Təmkin Xəlilzadə: "Qriqorçukun məni oynatmaması özümə də çox maraqlı qaldı" - MÜSAHİBƏ

Təmkin Xəlilzadə: "Qriqorçukun məni oynatmaması özümə də çox maraqlı qaldı" - MÜSAHİBƏ "Təki "Zirə"yə qol vurum, sevinməyə meydanda qərar verərəm"
Futbol
6 Aprel , 2018 16:11
Təmkin Xəlilzadə: Qriqorçukun məni oynatmaması özümə də çox maraqlı qaldı - MÜSAHİBƏ

Bakı. 6 aprel. REPORT.AZ/ "Qəbələ" klubunun və Azərbaycan milli komandasının futbolçusu Təmkin Xəlilzadənin "Report"a müsahibəsi

- "Sumqayıt"la Azərbaycan Premyer Liqasının ötən turunda "Sumqayıt" üzərində qələbəni oyunun sonlarında əldən verdiniz. Bunu nə ilə əlaqələndirərdiniz?

- Bu, çempionatın ən çətin oyunlarından biri idi. Son vaxtlar bütün matçlarımız ağır keçir. "Sumqayıt" isə çox yaxşı formadadır. Qış fasiləsindən sonra heç bir komanda onların biləyini bükə bilməyib. Biz bu oyuna da çox yaxşı hazırlaşmış, meydana 3 xal üçün çıxmışdıq. İstədiyimiz qolu da vurduq. Qarşılaşma, demək olar ki, bizim üstünlüyümüz şəraitində keçdi. Son dəqiqələrdə ani diqqətsizliyə görə qapımızda qol gördük. Lakin matçın sonlarında çox məyus olduq. Bu, neçənci oyundur ki, öndə olduğumuz halda, meydandan qələbə ilə ayrıla bilmirik.

- Bu matçda sonadək ehtiyatda qaldınız. Baş məşqçi Roman Qriqorçuk sənə niyə şans vermədi?

- Bu sual mənə çox ünvanlanıb. Futbolçuyam, hər zaman məşq edir, öz üzərimdə daha çox işləyirəm. Qərarları isə son anda baş məşqçi verir. Heyətdə digər futbolçular da var. Baş məşqçi isə hər oyunda 14 nəfərdən istifadə edə bilər. "Qəbələ"yə transfer olunandan sonra ilk dəfə meydana çıxmadım. Bu hal mənim özümə də çox maraqlı qaldı. Düşünürəm ki, vəziyyət növbəti oyunlarda düzələcək.

- Baş məşqçi formandan uzaq olduğunu düşünür?

- İnanmıram ki, o, elə bir şey düşünsün. Məşqlərdə mənə öz razılığını bildirir. Çalışmalarım da normal keçir. Bəlkə də taktiki gedişə görə mənə şans vermədi. Həmin matçda müdafiəçimiz Vitali Vernidub zədələndi. Komanda pis vəziyyətdə qaldı. Bəlkə də Qriqorçukun başqa planları var idi.

- "Qəbələ" son vaxtlar stabil çıxış edə bilmir. Uğursuzluğun səbəbini nədə görürsünüz? 

- Komanda qış fasiləsindən sonra öz oyununu tapa bilmir. Oyun sarıdan problem görmürəm. Yaxşı nəticə əldə edə bilmirik. "Qəbələ"nin oyununda ciddi problemlər yoxdur. Komandanı nəticə olmadığına görə hamı tənqid edir. İstədiyimiz nəticələri hələ ki, qazana bilmirik. Əlimizi-qolumuzu yanımıza sallamamışıq. Qarşıda bizi sıx qrafik gözləyir. Kubok və çempionat oyunları çox gərgin keçəcək. Növbəti matçlara çox ciddi hazırlaşırıq.

- Növbəti turda sabiq klubunuza qarşı oynayacaqsınız. Nəzərə alaq ki, "Sumqayıt" və "Zirə" ilə xal fərqiniz çox deyil. Bu görüşdə nəyə ümid edirsiniz?

- Bu turdakı oyun da gərgin keçəcək, "Sumqayıt"la matçdan geri qalmayacaq. "Zirə" ilə görüş bəlkə ondan da çətin oldu. "Zirə" öz meydanında çox yaxşı çıxış edir. Səfər matçından qələbə ilə ayrılmağa çalışacağıq.

- Karyeranızın ən yaxşı dövrünü keçirdiyiniz "Zirə" ilə qarşılaşma sizin üçün nə deməkdir? 

- Bu komandaya qarşı oynamağımda qeyri-adi bir şey yoxdur. Digər matçlara necə hazırlaşıramsa, bu oyuna da elə yanaşıram. "Zirə" və digər komandaların heç bir fərqi yoxdur. Bütün rəqiblər eynidir. O komandada çıxış etmiş, o azarkeşlərin qarşısında oynamışam. Həmin meydan mənim üçün doğmadır. Amma onlar artıq mənə rəqibdirlər. Şans verilsə, "Qəbələ"nin futbolçusu kimi meydana çıxacağam və komandam üçün əlimdən gələni edəcəyəm. 

- Bu qarşılaşmada fərqlənsəniz, qolu xüsusi qeyd edəcəksiniz? 

- Xeyr, yəqin ki, sevinmərəm. Həmin meydanda o qolu qeyd etməyim düz olmaz. "Zirə"nin mənim üçün əməyi az olmayıb. Əsas qol vurmaqdır. Təki qol vurum, sevinməyə meydanda qərar verərəm (gülür - T.Q.)

- "Qəbələ"yə keçidiniz səs-küyə səbəb oldu. Amma demək olar ki, Qriqorçuk sizə oynamaq üçün az şans verir. "Zirə"dən ayrıldığınız üçün peşman deyilsiniz?

- Xeyr. Belə peşmançılıqdan söhbət gedə bilməz. Həyatda atdığım addımlardan heç vaxt peşman olmuram, bu qərara görə də olmayacağam. Qərarı özüm vermişəm. Hər şeydən razıyam. İstər-istəməz oyuna az çıxmağım hamıdan çox özümə təsir edir. Mən də bu haqda fikirləşirəm ki, niyə oynamıram? Düzü, oynamamağım məni narahat edir. Amma düşünürəm ki, bu problem zamanla həll olunacaq.

- Millinin son toplanışına da dəvət almadınız. Stabil oynamamağınız buna təsir etdimi?

- Milli komanda haqda danışmaq istəmirəm. Bu, elə mövzudur ki, hər hansı fikir bildirsəm, yaxşı çıxmaz. Mən də son vaxtlar milliyə dəvət alırdım. Axırıncı toplanışdan isə kənarda qaldım. Baş məşqçi Qurban Qurbanovun da öz planları var. Bəzi futbolçuları yoxlamaq və kimin nəyə qadir olduğunu görmək istəyir. Ola bilsin, ona görə mənə dəvət gəlməyib. Dəvət alsam, milli komanda üçün əlimdən gələni etməyə hazıram. Yığma komandadan hər zaman dəvət gözləyirəm.

- Qriqorçukun rəhbərliyi altında azərbaycanlı futbolçular çox da şans əldə edə bilmir. Təbii ki, bəzi istisnalar var. Necə düşünürsünüz: Qalan 7 turda komandanın əsas heyət üzvünə çevrilə biləcəksiniz?

- Baş məşqçi ilə heç bir problemim yoxdur. Belə halların heç biri mənim gözümü qorxutmur. Sadəcə, özümə güvənirəm. Potensialımı da bilirəm. "Qəbələ"nin əsas və aparıcı futbolçusu olacağam.  

Son xəbərlər

Orphus sistemi