“Sumqayıt” “Keşlə”yə, “Qarabağ” “Sabah”a qarşı - AFİŞA

“Sumqayıt” “Keşlə”yə, “Qarabağ” “Sabah”a qarşı - AFİŞA Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.
Futbol
29 Fevral , 2020 07:25
“Sumqayıt” “Keşlə”yə, “Qarabağ” “Sabah”a qarşı - AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı təmsilçisi “Kapital Bank Arena”da “Keşlə”ni qəbul edəcək. Hazırda “Sumqayıt” 22 xalla 4-cü, paytaxt klubu isə 29 xalla 3-cü pillədə qərarlaşıb.

Komandalar arasında birinci dövrədə bu stadionda keçirilmiş görüşdə hesab açılmayıb. İkinci dövrədə Bakıda oynanılan qarşılaşmada isə Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv qələbə qazanıb – 2:1.

İndiyədək iki klub 30 dəfə üz-üzə gəlib. Bunların 7-də “Sumqayıt” qələbə qazanıbsa, “Keşlə" 15 dəfə meydanı 3 xalla tərk edib. 8 qarşılaşma isə heç-heçə bitib. Son 4 matçda meydan sahibi uduzmur. “Sumqayıt” axırıncı 6 ev oyununda yalnız 1 dəfə məğlub olub. Topların fərqində “Keşlə”nin aşkar üstünlüyü var - 46:29.

Günün digər matçında lider “Qarabağ” mərkəzi arenada "Sabah"ı qəbul edəcək. Ağdam klubu 41 xalla turnir cədvəlinə başçılıq edir. Masazır təmsilçisi isə 20 xalla 6-cı sıradadır. “Köhlən atlar” hər iki dövrədə rəqibinə qalib gəlib - 2:0, 1:0.

Rəqiblər Premyer Liqada 6 dəfə üz-üzə gəliblər. 4 oyunda “Qarabağ” qələbə qazanıb, 2 görüş isə heç-heçə yekunlaşıb. Topların fərqində də ağdamlılar öndədir - 10:2. “Qarabağ” indiyədək meydanı qolsuz tərk etməyib. Qurban Qurbanovun başçılıq etdiyi kollektiv son 3 qarşılaşmada quru hesabla qalib gəlib.

Azərbaycan Premyer Liqası, XIX tur

29 fevral (şənbə)

16:00. “Sumqayıt” – “Keşlə”

Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Allahverdiyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Kapital Bank Arena”

18:00. “Qarabağ” – “Sabah”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Fərid Hacıyev

Hakim-inspektor: Fariz Yusifov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, XIX tura martın 1-də keçiriləcək "Zirə" - "Qəbələ" və “Neftçi” – “Səbail” matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi