqə mübarizə apara bilir. “Zirə” ilə oyunda da qol vurduqdan sonra meydanda görünmədi. Onun potensialı çox böyükdür. Ancaq 90 dəqiqə oynamağa hazır deyil. Sonradan meydana çıxanda isə komandaya xeyri dəyir. Bu gün də onu sonradan meydana buraxdım və komandaya qələbə qazandırdı. Ümumiyyətlə, bizim hücum xəttində ciddi problemlərimiz var.

Aqil Məmmədov qışda komandaya cəlb edilsə də, qısa müddət sonra komandadan ayrıldı...

- Bu sualın cavabında onu deyə bilərəm ki, mən komandada heç kimə əsas heyətdə yer söz vermirəm.

Qış fasiləsində bir çox tənqidlərə məruz qaldınız. Demək olarmı ki, bugünkü qələbə ilə bu tənqidlərə cavab verdiniz?

- Mənim şəxsi həyatıma qarışmağa heç kimin haqqı yoxdur. İşimə qiymət versinlər. Bu gün uduzsaq, məni tənqid etsələr, razıyam. “OİK-Xabarovsk”a 1:8 hesabı ilə uduzanda, tənqid olundum. Buna heç nə demirəm. Həmin oyundakı səhvlərimdən nəticə çıxardım. Bugünkü oyundan çox razı qaldım. Bir də deyirəm, heç kimin mənim şəxsi həyatıma qarışmağa haqqı yoxdur.

Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız...

- Artıq bu oyunu yaddan çıxarıb, “Sumqayıt”la oyuna köklənməliyik. Tək bu matç heç nəyi həll etməyəcək. Qarşıda 13 oyunumuz var. Hər bir oyun önəmlidir. Mən bu komandanı qəbul edəndə, cəmi bir xalımız var idi. Ancaq indi bir xeyli irəliləmişik. Sumqayıtda süni örtükdə oynayacağıq. Bu,çətinlik yarada bilər.

Bir neçə gün öncə “Forza Neftçi” fan-klubunun 9 yaşı tamam oldu. Bu qələbəni onlara həsr etdiyinizi demək olar?

- Əlbəttə, bu, onların qələbəsidir. Əvvəlcədən də demişdim ki, çalışacağıq, bu gün onları qələbə ilə sevindirək.

Hakimin idarəçiliyindən razı qaldınız?

- Səhvsiz insan yoxdur. Sadəcə, mən istəyirəm ki, hakim meydanda çox fit çalmasın. Belə olanda, oyunun tempi aşağı düşür. Buna görə, bəzən olur ki, hakimlərə sərt etiraz edirəm. Ancaq hakimləri də başa düşmək olar. Hamı öz işini görür.

Son xəbərlər

Orphus sistemi