Bakı. 15 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu başa çatıb.
"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Keşlə"ni qəbul edən "Sumqayıt" qələbəyə nail olub - 2:1.
İlk yarıda qapılara qol vurulmayıb. Hər 3 qol üçüncü hissədə qeydə alınıb. 58-ci dəqiqədə meydan sahiblərindən Bəhlul Mustafazadə hesabı açıb. Bundan 10 dəqiqə sonra Məqsəd İsayev bərabərlik qolunu vurub. Lakin 81-ci dəqiqədə İsayev ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Say üstünlüyündən yararlanan Samir Abasovun yetirmələri cəmi 2 dəqiqə sonra qələbə topuna imza atıblar. Bu dəfə Ehtiram Şahverdiyev fərqlənib. Həm Mustafazadə, həm də Şahverdiyev "Qəbələ"dən icarəyə götürülmüş futbolçulardır.
Bu qələbə sayəsində xallarını 39-a çatdıran "Sumqayıt" 3-cü pillədə möhkəmlənib. "Keşlə" isə 17 xalla 7-ci pillədə qalıb.














